|
PALATALAR NECƏ SEÇİLİR?
ABİL BAYRAMOV
Xəzər Universitetinin müəllimi
Mənbə:
"Məşvərət", N22,
1999
Hakimiyyətlər bölgüsü sisteminin ən mühüm elementlərindən biri olan
parlamentin tərkib hissələri arasında palatalar mühüm yer tutur.
Müasir dövrün parlamentləri bir və ya iki palatadan ibarətdir. Lakin elə
yaxın keçmişə nəzər salsaq daha çox palatadan ibarət parlamentlərin mövcud
olması faktları ilə də rastlaşa bilərik. Məsələn, Yuqoslaviya Sosialist
Federativ Respublikasının 1963-ci il Konstitusiyasının 1968-ci il
redaksiyasına əsasən fəaliyyət göstərən Yuqoslaviya İttifaq Skupşinasında
palataların sayı faktiki olaraq altıya çatırdı. 1984-cü ildə qüvvəyə minən
Cənubi Afrika Respublikasının Konstitusiyası palataların
formalaşdırılmasının irqçilik prinsipinə əsaslandığı üçpalatalı parlament
nəzərdə tuturdu.
İngiltərədə parlament ilkin olaraq ali feodallardan (baronlardan) və ali
ruhanilərdən (prelatlardan) ibarət olub. 13-cü əsrin ortalarından etibarən
Parlamentin iclaslarına qraflıqların və böyük şəhərlərin məclislərinin hər
birindən iki nümayəndə dəvət edilməyə başlandı. Tədricən böyük baronlar
(lordlar) öz təsirlərini gücləndirdilər. Parlamentdə məhkəmə funksiyaları və
Kralın təyinatlarına təsir onların inhisarına keçdi. 14-cü əsrin
ortalarından ali ruhanilik də daxil olmaqla lordlar qraflıqların və
şəhərlərin nümayəndələrindən ayrı iclas etməyə başladılar. Britaniya
parlamentinin ikipalatalı strukturu belə təşəkkül tapdı.
Kontinental Qərbi Avropanın bir sıra ölkəsində silki-nümayəndəli
təsisatlarda hər təbəqə xüsusi nümayəndələrlə təmsil olunurdu. Bura
zadəganlıq, ruhanilik və üçüncü təbəqə adlanan hissə daxil idi. 19-ci əsrin
sonunun inqilabları dövründə birpalatalı parlamentlər yaradıldı.
İnqilabçılar hesab edirdi ki, birpalatalı parlament inqilabi yaradıcılıq
üçün daha uyğundur. Lakin bütün siyasi hakimiyyətin bu parlamentlərin əlində
cəmləşməsi despotik idarəçiliyə gətirib çıxardı. Təsadüfi deyil ki, 1795-ci
ildə Fransada ikipalatalı parlament təsis edildi. 1787-ci ildə ABŞ-da
birpalatalı Konqres ikipalatalı Konqreslə əvəzləndi.
İkipalatalılığın üstünlüyünü onda görürdülər ki, yuxarı palata aşağı
palatanı tələsik, düşünülməmiş, emosional qərarlar qəbul etməkdən
çəkindirir. Şarl Monteskye də o dövrün ingilis Parlamentinin təsvirini
verərkən qeyd edirdi: “Burada qanunverici məclis onlara məxsus ləğvetmə
(qərarları - A. B.) hüququ ilə biri-birini qarşılıqlı olaraq çəkindirən iki
hissədən ibarətdir...” Sonralar L. Dyügi də eyni fikri öz yazılarında
bölüşürdü.
Hazırda inkişaf etmiş ölkələrdə parlamentin palatalarının sayı haqqında
məsələ, bir qayda olaraq, siyasi toqquşmalar predmeti deyil. Əksər hallarda
inkişaf etmiş ölkələrdə parlamentin bir və ya iki palatalı olması haqqında
məsələ müvafiq konstitusiya islahatları anında siyasi əhəmiyyət kəsb edən
müxtəlif mülahizələrdən çıxış etməklə həll olunur.
Azərbaycana gəldikdə isə qeyd etmək lazımdır ki, ölkə parlamentinin bir və
ya çoxpalatalı olması haqqında məsələnin müzakirə mövzusu olması üçün heç
bir əsas yoxdur. Çünki bir palatadan ibarət Milli Məclisin çoxpalatalı
parlamentə çevrilməsinin zəruriliyini əsaslandıra biləcək hər hansı ciddi
arqument tapmaq mümkünsüzdür. Ona görə də bu məsələ üzərində dayanmağa lüzum
görmürük.
Lakin xüsusi qeyd etmək lazımdır ki, federativ dövlətlər, bir qayda olaraq
ikipalatalı parlamentə malik olur. Yuxarı palata federasiya subyektlərini
təmsil edir. Məsələn, ABŞ, Almaniya, Braziliya, Meksika, Avstraliya və başqa
ölkələrdə olduğu kimi. İkipalatalı parlamentli unitar dövlətlərdə də yuxarı
palata, bir qayda olaraq inzibati-siyasi ərazi vahidləri üzrə
formalaşdırılır. Hümunə üçün İtaliya, İspaniya, Fransa, Polşa və Yaponiyanı
misal göstərmək olar. Avropa ölkələrinin təxminən yarısında (Finlandiya,
Macarıstan, Bolqarıstan, İsveç, Danimarka və c.) parlamentlər
birpalatalıdır. Amerikada birpalatalı parlamentlər daha çox kiçik dövlətlər
üçün (Kosta-Rika, Salvador və s.) səciyyəvidir. Belə dövlətlərin
bəzilərində, əsasən keçmiş britaniya müstəmləkələrində (məsələn, Trinidad və
Tobaqo, Yamayka) parlamentlər ikipalatalıdır. Tropik Afrikanın əksər
ölkələrində, xüsusilə avtokratik respublikalarda (Mavritaniya, Malavi və s.)
parlamentlər birpalatalıdır, bu orqanların rolu isə tam dekorativ səciyyə
daşıyır. Asiyada da birpalatalı parlamentlər daha çox avtoritar və totalitar
rejimli dövlətlər üçün (İndoneziya, Çin, Vyetnam) səciyyəvidir. Liberal və
demokratik rejimli ölkələrdə (Hindistan, Filippin, Malayziya) isə, bir qayda
olaraq, parlamentlər ikipalatalıdır.
Aşağı və ya yeganə palatalar əksərən Milli Məclis, yaxud Milli Assambleya
(Fransa, Vyetnam, əksər Afrika ölkələri), Milli Şura (Avstriya, İsveçrə,
Slovakiya), Deputatlar Palatası (İtaliya, Braziliya, Rumıniya, Çexiya),
Hümayəndələr Palatası (ABŞ, Yaponiya, Xorvatiya, Belçika) adlanır. Yuxarı
palatalara bir çox ölkədə sadəcə Senat deyilir. Bəzi federasiyalarda isə
yuxarı palataların adı ya siyasi-ərazi quruluşunun mövcud formasını, ya da
yuxarı palatada təmsil olunan federasiya subyektlərinin adını əks etdirir.
Belə ki, Avstriyada, Almaniyada yuxarı palata Federal (və ya İttifaq) Şura
(“Bundesrat” məhz belə tərcümə olunur), İsveçrədə Kantonlar Şurası,
Hindistanda Ştatlar Şurası adlanır. Onu da qeyd edək ki, orqanın sistemdə
tutduğu yeri heç də həmişə onun adına görə müəyyən etmək olmur. Məsələn,
Hamibiya Parlamentində aşağı palata Milli Məclis (və ya Assambleya), yuxarı
palata isə Milli Şura adlanır (Avstriya və İsveçrədəkinin əksinə olaraq)
adlanır. İsveçrədə Federal Şura adını parlament palatası deyil, hökumət
daşıyır.
Parlamentlərin yeganə və ya aşağı palataları demək olar ki, istisnasız
olaraq ümumi və birbaşa seçkilər vasitəsilə formalaşdırılır. Bu qaydadan
istisnalar çox azdır. Belə istisnanın daha ciddi nümunəsi Ümumçin Xalq
Hümayəndələri Məclisidir. Bu orqan muxtar vilayətlərin, əyalətlərin, mərkəzə
tabe şəhərlərin xalq nümayəndələri Məclisləri tərəfindən, həmçinin hərbi
qulluqçuların nümayəndələrinin yığıncaqları tərəfindən seçilir. Tək-tək
hallarda belə palataların deputatlarının təyinatına da rast gəlmək olar.
Məsələn, Hindistan Prezidenti Parlamentin Xalq Palatasına ingilis-hind
icmasının iki nümayəndəsini təyin edə bilər. Aşağı palataların səlahiyyət
müddəti, bir qayda olaraq 4-5 ildir. Səlahiyyət müddəti daha az olan
palatalara tək-hallarda təsadüf edilir. Məsələn, ABŞ Konqresinin
Hümayəndələr Palatası iki illiyə seçilir.
Yuxarı palatalara gəldikdə isə, burda xeyli rəngarənglik müşahidə edilir.
Belə ki, britaniya Parlamentinin formalaşdırılması qaydası canlı
anaxronizmi, feodalizmin qalıqlarını özündə əks etdirir. Palatanın
əhəmiyyətli hissəsi palatada öz yerlərini irsən tutan titullu əsilzadələrdir
(perlər). Kabinetin təqdimatı ilə Kraliça uyğun titullar bağışlamaqla yeni
perlər təyin etmək hüququna malikdir (məsələn, keçmiş Baş nazir Marqaret
Tetçer istefadan sonra baronessa oldu). Palatanın digər hissəsi isə
Kabinetin təqdimatı ilə Kraliça tərəfindən xidmətlərinə və ya tutduğu
vəzifəyə görə tə~yin edilən ömürlük perlər və peressalardır.
Lakin Böyük Britaniya demək olar ki, nadir istisnadır. Başqa, lakin daha çox
rast gəlinən istisna yuxarı palatanın bütün tərkibinin və ya onun
əksəriyyətinin dövlət başçısı, bəzən isə hökumətin başçısı tərəfindən təyin
olunmasıdır. Barbados, Beliz, Qrenada, İordaniya, Tailand, Yamayka kimi
ölkələrdə parlamentlərin yuxarı palataları tam təyinatlıdır. Maraqlıdır ki,
Belizdə, Yamaykada senatorların bir hissəsi müxalifət liderinin təqdimatı
ilə təyin edilir. Malayziya Federasiyası Parlamentinin Senatında 69 üzvdən
43-ü təyinatlıdır.
Formal olaraq yuxarı palata hesab edilməyən, lakin faktiki olaraq onun
funksiyalarını yerinə yetirən alman Bundesratının ormalaşdırılmasının
özünəməxsus qaydası var. Bundesrat alman torpaqlarının hökumətləri
tərəfindən göndərilən nümayəndələrdən ibarətdir. Bu və ya başqa torpaqdakı
hökumət dəyişikliyi bu torpağın Bundesratdakı nümayəndəliyinin avtomatik
dəyişikliyinə gətirib çıxarır.
Birbaşa seçkilərlə ABŞ-da, Polşada senatorlar, İsveçrədə Kantonlar Şurasının
üzvləri seçilir. İtaliyada 315 senator birbaşa seçkilərlə seçilməklə bərabər
Prezident 5 vətəndaşı ömürlük senator təyin edə bilər. Bundan əlavə, hər bir
keçmiş prezident imtina etmədiyi təqdirdə ömürlük senator olur.
Parlamentlərin yuxarı palatalarının dolayı seçki variantları olduqca
rəngarənkdir. Bir çox hallarda onlar konstitusiyalarla deyil, seçki
qanunları ilə müəyyən edilir. Fransız senatorları departamentlər üzrə
seçilir. Hər bir departamentdə seçki kollegiyası təşkil edilir və ceçkilər
çoxpilləli olur. İspan senatorlarının əksəriyyəti birbaşa seçkilərlə
seçilir. Bundan əlavə, yuxarı səviyyəli ərazi vahidi olan muxtar qurum bir
senator və həmin muxtar qurumların qanunverici məclisi əhalinin hər milyon
nəfərinə daha bir senator seçir. Senatorların seçkisinin qarışıq sistemi
Belçikada da mövcuddur. Onların bir qismi əyalətlərdə birbaşa seçkilərlə,
başqa qismi isə əyalət şuraları tərəfindən seçilir. Həhayət, üçüncü qism
seçilmiş senatorlar tərəfindən təyin edilir.
Avstriyada Federal Şura üzvləri və onların müavinləri torpaqların
parlamentləri - landtaqlar tərəfindən seçilir. Hamibiyada Milli şura
üzvlərini vilayət şuraları seçir. Avstriyada yuxarı palatanın üzvləri onları
seçən nümayəndəli orqanda ola bilməzlər, Hamibiyada isə əksinə,
olmalıdırlar.
Federasiya subyektlərinin və ya unitar dövlətlərin yuxarı səviyyəli ərazi
vahidlərinin yuxarı palatalarında nümayəndəlik paritet əsasında (ABŞ,
Hamibiya, İsveçrə, Xorvatiya, Yuqoslaviya, Braziliya) və ya əhalinin sayına
proporsional olaraq (Avstriya, İtaliya, Fransa, Hindistan) təşkil edilir.
Onu da qeyd edək ki, əgər ABŞ Senatında yalnız ştatların əhalisi təmsil
olunubsa, Hindistanda, Braziliyada yuxarı palatalara həmçinin federal
ərazilərin əhalisinin nümayəndələri seçilir.
Norveç və İslandiya parlamentlərinin yuxarı palataları tamamilə başqa üsulla
formalaşdırılır. Vətəndaşlar tərəfindən seçilən norveç parlamenti Stortinq
ilk iclasdaca öz tərkibindən (150 deputatdan) yuxarı palatanı - Laqtinqi (38
deputat) seçir, Stortinqin qalan hissəsi isə aşağı palatanı - Odelstinqi
təşkil edir.
Yuxarı palata üzvlərinin səlahiyyət müddəti, bir qayda olaraq aşağı palata
nümayəndələrinkindən daha çoxdur. Bununla yanaşı aşağı palatalar, bir qayda
olaraq tam tərkibdə, yuxarı palatalar isə hissə-hissə yeniləşir. Lakin elə
hallara da rast gəlinir ki, hər iki palata eyni müddətə seçilir və
bütövlükdə yeniləşir. |