|
ALMANİYA PARLAMENTİ
Qulamhüseyn Əliyev,
Milli
Məclisin üzvü
Mənbə:
"Məşvərət", N25,
2000
1. Bundestaq və Bundesrat
Almaniyanın Əsas Qanununa
(Konstitusiyasına) görə, ölkənin parlamenti birpalatalı Bundestaqdır
(İttifaq Qurultayı). Alman hüquq nəzəriyyəsi də parlament kimi yalnız
Bundestaqı qəbul edir. Bundestaq Almaniyanın ümumi, bərabər, birbaşa
seçkilər və gizli səsvermə nəticəsində bilavasitə əhali tərəfindən seçilən
yeganə dövlət orqanıdır.
Bundestaq 656 deputatdan ibarətdir. Deputatların yarısı (328-i) birmandatlı
seçki dairələri üzrə nisbi çoxluqlu majoritar seçki sistemi əsasında
seçilir. Namizədləri siyasi partiyalar və seçici qrupları irəli sürür.
Başqalarına nisbətən daha çox səs toplayan namizəd seçilmiş sayılır. Səslər
bərabər olduqda deputat püşkatma ilə müəyyən edilir.
Bundestaq deputatlarının digər yarısı çoxmandatlı seçki dairələri üzrə
mütənasib (proporsional) seçki sistemi əsasında seçilir. Federasiyanın
subyekti olan hər bir torpaq ayrılıqda çoxmandatlı seçki dairəsi sayılır.
Namizədləri yalnız siyasi partiyalar hər bir torpaq üzrə ayrıca siyahı ilə
irəli sürür. Deputat mandatının bölüşdürülməsində bütün Almaniya üzrə
seçkilərdə iştirak edənlərin 5%-dən çoxunun səsini toplamış, yaxud
birmandatlı seçki dairələrinin azı 3-də nümayəndələri deputat seçilmiş
siyasi partiyalar iştirak edir. Bu məhdudiyyətlər yalnız milli azlıqların
partiyalarına şamil olunmur.
Mütənasib (proporsional) seçki sistemi üzrə deputat mandatlarının partiya
siyahıları üzrə bölüşdürülməsi mürəkkəb hesablamalar əsasında həyata
keçirilir. Bu zaman partiyaların müvafiq torpaqlarda birmandatlı seçki
dairələri üzrə əldə etdikləri mandatlar da nəzərə alınır. Belə bölüşdürmə
nəticəsində bəzi hallarda partiyalarda “artıq” mandatlar yaranır və
Bundestaq üzvlərinin sayı uyğun olaraq çoxalır.
Bundestaqın səlahiyyət müddəti 4 ildir. Bu müddətin başa çatmasına ən çoxu 3
ay, ən azı isə 1 ay qalmış yeni seçkilər keçirilməlidir. Bundestaq vaxtından
qabaq buraxıldıqda seçkilər 60 gün müddətində keçirilir. Seçkilərdən sonra
yeni parlamentin ilk iclas günündə əvvəlki çağırış Bundestaqın səlahiyyəti
başa çatmış sayılır.
Bundestaq bütün parlamentlərə xas olan ənənəvi funksiyaları həyata keçirir.
Belə ki, Bundestaq qanunlar qəbul edir, dövlət büdcəsini təsdiq edir, bir
sıra dövlət orqanlarının formalaşmasında iştirak edir, o cümlədən federal
kansleri, müdafiə məsələləri üzrə müvəkkili, federal Konstitusiya Məhkəməsi
üzvlərinin yarısını seçir, federal hakimlərin seçkilərində iştirak edir,
hökumətin fəaliyyətinə nəzarət edir, ona etimadsızlıq göstərir, beynəlxalq
müqavilələri təsdiq edir və s.
Almaniyanın digər dövlət orqanı - Bundesrat (İttifaq Şurası) da parlamentə
oxşar funksiyaları həyata keçirir.
Buna görə də bir çox hallarda Bundesrat Almaniya parlamentinin 2-ci palatası
sayılır. Lakin alman hüquq nəzəriyyəsinə və Konstitusiyanın hərfi mənasına
görə Bundesrat parlamentin 2-ci palatası deyil. Bundesrat federasiya
subyektlərini - torpaqları təmsil edən orqandır. Almaniyanın Əsas Qanununda
nəzərdə tutulur ki, torpaqlar Bundesrat vasitəsilə federasiyanın
qanunvericiliyində, idarəçiliyində və Avropa Birliyinin işlərində iştirak
edir.
Bundesratın üzvlərini torpaqların hökumətləri təyin edir və geri çağırır.
Onların səlahiyyət müddəti də torpaqların hökumətlərinin iradəsindən
asılıdır. Hər bir torpağın Bundesratda azı 3 səsi var. Əhalisinin sayından
asılı olaraq torpaqların səslərinin sayı artır. Belə ki, torpaqların
əhalisinin sayı 2 milyon nəfərdən çox olduqda 4 səsi, 6 milyondan çox
olduqda 5 səsi, 7 milyondan çox olduqda isə 6 səsi olur. Torpaqların
hökumətləri Bundesrata malik olduqları səslərin sayına bərabər və ya daha az
üzv təyin edə bilər. Bütün hallarda torpaqların səslərinin hamısı eyni cür
verilməlidir. Bundesrat üzvlərinin sərbəst səsvermə hüququ yoxdur, onlar
yalnız öz hökumətlərinin tapşırıqları üzrə hərəkət edir və səs verirlər.
Hazırda Bundesratda cəmi 68 səs vardır.
Bundesrat qanunvericilik prosesində iştirak edir. Bir sıra qanunların qəbulu
üçün Bundesratın razılığı məcburidir. Belə ki, Əsas Qanuna dəyişikliklər
edilməsi, federasiya daxilində ərazi dəyişikliyi, torpaqlara maliyyə
yardımı, torpaqların və icmaların büdcələrinə daxil olan vergilər, federal
dövlət xidməti, dövlət məmurlarının əməyinin ödənilməsi haqqında və bir sıra
digər qanunlar yalnız Bundesratın razılığı ilə qəbul edilə bilər. Başqa
qanunlara münasibətdə isə Bundesrat yalnız etiraz edə bilər və Bundestaq bu
etirazı rədd edə bilər.
Bundan başqa, Bundesrat nadir hallarda olsa da qanunları müstəqil qəbul edə
bilər. Belə ki, federal kansler hökumətin konkret qanun layihəsi üzrə ona
etimad göstərilməsi barədə Bundestaq qarşısında məsələ qaldıra bilər.
Bundestaq federal kanslerə etimad göstərərsə qanun qəbul edilmiş sayılır.
Əks halda Bundestaq yeni federal kansler seçə bilər, yaxud respublika
prezidenti Bundestaqı buraxa bilər. Bunların heç biri olmadıqda respublika
prezidenti hökumətin təklifi və Bundesratın razılığı ilə həmin layihəyə
münasibətdə “qanunvericilik zərurəti vəziyyəti” elan edə bilər. Bu
vəziyyətdə Bundestaq 4 həftə müddətində layihəni hökumət üçün məqbul olan
şəkildə qəbul etməsə layihə Bundesratın bəyənməsindən sonra qanuna çevrilmiş
sayılır.
Bundesrat həmçinin federal Konstitusiya Məhkəməsi üzvlərinin yarısını seçir,
Bundestaq tərəfindən müdafiə vəziyyəti elan olunmasına razılıq verir və s.
2. Daxili quruluş
a) Bundestaqın rəhbərliyi
Bundestaqın rəhbərliyinə onun sədri, Rəyasət Heyəti və Ağsaqqallar Şurası
aiddir.
Bundestaqın sədri (bu vəzifə rəsmən Bundestaqın prezidenti adlanır) onun
bütün səlahiyyəti müddətinə (4 ilə) seçilir. Bir qayda olaraq ən çoxsaylı
fraksiyanın nümayəndəsi Bundestaqın sədri seçilir. Sədr vaxtından əvvəl geri
çağırıla və ya vəzifəsindən azad oluna bilməz.
Sədr Bundestaqın fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirir, o, Bundestaqı
təmsil edir və onun fəaliyyətini nizama salır. Sədr Bundestaqın işinin
təşkilinə kömək edir, onun iclaslarına rəhbərlik edir, lazımi qaydanı təmin
edir, deputatların hüquqlarının və ləyaqətinin qorunmasını təmin edir.
Bundestaqın sədri iclaslarda təkcə spiker vəzifələrini həyata keçirmir. O
həmçinin müzakirələrdə iştirak edə, təkliflər verə bilər. İclasın gedişində
konkret hallara münasibətdə reqlamentin təfsirinə dair mübahisə yarandıqda
sədr onu təkbaşına həll edir. Sədrin Bundestaqın bütün komitələrində
məşvərətçi səs hüququ var.
Sədr Bundestaqın bütün binalarından və torpaq sahələrindən istifadə
olunmasına dair sərəncamlar verir, onun razılığı olmadan parlamentin
binalarında axtarış aparıla və başqa istintaq hərəkətləri həyata keçirilə
bilməz. Sədr Bundestaqın daxili intizam qaydalarını müəyyənləşdirir,
parlamentin bütün köməkçi xidmətlərinə rəhbərlik edir, parlament məmurlarını
təyin və azad edir, Bundestaqın büdcə vəsaitlərinə sərəncam verir.
Bundestaq sədrinin müavinləri partiya fraksiyaları nəzərə alınmaqla seçilir.
Adətən hər fraksiyanı bir müavin təmsil edir. Müavinlər öz funksiyasını
həyata keçirməkdə sədrə kömək edirlər. Sədr hər hansı səbəbdən öz vəzifəsini
həyata keçirə bilmədikdə müavinlərdən biri onu müvəqqəti əvəz edir. Bəzi
hallarda sədr öz hərəkətlərini müavinləri ilə razılaşdırmalıdır. Məsələn,
sədr öz müavinləri ilə razılaşdırmaqla Bundestaqın işinin təşkilinə
rəhbərlik üçün mühüm əhəmiyyət kəsb edən müqavilələr bağlayır.
Bundestaqın sədri və müavinləri birlikdə Rəyasət Heyətini təşkil edir. Lakin
Bundestaqın reqlamentində Rəyasət Heyətinin parlamentin orqanı kimi konkret
səlahiyyətləri müəyyən edilməyib. Yalnız bir halda nəzərdə tutulur ki,
Bundestaqın yüksək vəzifəli məmurları Rəyasət heyətinin razılığı ilə təyin
edilir.
Bundestaqın işinin təşkil olunmasında Ağsaqqallar Şurası mühüm rol oynayır.
Ağsaqqallar Şurasının tərkibinə Bundestaqın sədri, onun müavinləri və
sayından asılı olaraq partiya fraksiyalarını və qruplarını təmsil edən 24
deputat daxildir. Ağsaqqallar Şurasının fəaliyyətinə bundestaqın sədri
rəhbərlik edir. Bundestaqın sessiyası dövründə Ağsaqqallar Şurasının
iclasları adətən hər həftənin əvvəlində keçirilir. Fraksiyalardan birinin
tələbi ilə Ağsaqqallar Şurasının iclasları istənilən zaman çağırıla bilər.
Ağsaqqallar Şurası sədrə öz fəaliyyətini həyata keçirməkdə kömək edir,
komitə sədrləri və onların müavinləri vəzifələrinin bölüşdürülməsi, həmçinin
parlamentin iş planının tərtib edilməsi zamanı ayrı-ayrı fraksiyaların
mənafelərinin uzlaşdırılmasını təmin edir, hər bir iclasın gündəliyini
müəyyənləşdirir, müzakirələrin səciyyəsini və davametmə müddətini
müəyyənləşdirir, Bundestaqın büdcəsinə dair təkliflər verir və s.
b) Bundestaqın komitələri
Bundestaq daimi, xüsusi və istintaq komitələri yarada bilər. Daimi komitələr
Bundestaqın müzakirəsinə çıxarılan məsələlərin qabaqcadan müzakirəsi və
qanun layihələri üzərində iş aparmaq üçün parlamentin bütün səlahiyyət
müddətinə yaradılır. Daimi komitələrin tərkibi partiya fraksiyaları nəzərə
alınmaqla müəyyən olunur. Komitələrin üzvlərini partiya fraksiyaları öz
saylarına mütənasib olaraq təyin edir. Komitənin sədrini və onun
müavinlərini isə Ağsaqqallar Şurası ilə razılaşdırılmaqla komitənin özü
təyin edilir.
Daimi komitələr adətən sahəvi əlamətlər üzrə təşkil olunur. Əsas Qanuna
görə, 4 daimi komitənin yaradılması məcburidir: Avropa Birliyinin işləri
üzrə; müdafiə üzrə; xarici işlər üzrə; petisiyalar üzrə. Bunlardan başqa
Bundestaq aşağıdakı daimi komitələri də yaradır: seçkilərin yoxlanması,
immunitet və reqlament; daxili işlər; idman; hüquq; maliyyə; büdcə;
iqtisadiyyat; qida, kənd təsərrüfatı və meşə; ailə, ahıllar, qadınlar və
gənclərin işləri; səhiyyə; nəqliyyat; ətraf mühit, təbii sərvətlər və
reaktorların təhlükəsizliyi; poçt və telekommunikasiya işləri; regional
infrastrukturun inkişafı, tikinti işləri və şəhərsalma; təhsil, elm,
tədqiqat, texnologiya və texnikanın tətbiqinin nəticələrinin
qiymətləndirilməsi; iqtisadi əməkdaşlıq; xarici səfərlər və turizm üzrə.
Xüsusi komitələr ayrı-ayrı məsələlər üzrə yaradıla bilər. İstintaq
komitələri ayrı-ayrı hadisələr və faktlar barədə sübutları toplamaq məqsədi
ilə yaradılır.
Bunlardan başqa, Bundestaq geniş və əhəmiyyətli məsələlər kompleksi üzrə
qərar hazırlamaq üçün tədqiqat komissiyası yarada bilər.
Xüsusi və istintaq komitələrinin, habelə tədqiqat komissiyasının tərkibi
Bundestaqın partiya fraksiyaları nəzərə alınmaqla müəyyən olunur.
v) Partiya fraksiyaları
Partiya fraksiyaları Bundestaqın rəsmi orqanları deyil, ancaq onlar
parlamentin işinin təşkilində mühüm rol oynayır. Belə ki, partiya
fraksiyaları Bundestaqın iclasına çıxarılması nəzərdə tutulan məsələləri
qabaqcadan müzakirə edir, təmsil etdikləri partiyanın qanunvericilik və
parlament siyasətini formalaşdırır, iclasda çıxış etmək üçün məruzəçilər
ayırır, həmin çıxışların əsas məzmununu müəyyən edir, Ağsaqqallar Şurasına
və komitələrə öz nümayəndələrini təyin edir, səsvermə zamanı öz üzvlərinin
davranışını müəyyənləşdirir və bir sıra digər məsələləri həll edir.
Partiya fraksiyalarının Bundestaqda geniş səlahiyyətləri var. Belə ki,
fraksiyalardan birinin tələbi ilə Ağsaqqallar Şurasının və daimi komitələrin
növbədənkənar iclasları keçirilir, uyğun layihə daimi komitəyə verildikdən
10 həftə keçəndən sonra müzakirələrin gedişi haqqında Bundestaqa hesabat
verilir, adbaad səsvermə keçirilir, qanun layihələrinin 1-ci, 2-ci və 3-cü
oxunuşu zamanı ümumi müzakirələr keçirilir, qərarların qəbul edilməsi barədə
səsvermə başqa vaxta keçirilir, deputatların ümumi sorğularına hökumətin
verdiyi cavab, yaxud cavabdan yayınma halları üzrə müzakirələr açılır,
ictimai maraq kəsb edən məsələlər üzrə “aktual məsələlər saatı” adlandırılan
müzakirələr təşkil olunur və s.
Fraksiya eyni bir partiyanı, yaxud yaxın siyasi məqsədləri olan və
torpaqların heç birində bir-biri ilə rəqabət aparmayan partiyaları təmsil
edən deputatları birləşdirir. Fraksiya yaradılması üçün deputatların minimum
sayı Bundestaqın ümumi tərkibinin 5%-indən az olmamalıdır. Deputatların sayı
bundan az olarsa onlar siyasi qruplar təşkil edə bilər. Fraksiyaların işində
onun üzvü olmayan deputatlar dəvət olunmuş şəxs kimi iştirak edə bilərlər.
3. Deputatların hüquqi vəziyyəti
Əksər ölkələrdə olduğu kimi Bundestaqın deputatları da sərbəst mandata
malikdir. Almaniyanın Əsas Qanununa görə, Bundestaqın deputatları bütün
xalqın nümayəndələridir, heç bir tapşırıqla və ya göstərişlə bağlı deyil və
yalnız öz vicdanlarına tabedirlər.
Deputat parlamentdə öz fəaliyyətini həyata keçirərkən fikirlərini sərbəst
ifadə etməyə görə heç bir məsuliyyət daşımır. Yəni Bundestaqda və ya onun
komitələrində söylədiyi fikrə və səsverməyə görə deputat heç vaxt (o
cümlədən səlahiyyəti başa çatdıqdan sonra) məhkəmə və inzibati qaydada təqib
oluna və ya Bundestaqdan kənar başqa məsuliyyətə cəlb oluna bilməz. Lakin
deputatın parlamentdə təhqiredici çıxışları onu məsuliyyətdən azad etmir.
Deputat şəxsi toxunulmazlıq (parlament immuniteti) hüququna malikdir. Yəni
Bundestaqın razılığı olmadan deputat cinayət məsuliyyətinə cəlb oluna və ya
həbs edilə bilməz. Lakin bu qayda deputatın cinayət başında yaxalanması
hallarına şamil edilmir. Belə ki, bilavasitə cinayət edərkən və ya sonrakı
gün ərzində yaxalanan deputatlar parlamentin razılığı olmadan tutula
bilərlər. Bəzi hüquqpozmalara münasibətdə bir qədər sadələşdirilmiş qayda
mövcuddur. Formalaşmış ənənəyə uyğun olaraq hər yeni çağırış Bundestaq öz
fəaliyyətinin əvvəlində xüsusi qərarla hüquq-mühafizə orqanlarına icazə
verir ki, nəqliyyat xətaları və az əhəmiyyətli cinayət törədən deputatlar
barədə fərdi qaydada razılıq almadan istintaq aparsınlar. Lakin belə
sadələşdirilmiş qaydada deputat yalnız tutula bilər və ya onun barəsində
ibtidai istintaq hərəkətləri aparıla bilər. Bu halda istintaqı aparan polis
və ya məhkəmə öz hərəkətləri haqda Bundestaqın sədrinə məlumat verməlidir.
Parlamentin sədri istintaq hərəkətlərinin aparılmasına etiraz edə bilər.
Bütün hallarda deputatın həbsə alınması üçün Bundestaq tərəfindən parlament
toxunulmazlığının ləğv edilməsi vacibdir. Siyasi xarakterli təhqirlər bir
qayda olaraq parlament toxunulmazlığının ləğv edilməsi üçün əsas hesab
olunmur.
Deputat parlament üzvü kimi ona etibar edilmiş məlumatlar və faktlar,
həmçinin onları vermiş şəxslər barədə ifadə verməyə məcbur edilə bilməz.
Almaniya qanunvericiliyinə görə, Bundestaqın deputatı bir sıra digər
fəaliyyət növləri ilə də eyni zamanda məşğul ola bilər. Belə ki, deputat öz
əsas ixtisası üzrə fəaliyyətini davam etdirə, xüsusi və dövlət
müəssisələrinin idarə heyətinin, müşahidə şurasının (yaxud başqa rəhbər
orqanlarının), sahibkarlıq ittifaqlarının, həmkarlar ittifaqlarının,
fondların və oxşar təşkilatların rəhbər orqanlarının üzvü ola, hər hansı
ittifaqlarda funksioner kimi fəaliyyət göstərə, müqavilə əsasında
məsləhətlər verə, təmsilçi ola, mühazirələr oxuya və rəylər verə, kommersiya
və digər birliklərdə iştirak edə bilər və s. Bu halda deputat məşğul olduğu
bütün digər fəaliyyət növləri haqqında Bundestaqın sədrinə yazılı məlumat
verməlidir.
Bundestaqın deputatı eyni zamanda federal kansler, hökumət üzvü ola bilər,
lakin respublika prezidenti, Bundesrat üzvü, federal Konstitusiya
Məhkəməsinin hakimi, Bundestaqın müdafiə məsələləri üzrə müvəkkili və dövlət
məmuru ola bilməz. Dövlət məmuru deputat seçildikdə onun məmurluq
səlahiyyətləri dayandırılır və o, deputat kimi fəaliyyətini başa
çatdırdıqdan sonra maneəsiz olaraq yenidən dövlət qulluğuna qayıda bilər. Bu
halda o, əvvəlki vəzifəsinə oxşar və uyğun əmək haqqı olan vəzifə ilə təmin
olunmalıdır.
Bundestaq deputatlarının əmək haqqı ayda 16 min marka təşkil edir.
Deputatlar həmçinin büdcə vəsaiti hesabına Bundestaqda və seçildiyi dairədə
ofis saxlaya, elmi işçiləri əməkdaşlığa cəlb edə bilər. Bu məqsədlə ayrılan
büdcə vəsaitinin məbləğini Bundestaqın Ağsaqqallar Şurası müəyyən edir.
Deputatlar dövlət dəmiryolu və federal poçtun bütün rabitə vasitələrindən
pulsuz istifadə edə bilər. Onların həmçinin daxili dəmiryolu və hava
nəqliyyatında gediş haqqını Bundestaqın büdcəsindən almaq hüququ var.
Deputatlar öz şəxsi avtomobilindən xidməti məqsədlər üçün də istifadə edə
bilər. Bu halda çəkilən xərclər Ağsaqqallar Şurasının müəyyən etdiyi
normalar üzrə Bundestaqın büdcəsi hesabına deputata qaytarılır.
Parlament üzvü kimi deputatın fəaliyyət müddəti onun əsas iş və qulluq
stajına daxil edilir. Bundestaqın tam səlahiyyət müddətini (4 il) başa
vurduqdan sonra sabiq deputat 4 ay müddətində əmək haqqını bütünlüklə alır.
Parlamentdə fəaliyyət göstərmə müddətindən asılı olaraq sabiq deputatın
pensiyasına əlavə məbləğ hesablanır. Belə ki, Bundestaqda azı 6 il fəaliyyət
göstərmiş deputatın pensiyasına onun əmək haqqının 1/4 hissəsi məbləğində
əlavə edilir və bu məbləğ sonrakı hər parlament ili üçün 5% artırılır.
| 1 | 2 | |