top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

FRANSA PARLAMENTİ

QULAMHÜSEYNƏLİYEV
Azərbaycan Respublikası Milli Məclisinin üzvü

Mənbə: "Məşvərət", N22, 1999


1. Quruluşu və seçilmə qaydası

Fransa parlamenti 2 palatadan - Milli Məclis və Senatdan ibarətdir. Milli Məclis ümumi və birbaşa seçki hüququ əsasında gizli səsvermə ilə 5 il müddətinə seçilən 579 deputatdan ibarətdir. Deputatların 557-si bilavasitə Fransadan, 22-si icə Fransanın keçmiş müstəmləkəsi olub "dənizarxası ərazilər" adlanan yerlərdən seçilir. Seçkilər birmandatlı seçki dairələri üzrə majoritar seçki sistemi əsasında 2 dövrədə keçirilir. Seçki dairələrinin sərhədləri əhalinin ümümi siyahıyaalınmasından sonra demoqrafik dəyişikliklər nəzərə alınmaqla dəqiqləşdirilir.

23 yaşa çatmış fəal seçki hüququna malik hər bir Fransa vətəndaşı öz namizədliyini irəli sürə bilər. Namizəd olmaq istəyən şəxs seçkilərə azı 21 gün qalmış uyğun seçki dairəsinin aid olduğu departamentdə (inzibati ərazi vahidi) mərkəzi hakimiyyətin təmsilçisi olan prefektə 2 nüsxədə yazılı ərizə verməlidir. Ərizədə namizəd olmaq istəyən şəxsin adı, soyadı, doğum tarixi və yeri, peşəsi, yaşayış yeri göstərilməlidir.

Bir çox ölkələrdən fərqli olaraq Fransada deputatın müavini də olur. Deputat seçilmiş şəxs vəfat etdikdə və bir sıra digər hallarda müavin deputat mandatı əldə edir. Buna görə də namizəd olmaq istəyən şəxs özünə müavin seçdiyi şəxs barədəki məlumatları da ərizədə göstərməlidir. Hər şəxs yalnız bir seçki dairəsində namizəd ola bilər. Uyğun seçki dairəsində qeydə alınmış seçicilərin dörddə birindən az olmamaq şərti ilə səsvermədə iştirak edənlərin mütləq, yəni yarıdan çoxunun səsini toplayan namizəd seçilmiş hesab olunur. Əgər namizədlərdən heç biri verilmiş səslərin mütləq çoxunu toplamayıbsa 1 həftə sonra səsvermənin 2- ci dövrəsi keçirilir. İkinci dövrədə həmin dairə üzrə seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayının 12,5%-dən çoxunun səsini toplayan namizədlərin hamısı iştirak edir. Bu miqdarda səs toplayan namizəd tək olduqda, yaxud heç olmadıqda daha çox səs toplayan 2 namizəd səsvermənin 2-ci dövrəsinə buraxılır. 2-ci dövrədə səsvermədə iştirak edən seçicilərin nisbi səs çoxluğunu toplayan namizəd seçilmiş sayılır. Namizədlər eyni miqdarda səs topladıqda daha yaşlı namizəd deputat mandatı əldə edir.

Səlahiyyət müddəti başa çatmamış deputat vəfat edərsə, yaxud deputat mandatı ilə bir araya sığmayan vəzifəyə təyin edilərsə onun müavini deputat olur. Seçkilərin nəticələrinin ləğv edilməsi və ya hər hansı başqa səbəb nəticəsində deputat yeri boş qalarsa 3 ay müddətinə ara seçkilər keçirilir. Milli Məclisin səlahiyyət müddətinin bitməsinə bir ildən az vaxt qalanda ara seçkilər keçirilmir.

Senat departamentləri təmsil edən orqan olub 321 üzvdən ibarətdir. Departamentlərin təmsilçilik norması onlarınəhalisinin sayından asılıdır. Senator seçilmək üçün 35 yaşa çatmaq tələb olunur. Senatorların səlahiyyət müddəti 9 ildir. Hər 3 ildən bir Senatın tərkibinin üçdən bir hissəsi yenidən seçilir. Senatorlar qarışıq seçki sistemi əsasında departamentlər üzrə seçki kollegiyası adlanan xüsusi qurum tərəfindən seçilir. Seçki kollegiyasının tərkibinə aşağıdakılar daxildir: Milli Məclisə həmin departamentdən seçilmiş deputatlar; həmin departamentin aid olduğu bölgənin özünüidarə orqanına uyğun departamentdən seçilmiş bölgə müşavirləri; həmin departamentin özünün idarə orqanının üzvləri (baş müşavirlər); həmin departamentin tərkibində olan kommunaların bələdiyyə şuralarının nümayəndələri. Bələdiyyə şurası nümayyəndələrinin sayı həmin kommunanın əhalisinin sayından və bələdiyyə şurası üzvlərinin sayından asılıdır.

Beş və daha artıq senator seçilən departamentlərdə seçkilər proporsional təmsilçilik əsasında keçirilir. Hal- hazırda 13 departamentdə 69 senator bu üsulla seçilir. Qalan departamentlərdə seçkilər mütləq çoxluqlu majoritar seçki sistemi əsasında iki dövrədə (Milli Məclis deputatlarının seçkilərində olduğu kimi) keçirilir. Senatorlarla birlikdə onların müavinləri də seçilir.

Proporsional seçki sistemi əsasında seçilmiş senatorun səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə siyahıda səsvermənin nəticələrinə görə sonrakı yeri tutan namizəd senator olur. Majoritar seçki sistemi əsasında seçilmiş senatorun səlahiyyətinə vaxtından əvvəl xitam verildikdə, bunun səbəbindən asılı olaraq boş yerlər Milli Məclisdə olduğu kimi tutulur.

Milli Məclisi Fransa prezidenti vaxtından əvvəl buraxa bilər. Bunun üçün prezident əvvəlcə baş nazirlə və hər iki palatanın sədri ilə məsləhətləşməlidir. Milli Məclis buraxıldıqdan sonra yeni parlament seçkilərindən bir il keçməmişsə, yaxud ölkədə fövqəladə vəziyyət tətbiq olunmuşsa və ya prezidentin səlahiyyətlərini senatın sədri, yaxud baş nazir həyata keçirirsə Milli Məclis buraxıla bilməz.

Senat heç bir halda buraxıla bilməz.

2. Səlahiyyəti

Digər ölkələrin parlamentləri kimi Fransa parlamenti də qanunvericilik, iqtisadiyyat, nəzarət, xarici siyasət, məhkəmə və başqa sahələrdə səlahiyyətlərə malikdir.

Qanunvericilik sahəsində Fransa parlamenti aşağıdakı qanunları qəbul edə bilər:

  • konstitusiya qanunları;

  • üzvi qanunlar;

  • adi qanunlar.

Konstitusiya qanunları konstitusiyanın mətnində dəyişiklik edir. Belə qanunların təşəbbüsçüsü yalnız prezident ola bilər. Prezident bu məqsədlə hər iki palatanın xüsusi birgə iclasını - Konres çağıra bilər.

Üzvi qanunlar bilavasitə Konstitusiyada nəzərdə tutulan məsələlər üzrə qəbul edilir. Məsələn, Konstitusiyanın 25-ci maddəsinə əsasən parlamentin hər iki palatasının səlahiyyət müddəti, üzvlərinin sayı, seçilmə şərtləri üzvi qanunla müəyyən olunmalıdır.

Adi qanunlar sahəsində parlamentin səlahiyyətləri mütləq müəyyən və məhdud xarakter daşıyır. Parlamentin, barəsində qanunlar qəbul edə biləcəyi məsələlərin dairəsi Konstitusiya ilə qəti şəkildə müəyyən olunmuşdur.

Parlament bir sıra məsələlər üzrə qaydalar müəyyən edən qəti qanunlar qəbul edir. Məsələn, vətəndaş hüquqları və azadlıqları, vətəndaşlıq, şəxslərin hüquq qabiliyyəti, ailə münasibətləri, vərəsəlik, cinayət və cəza, cinayət mühakimə icraatı, vergilər, parlamentin hər iki palatasına və yerli özünüidarə orqanlarına seçkilərin qaydaları, mülki və hərbi qulluqçulara verilən əsas təminatlar, müəssisələrin milliləşdirilməsi və dövlət müəssisələrinin xüsusi bölməyə verilməsi, həmçinin bir sıra digər məsələlər üzrə qəti qanunlar qəbul edilir. İcra hakimiyyəti bu məsələlər üzrə normativ aktlar qəbul edə bilməz.

Bir sıra məsələlər üzrə isə parlament yalnız əsas prinsipləri müəyyənləşdirən qanunlar qəbul edə bilər. Məsələn, milli müdafiənin ümumi təşkili, təhsil, mülkiyyət rejimi, əşya hüquqları, mülki və ticarət öhdəlikləri, əmək hüququ, həmkarlar ittifaqı hüququ və sosial təminat məsələləri üzrə parlament yalnız ümumi prinsipləri müəyyənləşdirə bilər. Bu sahələrdə müfəssəl tənzimləmə icra hakimiyyəti tərəfindən həyata keçirilir.

İqtisadiyyat sahəsindəki səlahiyyətlərini də Fransa parlamenti əsasən qanunlar qəbul etməklə həyata keçirir. Belə ki, arlament dövlətin gəlirlərini və xərclərini müəyyənləşdirən maliyyə qanunları, büdcənin icrası haqqında qanunlar, dövlətin iqtisadi və sosial fəaliyyətini müəyyən edən proqram-qanunlar qəbul edir.

Hökumətin konkret proqramı olduqda parlament müəyyən məsələlər üzrə qanunvericilik səlahiyyətlərini müvəqqəti olaraq hökumətə verə bilər. Bu qayda müvəkkil edilmiş qanunvericilik adlanır.

Fransa parlamentinin nəzarət səlahiyyətləri başlıca olaraq hökumətin fəaliyyətini əhatə edir. Parlametin nəzarət səlahiyyətləri şərti olaraq 2 qrupa ayrılır: hökumətin siyasi məsuliyyətinə səbəb ola bilən və belə məsuliyyətə səbəb olmayan səlahiyyətlər.

Parlamentin hökumət üçün siyasi məsuliyyət və uyğun sanksiya doğura biləcək nəzarət səlahiyyətlərinə etimad haqqında məsələ üzrə səsvermə keçirilməsi və məzəmmət qətnaməsinin çıxarılması aiddir. Lakin hər iki səlahiyyətin həyata keçirilməsi xeyli məhduddur. Hər şeydən əvvəl, bu səlahiyyətlərə parlamentin yalnız bir palatası - Milli Məclis malikdir. Digər tərəfdən, hökumətə etimad göstərilməsi haqqında məsələ yalnız hökumətin öz tələbi ilə müzakirə oluna bilər. Deputatların etimad haqqında məsələ qaldırmaq hüququ yoxdur. hökumət iki halda etimad haqqında məsələni Milli Məclisdə qaldıra bilər:

  • hökumətin proqramına və ya ümumi siyasətinə dair bəyannamə üzrə;

  • konkret qanun layihəsi üzrə.

Birinci halda hökumətin proqramı və ya ümumi siyasəti müzakirə olunduqdan sonra etimad göstərilməsi haqqında məsələ səsə qoyulur. İkinci halda məsələ başqa qaydada həll edilir. Belə ki, konkret qanun layihəsi üzrə etimad haqqında məsələ qaldırıldıqda 24 saat müddətində məzəmmət qətnaməsi irəli sürülüb qəbul edilməzsə, hökumət etimad qazanmış və həmin qanun layihəsi qəbul olunmuş sayılır.

Məzəmmət qətnaməsi isə Milli Məclis deputatlarının azı onda birinin imzası ilə təklif edilə və daxil olduğu vaxtdan 48 saat sonra səsə qoyula bilər. Milli Məclis deputatlarının ümumi sayının yarıdan çoxu lehinə səs verdikdə məzəmmət qətnaməsi qəbul edilmiş sayılır. Əks halda onun müəllifləri həmin sessiya müddətində yeni məzəmmət qətnaməsi layihəsi təklif edə bilməzlər.

Etimad göstərilməkdən imtina edilməsi və ya barəsində məzəmmət qətnaməsinin çıxarılması hökumətin siyasi məsuliyyətinə səbəb olur və onun istefası ilə nəticələnir.

Hökumətin siyasi məsuliyyətinə səbəb olmayan nəzarət səlahiyyətlərinə parlamentin hər 2 palatası malikdir. Buraya hökumət üzvlərinə yazılı və ya şifahi suallarla müraciət etmək, təhqiqat və nəzarət komissiyaları yaratmaq aiddir.

Fransa parlamentinin məhkəmə səlahiyyətlərinə ali vəzifəli şəxslərin işinə baxmaq üçün xüsusi məhkəmələr yaratmaq aiddir. Belə ki, parlament dövlətə xəyanətdə prezidentə qarşı ittiham irəli sürə bilər və bu işə baxmaq üçün Yüksək Ədalət Palatası yarada bilər. Bundan başqa, parlament öz funksiyalarını həyata keçirərkən cinayət etmiş hökumət üzvlərinin məsələsinə baxmaq üçün Respublika Məhkəməsi yaradır.

Xarici siyasət sahəsində parlamentin səlahiyyətlərinə beynəlxalq müqavilələri təsdiq etmək, müharibə elan etmək və mühasirə vəziyyəti tətbiq etmək aiddir.

3. Parlament üzvlərinin hüquqi statusu

Fransa parlamentinin üzvləri sərbəst mandata malikdir. Konstitusiyaya görə, hər cür imperativ mandat etibarsızdır. Parlament üzvləri bütün millətin təmsilçiləri sayılır. Parlament üzvlərinin geri çağırılması nəzərdə tutulmamışdır.

Parlament üzvləri başqa dövlət vəzifəsi tuta bilməzlər. Onlar yalnız yerli özünüidarə orqanlarına seçilə bilərlər.Ayrı-ayrı hallarda hökumət 6 aydan çox olmayan müddətə müəyyən icra səlahiyyətlərinin həyata keçirilməsini həvalə edə bilər.

Dinc dövrlərdə parlament üzvləri hərbi qulluqdan azaddırlar. Müharibə dövründə və ya müharibə təhlükəsi olduqda onlar səfərbərliyə alına, yaxud hərbi qulluq haqqında müqavilə bağlaya bilərlər. Bu hallarda parlament üzvü mandatı saxlanılır. Hərbi şücaət və ya ona bərabər tutulan hallar istisna olunmaqla parlament üzvləri dövlət təltifləri və fərqlənmə dərəcələri ilə təltif edilə bilməzlər.

Parlament üzvləri toxunulmazlıq hüququna malikdir. Belə ki, parlament üzvləri cinayət başında yaxalanma halları çıxılmaqla, tərkibində olduğu palatanın bürosunun razılığı olmadan həbs edilə bilməz, ona azadlıqdan məhrumetmə və yə azadlığın məhdudlaşdırılması ilə bağlı başqa tədbirlər tətbiq edilə bilməz. Uyğun palata parlament üzvləri barəsində cinayət təqibini, tutulmanı, azadlığın məhdudlaşdırılması ilə bağlı başqa tədbirlərin tətbiqini parlamentin sessiyası müddətində dayandıra bilər.

Parlament üzvləri öz funksiyalarını həyata keçirərkən söylədiyi fikrə və ya səsverməyə görə təqib oluna bilməz, axtarışa və həbsə məruz qala bilməz.

Parlament üzvləri siyasi mənsubiyyətindən asılı olaraq fraksiyalarda (siyasi qruplarda) birləşə bilərlər. Milli Məclisdə fraksiyalarda azı 20 deputat, Senatda isə azı 14 senator olmalıdır. Parlament üzvləri hər hansı siyasi qrupun tərkibinə bilavasitə daxil olmadan onun intizamını özü üçün məcburi hesab edə bilər. Bu halda həmin parlament üzvü uyğun siyasi qrupa qoşulmuş hesab olunur.

Fransa parlamentinin üzvləri yüksək maddi təminata malikdir. Parlament üzvləri ən yüksək və ən aşağı maaşlı dövlət məmurlarının vəzifə okladları arasında orta rəqəmə bərabər miqdarda maddi təminat alırlar. Onların maddi təminatı 2 hissədən ibarətdir: parlament üzvü kimi əməkhaqqı və parlamentin işində iştiraka görə əlavə haqq. Əlavə haqq əsas əməkhaqqının ?-inə bərabərdir. Parlamentin işində iştirak etməməyə görə əlavə əməkhaqqından tutulmalar ola bilər. Bütün gəlirlərin 55%-inə bərabər məbləğdə gəlir vergisi tutulur. Bundan başqa, parlament üzvlərinin əmək haqqından sosial sığortaya ayırmalar həyata keçirilir.

Parlament üzvləri seçkidən sonra iki ay müddətində uyğun palatanın bürosuna özünün əmlak vəziyyəti haqqında bəyannamə təqdim etməlidir. Deputat mandatı başa çatdıqda da yeni bəyannamələr təqdim olunmalıdır. Bu bəyannamələr «Siyasi həyatın maliyyə aşkarlığı üzrə komissiya» ya göndərilir. Hal-hazırda parlament üzvlərinin əmək haqqı ayda 31.000 frankdan çoxdur.

Parlament üzvləri şəxsi katiblik saxlaya bilərlər. Bunun üçün onlar büdcədən dotasiya ala bilərlər. Orta hesabla hər bir senatorun 3, deputatın isə 2 əməkdaşdan ibarət şəxsi katibliyi vardır.

Bundan başqa, parlamentin binasında hər bir parlament üzvünün iş kabineti vardır, onlar öz seçki dairələrində növbədənkənar və pulsuz telefon rabitəsindən, ölkə daxilində pulsuz və ya güzəştli tariflə nəqliyyatdan, Paris və onun ətrafında hərəkət etmək üçün uyğun palatanın avtomaşın xidmətindən istifadə edə bilərlər.


| 1 | 2 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft