top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

FRANSA PARLAMENTİ

QULAMHÜSEYNƏLİYEV
Azərbaycan Respublikası Milli Məclisinin üzvü

Mənbə: "Məşvərət", N22, 1999


4. Palataların daxili quruluşu

a) Palataların rəhbər orqanları

Parlamentin hər iki palatasının fəaliyyətinə ümumi rəhbərlik kollegial həyata keçirilir. Bu məqsədlə palatalarda b ü r o yaradılır. Büronun tərkibinə uyğun palatanın sədri, vitse-sədrləri, katiblər və kvestorlar daxildir.

Milli Məclisin sədrini çıxmaqla onun büro üzvləri hər sessiyanın əvvəlində 1 ilə, Senat bürosunun üzvləri isə həmin palatanın sədri də daxil olmaqla 3 ilə Senatın tərkibini qismən yeniləşdirən seçkilərdən sonrakı ilk iclaslardan birində seçilir. Büro üzvləri seçilərkən uyğun palatanın partiya tərkibi mümkün qədər nəzərə alınmalıdır. Əslində bu, sözün həqiqi mənasında seçki olmayıb, müxtəlif siyasi qrupların qarşılıqlı razılığından ibarətdir. Yəni, siyasi qrupların rəhbərləri yığışaraq öz aralarında büronun tərkibindəki müxtəlif vəzifələrə namizədlər barədə razılığa gəlir və vahid siyahı müəyyən edirlər ki, bu da həmin şəxslərin seçilməsi hesab olunur.

Büro uyğun palatanın iclaslarının və bütün xidmətinin təşkilinə rəhbərlik edir, palatanın Reqlamentinin yerinə yetirilməsini təmin edir, zəruri hallarda onu təfsir edir, xidməti heyətin təyin olunma şərtlərini müəyyən edir, parlament üzvlərinin həbsinə razılıq verir və s.

Milli Məclisin bürosu həmçinin Konstitusiya dəyişikliyinə baxılmaq üçün hər 2 palatanın birgə iclası - Konqres çağırıldıqda onun işinə rəhbərliyi həyata keçirir.

Parlamentin sessiyası dövründə hər 2 palatada həftəlik sədrlər konfransı keçirilir. Sədrlər Konfransının tərkibinə uyğun palatanın sədrləri, vitse-sədrlər, daimi komissiyaların sədrləri, siyasi qrupların rəhbərləri, hökumətin bir nümayəndəsi, Milli Məclisdən isə həmçinin maliyyə komissiyasının baş məruzəçisi daxildir. Parlamentin xüsusi komissiyaları yaradıldıqda onların sədrləri də konfransın işinə dəvət edilə bilər.

Sədrlər konfransının əsas funksiyası uyğun palatanın fəaliyyətinin təqvim qaydasını, iclasların gündəliyini və iş qaydasını müəyyən etməkdir. Lakin gündəliyin müəyyən olunmasında hökumətin təkliflərinin üstünlüyü nəzərə alınmalıdır. Bu mənada sədrlər konfransı, bir qayda olaraq, deputatların təkliflərini nəzərə almaqla əlavə gündəliyi və sual-cavab iclaslarının qaydasını müəyyən edir.

Parlamentin fəaliyyətinin təşkil olunmasında palataların sədrləri əhəmiyyətli rol oynayır. Fransanın rəsmi dövlət vəzifələri sistemində Senatın sədri Prezident və Baş-nazirdən sonra 3-cü, Milli Məclisin sədri isə 4-cü pilləni tutur.

Milli Məclis sədrinin səlahiyyət müddəti 5 il, Senat sədrinin isə 3 ildir.

Palataların sədrləri uyğun palatanın iclaslarını aparır, müraciət edənlərin çıxış ardıcıllığını müəyyən edir, palatanın kifayət qədər məlumatlı olmasını hesab etdikdə çıxış etmə vaxtını qısaldır, zəruri hallarda isə bu vaxtı uzadır, müzakirə olunan mətnin lehinə və əleyhinə azı 2 parlament üzvü çıxış etdikdən sonra müzakirələri dayandırır və s.

Bunlardan başqa, palataların sədrləri bir sıra müstəqil hakimiyyət səlahiyyətlərinə malikdir. Belə ki, palata sədrlərinin hər biri Konstitusiya Şurasının 3 üzvünü təyin edir, hər hansı qanunun və ya qanuna düzəlişin Konstitusiyaya uyğunluğunu yoxlamaq məqsədilə Konstitusiya Şurasına sorğu göndərir. Respublika prezidenti fövqəladə vəziyyət elan edərkən, həmçinin Milli Məclisin buraxılması haqqında qərar qəbul edərkən hökmən Milli Məclisin və Senatın sədrləri ilə məsləhətləşməlidir.

Milli Məclisin və Senatın sədri uyğun palatanın daxili və xarici təhlükəsizli yini təmin etmək üçün silahlı qüvvələri müstəqil dəvət etmək, digər hakimiyyət strukturlarına birbaşa müraciət etmək hüququna malikdir.

Palataların sədrləri uyğun palatanın yerləşdiyi sarayda - Milli Məclisin sədri Burbon sarayında və Senatın sədri Lüksemburq sarayında daimi iqamətgaha malikdir.

b) Komissiyalar

Fransa parlamentində daimi, xüsusi, istintaq və nəzarət komissiyaları yaradılır.

Parlamentin hər 2 palatasında 6 daimi komissiya yaradılır. Hər deputat və senator cəmi bir daimi komissiyanın üzvü ola bilər. Siyasi qruplar üzvlərinin sayına mütənasib olaraq daimi komissiyalarda təmsil olunurlar. Komissiya üzvləri faktik olaraq siyasi qruplar tərəfindən təyin olunur. Belə ki, siyasi qrupların büroları təmsilçilik normasına uyğun olaraq daimi komissiyaların tərkibinə öz namizədlərini müəyyən edir və uyğun palatanın elanlarında bu barədə məlumat verilir. Məlumat verildikdən sonra 1 saat müddətində palatanın 30 üzvü etiraz bildirməsə həmin namizədlər seçilmiş hesab olunur.Milli Məclisdə aşağıdakı daimi komissiyalar yaradlır:

- xarici işlər komissiyası,

- maliyyə, iqtisadiyyatın ümumi problemləri və plan komissiyası,

- milli müdafiə və silahlı qüvvələr komissiyası,

- konstitusiya qanunları, qanunvericilik və respublikanın ümumi iradəçiliyi komissiyası,

- mədəniyyət, ailə və sosial problemlər komissiyası,

- istehsal və mübadilə komissiyası.

Senatın daimi komissiyaları aşağıdakılardır:

- mədəniyyət komissiyası,

- iqtisadiyyat və plan komissiyası,

- xarici işlər, müdafiə və silahlı qüvvələr komissiyası,

- maliyyə, büdcəyə və millətin iqtisadi hesablarına nəzarət komissiyası,

- konstitusiya qanunları, qanunvericilik, ümumi səsvermə, reqlamentar hakimiyyətə aid işlər və ümumi idarəçilik komissiyası.

Daimi komissiyaların say tərkibi müxtəlifdir. Belə ki, Milli Məclisin mdəniyyət, ailə və sosial problemlər, habelə istehsal və mübadilə komissiyalarının hər birinin üzvləri Milli Məclisin ümumi tərkibinin 2/8, qalan komissiyalarda isə 1/8 hissəsinə bərabərdir. Senatda isə komissiyaların tərkibi 40-80 senatordan ibarətdir.

Daimi komissiyaların işinə onların büroları rəhbərlik edir. Büronun tərkibinə uyğun daimi komissiyanın sədri, vitse sədrlər və katiblər daxildir. Milli Məclisin daimi komissiyalarında vitse-sədrlər və katiblərin sayı 3-dən az olmamaqla hər 30 komissiya üzvünə 1 nəfər nisbəti ilə müəyyən olunur. Senatın daimi komissiyalarında isə 4 vitse-sədr və 4 katib vardır.

Daimi komissiyaların əsas funksiyası qanunvericilik işi ilə əlaqədardır. Onlar parlamentin uyğun palatasının müzakirəsinə verilmiş qanun liyihələrini qabaqcadan müzakirə edir, həmin layihələri palatanın ümumi iclasına hazırlayırlar.

Daimi komissiyalar həmçinin hökumətin fəaliyyətinə nəzarət üzrə bəzi səlahiyyətlərə malikdir. Belə ki, daimi komissiyalar konkret icra hakimiyyəti orqanına aid olan qanun layihələrinə, xüsusən də maliyyə qanunları layihələrinə baxarkən uyğun palatanın sədri və baş nazir vasitəsilə ayrı-ayrı nazirləri komissiyanın iclasına dəvət edə və onları dinləyə bilər.

Daimi komissiyalar öz iclaslarını, bir qayda olaraq, parlamentin sessiyası dövründə hər həftənin çərşənbə günləri keçirir. Komissiya üzvləri hökmən onun iclaslarında iştirak etməlidir. Üzürsüz səbəbə görə komissiyanın 3-dən çox iclasında iştirak etməmək komissiya tərkibindən çıxarılmaqla nəticələnə bilər.İclaslar ictimaiyyət üçün açıq deyil.

Xüsusi komissiyalar konkret qanun layihəsinə baxmaq üçün hökumətin və uyğun palatanın təşəbbüsü ilə yaradıla bilər. Hökumət hər hansı qanun liyihəsinə dair xüsusi komissiya tələb etdikdə müzakirə açılmır və komissiya yaradılmır. Oxşar tələb üzvlərinin sayı uyğun palatanın ümumi tərkibinin yarıdan çoxunu təşkil edən siyasi qrupların rəhbərləri tərəfindən də irəli sürüldükdə məsələ eyni qaydada həll olunur. Uyğun palatanın azı 30 üzvünün və ya daimi komissiyalardan, yaxud da siyasi qruplardan birinin sədrinin xahişi ilə də xüsusi komissiya yaradıla bilər. Bu halda hökumət, daimi komissiyaların və siyasi qrupların heç birinin sədri xüsusi komissiyanın yaradılmasına etiraz etmədikdə qərar qəbul olunmuş sayılır. Hər hansı bir etiraz olduqda məsələ səsvermə yolu ilə həll olunur.

Xüsusi komissiyalar Milli Məclisdə 31 üzvdən (onların ən çoxu 15-i eyni daimi komissiyanın üzvü ola bilər), Senatda isə 24 üzvdən ibarət yaradılır. Müvafiq qanun layihəsi parlamentdə qəbul edildikdən sonra xüsusi komissiyanın səlahiyyətlərinə xitam verilir.

İstintaq komissiyası müəyyən faktlara dair məlumat toplamaq və bu barədə uyğun palata üçün rəy hazırlamaq məqsədilə yaradılır.

Həzarət komissiyası ayrı-ayrı hökumət xidmətlərinin və milliləşdirilmiş müəssisələrin inzibati, maliyyə və texniki idarəetmə məsələlərini yoxlamaq və nəticəsi barədə uyğun palatanı məlumatlandırmaq məqsədilə yaradılır. İstintaq və nəzarət komissiyaları müvəqqəti orqanlar olub ən çox 6 ay müddətinə fəaliyyət göstərə bilərlər.

Bir sıra hallarda parlamentin qarışıq paritet komissiyası yaradıla bilər. Bu komissiya parlamentdə baxılan qanun layihəsi 2 oxunuşdan (hökumətin təcili elan etdiyi layihələr isə 1 oxunuşdan) sonra qəbul edilmədikdə yalnız baş nazirin tələbi ilə yaradılır. Belə komissiyanın tərkibinə 7 deputat və 7 senator daxil olur. Komissiyanın əsas vəzifəsi hər 2 palata üçün qanun layihəsinin məqbul variantını hazırlamaqdır.

Bunlardan başqa parlamentin hər 2 palatasında Avropa Birliyinin işləri üzrə parlament nümayəndə heyəti yaradılır. Hümayəndə heyətinin əsas vəzifəsi Avropa institutlarının fəaliyyəti haqqında uyğun palatanı məlumatlandırmaqdır.

v) Fraksiyalar

Fransa parlamentinin hər 2 palatasında siyasi qruplar adlandırılan fraksiyalar yaradılır. Fraksiyalar yalnız siyasi məqsədlərlə yaradıla bilər. Hər bir deputat yalnız 1 fraksiyanın tərkibinə daxil ola bilər.

Fraksiyalar parlamentin uyğun palatasının bürosuna siyasi bəyannamə təqdim

etməklə yaradılmış hesab olunur. Bəyannamə fraksiyanın sədri göstərilməklə onun bütün üzvləri tərəfindən imzalanmalıdır.

Parlament fraksiyaları bir qayda olaraq uyğun palatanın bürosunda təmsil olunur. Hər bir fraksiya üzvlərinin sayına mütənasib olaraq daimi komissiyaların tərkibində yerlərə malikdir. Fraksiyanın sədri, vəzifəsinə görə sədrlər konfransının üzvü olur, gündəliyə əlavə məsələ salınmasını, açıq səsvermə keçirilməsini, xüsusi komissiya yaradılmasını tələb edə bilər.

Fraksiyanın fəaliyyətinə onun bürosu rəhbərlik edir. Büronun tərkibinə fraksiyanın sədri və vitse sədrlər daxildir.

Palataların iclas salonunda hər bir fraksiya üzvlərinin bir yerdə oturmaları üçün daimi yerlər ayrılır. Daimi yerlər fraksiya sədrləri ilə razılaşdırılmaqla palataların sədrləri tərəfindən müəyyən olunur. Palataların binasında hər bir fraksiyanın ayrıca qərargahı və texniki əməkdaşlardan ibarət katibliyi vardır.Katibliyin əməkdaşlarını fraksiyaların özləri müəyyən edir, lakin onlar uyğun palatanın büdcəsi hesabına əməkhaqqı alırlar.

Parlament fraksiyalarının iclasları, bir qayda olaraq, çərşənbə axşamları, günün 2-ci yarısında keçirilir.

5) Parlamentin iş qaydası

a) Sessiyalar

Fransa parlamentinin hər növbəti sessiyası oktyabr ayının ilk iş günü başlanır və iyun ayının sonuncu iş günü başa çatır. Bir növbəti sessiya müddətində palatalar ayrı-ayrılıqda 120 gündən çox iclas keçirə bilməzlər. Hər bir palata hansı həftələrdə iclas keçirəcəyini özü müəyyən edir. Lakin Baş nazir uyğun palatanın sədri və ya əksər üzvləri ilə məsləhətləşmələrdən sonra əlavə iclas günləri haqqında qərar qəbul edə bilər.

Hövbədənkənar sessiyalar konkret gündəlik layihəsi göstərilməklə Baş nazirin və ya Milli Məclis deputatlarının əksəriyyətinin tələbi ilə çağırıla bilər. Hövbədənkənar sessiyalar respublika Prezidentinin dekreti ilə açılır və bağlanır.

Müəyyən olunmuş gündəlikdəki məsələlərə baxıb qurtardıqdan sonra parlamentin növbədənkənar sessiyası bağlı elan olunur. Həm də Milli Məclis deputatdlarının tələbi ilə çağırılan növbədənkənar sessiyalar 12 gündən çox davam edə bilməz. Hövbədənkənar sessiya bağlandıqdan sonra baş nazir istənilən vaxt Milli Məclis deputatları ilə yalnız 1 ay keçdikdən sonra yeni növbədənkənar sessiya çağırılmasını tələb edə bilər.

Palataların iclasları açıq keçirilir. Bir sıra şəxslər istənilən zaman palataların iclslarında iştirak edə bilər. Bura parlamentdə akkreditə olunmuş jurnalistlər, sabiq parlament üzvləri, iqtisadi və sosial şuranın üzvləri, konstitusiya şurasının sədri, dövlət şurasının vitse sədrləri, prefektlər və s. aiddir.

Hər 2 palatanın iclas salonunda qonaqlar üçün xüsusi yerlər (qonaq tribunaları) ayrılmışdır. Arzu edən şəxslər həmin tribunalardan iclasın gedişini müşahidə edə bilərlər. Qonaqlar danışmamalı, müzakirələrin gedişini və çıxışları bəyənib-bəyənmədiklərini hər hansı formada ifadə etməməlidir. Əks halda onlar palatanın qaydanı təmin edən məmurları tərəfindən parlamentin binasından çıxarıla bilər.

Müzakirələrin gedişi stenoqrama alınır və tam şəkildə rəsmən dərc olunur. Mühüm parlament müzakirələri televiziya vasitəsi ilə translyasiya olunur.Palataların binalarında quraşdırılmış daxili televiziya sistemi vasitəsi ilə iclasların gedişi daim translyasiya olunur.

Hər bir palata Baş nazirin və ya öz üzvlərinin 1/10 hissəsinin təklifi ilə

“məxfi komitə” kimi qapalı iclas keçirilə bilər. Uyğun palatanın qəbul etdiyi qərara əsasən qapalı iclasların stenoqramları tam şəkildə və ya qismən dərc oluna bilər.

Pralamentin sessiyası müddətində palatalar çərşənbə axşamı, çərşənbə, cümə axşamı və cümə günləri öz iclaslarını keçirir. İclaslar, bir qayda olaraq, günün 2-ci yarısında başlayır və gecə yarısınadək, hökumətin tələbi və ya uyğun palatanın qərarı ilə gecə yarısından sonra da davam edə bilər.

İclasların gündəliyi əsasən hökumət tərəfindən müəyyən olunur. Belə ki, palatalar üstün qaydada hökumətin təklif etdiyi və bəyəndiyi qanun layihələrinin onun müəyyən etdiyi ardıcıllıqla müzakirə etməlidir. Ayda bir iclas palataların özlərinin müəyyən etdiyi məsələlərə baxmaq üçün nəzərdə tutulur. Belə iclasların gündəliyi və məsələlərin ardıcıllığı sədrlər konfransı tərəfindən müəyyən edilir. Hər iki palatada həftədə bir iclas (adətən cümə günləri) parlament üzvlərinin hökumətə suallar verməsi və həmin sualların cavablandırılması üçün nəzərdə tutulur (sual-cavab iclasları). Bundan başqa Milli Məclisdə hər həftənin çərşənbə günləri, Senatda isə ayda bir dəfə iclas vaxtının 2 saatı siyasi qrupların hökumətə sualları üçün ayrılır. Ayrılan vaxt fraksiyalar (siyasi qruplar) arasında üzvlərin sayına mütənasib olaraq bölünür. Belə iclaslar adətən televiziya ilə translyasiya olunur.

b) Müzakirələr və səsvermə

Fransa parlamentinin hər 2 palatasında müzakirələrin gedişi, bir qayda olaraq, qabaqcadan təşkil olunur. Müzakirələrin təşkili sədrlər konfransının səlahiyyətinə aiddir. Sədrlər konfransı nəzərdə tutulan gündəlik çərçivəsində hər bir məsələ üzrə ümumi müzakirələr üçün konkret vaxt ayırır və həmin vaxtı fraksiyalar arasında bölüşdürür.

Müzakirələr üçün fraksiyalara ayrılmış vaxt onun üzvləri arasında bölüşdürülür. Fraksiya rəhbərləri kimin, hansı ardıcıllıqla və nə qədər çıxış edəcəyini müəyyənləşdirir, onları çıxış edənlərin siyahısına daxil etmək üçün sədrə müraciət edir.

Bir sıra məsələlərin müzakirəsi qaydası palataların Reqlamenti ilə müəyyənləşdirilib. Belə ki, prosedur məsələləri üzrə hər hansı parlament üzvü təklif verdikdən sonra həmin təklifin əleyhinə onlardan, hökumətin nümayəndəsi və komissiyaların hərəsindən 1 nəfər çıxış edə bilər.

“Müzakirələrə səbəb olan şifahi sorğu-sual” isə aşağıdakı qaydada təşkil olunur: sədr sual vermək istəyən şəxsə öz fikirlərini əsaslandırmaq üçün vaxt ayırır (10 dəqiqədən 20 dəqiqəyə qədər). O çıxış etdikdən sonra sorğu-sualın aid olduğu nazirə söz verilir və həmin nazir qaldırılan məsələlərə öz münasibətini bildirir. Daha sonra müzakirələr başlayır və parlament üzvləri yazılma ardıcıllığı ilə hər biri 10 dəqiqə müddətinə qədər çıxış edir. Sual vermiş parlament üzvünün müzxakirələr zamanı üstün qaydada söz almaq hüququ vardır.

Bir sıra hallarda hökumət müzakirələri dayandırmaq üçün müəyyən prosedur üsullarından istifadə edə bilər. Məsələn, qanun layihələrinin müzakirəsi zamanı hökumət bütün mətn üzrə və ya hökumətin düzəlişləri nəzərə alınmaqla onun ayrı-ayrı hissələri üzrə vahid səsvermə keçirilməsini tələb edə bilər. Bu qayda “təcrid olunmuş səsvermə” adlanır. Hökumətin belə tələbi olduqda sədrlik edən müzakirələri dayandırır, yalnız səsvermə motivləri barədə çıxış etmək üçün hər fraksiyadan 1 nəfərə 5 dəqiqədən çox olmamaqla vaxt verir. Bundan başqa, qanun layihəsinə dair palatalarda 2 oxunuşdan sonra

(bəzi hallarda 1 oxunuşdan sonra) fikir müxtəlifliyi olarsa və hökumət qarışıq paritet komissiya yaradılmasını tələb etdikdə müzakirələr dayandırılır.

Fransa parlamentində səsvermənin bir neçə üsulu tətbiq olunur:

- əl qaldırmaqla səsvermə,

- ayağa qalxmaqla səsvermə,

- adi açıq səsvermə,

- tribunada açıq səsvermə,

- bülletenlər vasitəsilə gixzli səsvermə.

Bir qayda olaraq, fərdi təyinatlar istisna olmaqla müzakirə olunan məsələlər üzrə səsvermə əl qaldırmaqla keçirilir. Belə səsvermənin nəticələrinə şübhə yarandıqda ayağa qalxmaqla səsvermə keçirilir.

Əl qaldırmaqla və ayağa qalxmaqla səsvermənin nəticələri katiblər tərəfindən sayılır. Hər iki halda səsvermənin yalnız son nəticələri qeydə alınır. Bu səsvermələri bəzən “anonim” də adlandırırlar.

Adi açıq səsvermə palata sədrinin qərarı, hökumətin və ya hər hansı bir fraksiya sədrinin tələbi ilə, habelə ayağa qalxmaqla səsvermənin nəticələrinə şübhə olduqda keçirilir. Belə səsvermə elektron sistem vasitəsilə keçirilir və səsvermənin nəticələri adbaad qeydə alınır.

Tribunadan açıq səsvermə qərarının qəbul edilməsi üçün ixtisaslı səs çoxluğu tələb olunduğu hallarda və hökumətə etimad haqqında məsələyə baxıldıqda tətbiq olunur. Belə səsvermə elektron sistem və ya adlı bülletenlər vasitəsilə keçirilə bilər. Hər bir deputat palata katibinin çağırışı ilə tribunaya qalxır və orada quraşdırılmış elektron sistemin uyğun düyməsini basmaqla səs verir.

Elektron sistem hər hansı bir səbəbdən işləmədikdə müxtəlif rəngli adlı bülletenlərdən istifadə olunur. Ağ rəngli bülleten “lehinə”, mavi rəngli “əleyhinə” səsverməni, qırmızı rəngli isə bitərəfliyi bildirir. Deputat uyğun bülleteni tribunada qoyulmuş qutuya salmaqla səs verir.

Bülletenlər vasitəsilə gizli səsvermə fərdi təyinat və seçkilər zamanı tətbiq olunur. Adətən palata sədrlərinin seçkiləri, Yüksək Ədalət Palatası üzvlərinin təyini zamanı bu üsuldan istifadə olunur. Belə səsvermə iclas salonu ilə qonşu olan xüsusi otaqda keçirilir və bu zaman iclasın gedişi dayandırılmır.

Hər bir parlament üzvü şəxsən səs verməlidir. Bir sıra hallarda (xəstəlik, bədbəxt hadisə, parlamentin tapşırığı ilə beynəlxalq təşkilatların işində iştirak və s.) səsvermə hüququ lazımi qaydada rəsmiləşdirilməklə və palatanın sədri qabaqcadan xəbərdar edilməklə səsvermə hüququ başqa parlament üzvünə verilə bilər.

v) Qanunvericilik prosesi

Fransa parlamentində qanunvericilik təşəbbüsü hüququ hökumətə və parlament üzvlərinə məxsusdur. Hökumətin təqdim etdiyi layihələr “qanun layihələri”, deputatların və senatorların (fraksiyaların) təqdim etdikləri layihələr isə “qanunvercilik təklifləri” adlanır.

Layihələr (qanun layihələri və qanunvericilik təklifləri), maliyyə xarakterli olanları çıxmaqla, hər hansı palatanın bürosuna təqdim oluna bilər. Maliyyə xarakterli layihələr isə yalnız Milli Məclisin bürosuna təqdim oluna bilər.

Palatanın bürosu təqdim olunmuş layihələri sıra nömrəsi ilə qeydə alır. Deputatların və senatorların təqdim etdikləri layihələrin qəbul olunması nəticəsində dövlət gəlirləri azala, yaxud xərclər arta bilərsə belə layihələr qeyri-məqbul sayılır və qeydə alınmır.

Sədr palatanın iclasında daxil olmuş layihə barədə məlumat verir və mahiyyət üzrə baxılmaq üçün həmin layihə uyğun daimi komissiyaya göndərilir, yaxud xüsusi komissiya yaradılır. Digər komissiyalar isə həmin layihəyə münasibtdə rəy hazırlamaq hüququna malikdir.

Mahiyyət üzrə baxan komissiyada (daimi və ya xüsusi) layihə müzakirə olunduqdan və məruzə hazırlandıqdan sonra sədrlər konfransında uyğun palatanın iclas gündəliyinə daxil edilir.

Palatanın iclasında layihə adətən aşağıdakı qaydada müzakirə olunur.

Əvvəlcə layihə üzrə ümumi diskussiyalar keçirilir. Ümumi diskussiyalar mahiyyət üzrə baxan komissiyanın məruzəsi ilə başlanır. Digər daimi komissiyaların rəyi olduqda onlar dinlənilir.

Layihənin təşəbbüsçüləri müzakirələr zamanı üstün qaydada söz almaq hüququna malikdir. Ümumi diskussiyaların sonunda layihənin yenidən işlənmək üçün komissiyaya qaytarılması yaxud maddə-maddə müzakirəsi haqqında qərar qəbul edilir.

Maddə-maddə müzakirə zamanı layihənin hər bir maddəsi, habelə təklif olunan düzəliş və əlavələr ayrıca müzakirə olunur. Əvvəlcə təklif olunan düzəliş və əlavələr, sonra isə maddə bütövlükdə səsə qoyulur.

Maddə-maddə müzakirə başa çatdıqdan sonra layihə qəbul olunmuş düzəliş və əlavələrlə birlikdə bütövlükdə səsə qoyulur və birinci oxunuşda qəbul olunmuş hesab edilir.

Birinci oxunuşda qəbul olunmuş layihə müzakirə olunmaq üçün digər palataya göndərilir. Layihə həmin palatada da oxşar qaydada müzakirə olunur. Əgər layihə göndərildiyi kimi heç bir düzəlişsiz və əlavəsiz qəbul olunarsa həmin palatanın sədri layihənin qanun kimi imzalamaq üçün Respublika Prezidentinə təqdim edir və bu barədə layihəni birinci müzakirə etmiş palatanın sədrini xəbərdar edir. Layihəyə düzəliş və əlavələr edilərsə, o, ikinci oxunuşda müzakirə olunmaq üçün əvvəlki palataya qaytarılır. Bu zaman hər iki palatanın razılaşdığı maddələr qəti qəbul edilmiş hesab olunur və dəyişdirilə bilməz.

Layihənin ikinci oxunuşda müzakirəsi digər palatanın etdiyi düzəliş və əlavələrə həsr olunur. Layihə hər iki palatada eyni mətnlə qəbul edilənə qədər belə oxunuşların sayı davam etdirilə bilər. Belə çoxsaylı müzakirələrin qarşısını almaq üçün hökumət qarışıq paritet komissiya yaradılmasını tələb edə bilər.

Paritet komissiya palatalar arasında fikir müxtəlifliyini aradan qaldırmaq məqsədilə razılaşdırıcı mətn hazırlamalıdır. Komissiyanın məruzəsi və hazırladığı mətn hökumətə təqdim olunur. Hökumət 15 gün müddətinə komissiyanın təkliflərini parlamentin müzakirəsinə təqdim etmədikdə layihəni axırıncı müzakirə edən palata komissiya yaradılana qədərki variantda layihə üzrə işi davam etdirməlidir.

Hökumət komissiyanın təkliflərini parlamentin müzakirəsinə vermək qərarına gəldikdə isə layihə komissiyanın hazırladığı razılaşdırıcı mətnlə birlikdə əvvəlcə Milli Məclisdə, sonra isə Senatda müzakirə olunmalıdır. Əvvəlcə komissiyanın təklifləri müzakirə olunur, sonra isə layihə üzrə vahid səsvermə keçirilir.

Qarışıq paritet komissiyanın hazırladığı mətn hər iki palatada qəbul olunduqdan sonra layihə qanuna çevrilir. Paritet komissiya razılaşdırıcı mətn hazırlaya bilmədikdə, yaxud onun təklifləri palatalarda qəbul edilmədikdə Milli Məclis komissiya yaradılana qədərki variantda layihənin yeni oxunuşda müzakirəsinə başlayır.

Bəzi hallarda Milli Məclisdə qanun layihələrinin birinci oxunuşda müzakirəsi zamanı “qısaldılmış qanunvericilik proseduru” tətbiq oluna bilər. Bu prosedur ciddi etiraza səbəb olmayan layihələr üzrə hökumətin və ya mahiyyət üzrə baxan komissiyanın tələbi ilə tətbiq oluna bilər.

“Qısaldılmış qanunvericilik proseduru” tətbiq olunması haqqında tələb daxil olduqda Milli Məclisin sədri dərhal fraksiya rəhbərlərini və sədrlər konfransının digər üzvlərini xəbərdar edir. Sədrlər onfransının ən yaxın növbəti iclasınadək bu qaydanın tətbiqinə etiraz oluna bilər. Etiraz olmadıqda sədrlər konfransı həmin layihəni “qısaldılmış qanunvericilik proseduru” ilə gündəliyə daxil edir.

“Qısaldılmış qanunvericilik proseduru” 2 qaydada tətbiq oluna bilər:

1) “müzakirəsiz səsvermə”,

2) “məhdudlaşdırılmış müzakirələr”.

“Müzakirəsiz səsvermə” zamanı, adından göründüyü kimi, layihə üzrə heç bir müzakirə açılmır və düzəlişlər qəbul olunmur. Layihə bütövlükdə səsə qoyulur.

Bu qayda adətən beynəlxalq müqavilə və sazişlərin təsdiqi zamanı tətbiq olunur.

“Məhdudlaşdırılmış müzakirələr” zamanı isə diskussiyalarda yalnız hökumətin nümayəndəsi, layihəyə mahiyyət üzrə baxan komissiyanın sədri və məruzəçisi, düzəlişlərin müəllifləri iştirak edə bilər. Layihə bütövlükdə səs qoyulmazdan əvvəl hər fraksiyadan bir nümayəndəyə çıxış etmək üçün 5 dəqiqəyədək vaxt verilə bilər. Bu qayda təcrübədə nadir hallarda tətbiq olunur.

Parlamentin qəbul etdiyi qanun layihəsi imzalanmaq üçün prezidentə təqdim olunur. Layihənin prezident tərəfindən imzalanması promulqasiya adlanır. Prezident bütünlüklə qanun layihəsinin və ya onun ayrı-ayrı hissələrinin yenidən müzakirəsini tələb edə bilər. Bu halda layihə əvvəlcə Milli Məclisdə müzakirə edilməlidir.

Prezidentin promulqasiya etdiyi qanun Baş nazir və qanunun aid olduğu sahələrin uyğun naziri tərəfindən təsdiq edilir (kontrassiqnasiya) və rəsmən dərc olunur.


| 1 | 2 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft