|
ALMANİYA PARLAMENTİ
Qulamhüseyn Əliyev,
Milli
Məclisin üzvü
Mənbə:
"Məşvərət", N26,
2000
4. İş qaydası
a) Palataların iclasları
İtaliya parlamenti “daxili parlament” adlandırılan kateqoriyaya aiddir. Belə
ki, parlamentin iclaslarının (İtaliya qanunvericiliyində parlamentin
sessiyaları anlıyışından istifadə olunmur) keçirilməsi müddəti Konstitusiya
ilə dəqiq nizama salınmır. İtaliya Konstitusiyası yalnız parlamentin
iclaslarının başlandığı günləri müəyyən edir. İclasların başa çatması vaxtı,
parlament tətilləri və digər məsələlər parlamentin özü tərəfindən
müəyyənləşdirilir.
İtaliya parlamenti ildə 2 dəfə - fevral və oktyabr aylarının bayram olmayan
ilk günü öz iclaslarına başlayır. Hər bir palatanın fövqəladə iclasları
respublika prezidentinin, müvafiq palata sədrinin, yaxud deputatların
(senatorların) 1/3-nin təşəbbüsü ilə çağırıla bilər. Palatalardan birinin
fövqəladə iclası çağırıldıqda digər palata da dərhal heç bir təşəbbüs
olmadan fövqəladə iclasa toplanır.
Palataların iclasları açıq keçirilir. Hər bir palata ayrılıqda, o cümlədən
palataların birgə iclası zamanı parlament bütövlükdə qapalı iclas
keçirilməsi barədə qərar qəbul edə bilər. Qapalı iclas keçirilməsi barədə
qərar hökumətin, parlament qruplarından (fraksiyalardan) birinin sədrinin və
ya 10 deputatın (senatorların 1/10 hissəsinin) xahişi ilə qəbul edilir.
Hər 2 palatanın iclas salonunda qonaqlar üçün xüsusi tribunalar ayrılmışdır.
İstənilən şəxs həmin tribunalardan palataların iclaslarına baxa bilər. Lakin
tribunalarda olan qonaqlar deputatların (senatorların) çıxışlarını
bəyəndiklərini, yaxud bəyənmədiklərini hər hansı formada ifadə edə
bilməzlər. Əks halda onlar qaydaların yerinə yetirilməsinə nəzarət edən
məmurlar (hər tribunada belə məmurlar olur) tərəfindən qonaq tribunalarından
uzaqlaşdırılırlar.
Deputatlar palatası sədrinin sərəncamı ilə palatanın iclasları birbaşa
dövlət televiziyası və radiosu vasitəsi ilə translyasiya oluna bilər.
Hər bir palatanın iclası onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə
yetərsaylı hesab olunur. Yetərsay müəyyən edilərkən parlament və ya hökumət
vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar iclasda iştirak etməyən
deputatlar (senatorlar) da nəzərə alınır. Yəni parlament nümayəndə heyətinin
tərkibində səfərdə olan, parlament komissiyalarının iclasında iştirak edən,
yaxud hökumət işini həyata keçirən parlament üzvləri də yetərsayda
palataların iclasında iştirak edənlər kimi hesaba alınır. Palataların birgə
iclası zamanı isə yetərsay deputatların və senatorların birlikdə ümumi
sayının yarıdan çoxu hesab olunur.
Hökumət üzvləri parlamentin tərkibinə daxil olmasalar da palataların
iclaslarında iştirak edə və istənilən zaman çıxış edə bilərlər. Parlament
(yaxud palatalardan biri) tələb etdikdə hökumət üzvlərinin iclaslarda
iştirakı məcburidir.
Palataların iclasları, bir qayda olaraq, 3 aylıq müddət üçün nəzərdə tutulan
proqramlar üzrə keçirilir. Belə proqramlar uyğun palata sədrinin rəhbərliyi
ilə keçirilən parlament qrupları (fraksiyaları) rəhbərlərinin konfransında
hökumətin mövqeyi nəzərə alınmaqla təsdiq edilir. Palatanın fəaliyyətinin 3
aylıq proqramları parlament qrupları rəhbərlərinin konfransında yekdilliklə
(konsensus əsasında) təsdiq edilməli və uyğun palatanın iclaslarında
deputatların (senatorların) nəzərinə çatdırılmalıdır. İstənilən deputat
(senator) proqramın müzakirə olunmasını tələb edə bilər. Müzakirələrin
məqsədəuyğunluğu haqqında məsələ uyğun palata tərəfindən həll edilir. Palata
müzakirələri məqsədəuyğun hesab etdikdə proqram deputatlar (senatorlar)
tərəfindən müzakirə olunduqdan sonra səsvermə yolu ilə təsdiq edilir. Palata
müzakirələrin məqsədəuyğunluğu haqqında qərar qəbul etmədikdə isə təqdim
olunmuş proqram qəbul edilmiş sayılır. Üçaylıq proqram üzrə müzakirələr
açılarsa hər fraksiyadan bir parlament üzvünə 5 dəqiqə çıxış etməyə söz
verilir.
Üçaylıq fəaliyyət proqramı təsdiq olunduqdan sonra parlament qrupları
rəhbərlərinin konfransında hər 2 həftəlik dövr üçün qısamüddətli təqvim
planı hazırlanır. Qısamüddətli təqvim planının qəbul edilməsi üçün parlament
qrupları rəhbərlərinin konfransında konsensus əldə olunması tələb olunmur;
fikir ayrılığı olduqda məsələ uyğun palata tərəfindən qısa müzakirələrdən
sonra həll olunur. Bu məsələnin müzakirəsi zamanı da hər parlament qrupundan
bir nümayəndə 5 dəqiqə çıxış edə bilər. Lakin müzakirələrdə 3 aylıq
fəaliyyət proqramında dəyişikliklər edilməsini nəzərdə tutan və ya onun
ayrı-ayrı hissələrinin yerinə yetirilməsinə maneələr yaradan təkliflərə yol
verilmir.
Üçaylıq fəaliyyət proqramı və 2 həftəlik təqvim planı təsdiq olunduqdan
sonra hər bir iclasın konkret gündəliyi müəyyən olunur. Hər iclasın sonunda
palata sədri növbəti 2 gün üçün iclasın vaxtı və gündəliyini elan edir.
İclasın vaxtı və gündəliyinə dair başqa fikir olarsa qısa müzakirələr
açılır; bu müzakirələrdə 2 nəfər (iclasın elan olunmuş vaxtı və gündəliyin
lehinə və əleyhinə olanların hərəsindən bir nümayəndə) 10 dəqiqədən çox
olmamaqla çıxış etdikdən sonra açıq səsvermə yolu ilə qərar qəbul edilir.
Gündəlikdə nəzərdə tutulmayan məsələlərin müzakirəsinə yol verilmir.
Ayrı-ayrı hallarda iclasın əvvəlində, yaxud gündəliyin növbəti məsələsinə
keçilməzdən qabaq müvafiq palatanın xüsusi qərarı ilə gündəlikdə nəzərdə
tutulmayan məsələ də müzakirəyə qəbul edilə bilər. Belə qərar qrup
rəhbərlərindən hər birinin və ya 10 deputatın təklifi əsasında gizli
səsvermə yolu ilə iştirak edənlərin 2/3 hissəsinin səs çoxluğu ilə qəbul
edilməlidir.
Palataların hər bir iclası əvvəlki iclasın protokolunun oxunuşu ilə
başlanır. Protokola dair heç bir qeyd olmadıqda o, təsdiq olunmuş hesab
edilir; əgər protokolun səsə qoyulması tələb olunarsa səsvermə əl
qaldırmaqla həyata keçirilir. Deputatlar (senatorlar) protokoldakı faktların
düzgünlüyünə münasibət bildirə, yaxud əvvəlki iclasda söylədiyi fikirlərə
dair izahatlar verə bilərlər.
Protokol oxunduqdan və təsdiq olunduqdan sonra sədr, yaxud onun tapşırığı
ilə katib daxil olan müraciətləri və məktubları palatanın nəzərinə çatdırır;
imzasız müraciətlər və məktublar oxunmur. Kollektiv müraciətlər
(petisiyalar) barədə palataya məlumat verildikdən sonra onlar baxılmaq üçün
aid olduğu komissiyalara göndərilir.
b) Müzakirələrin təşkili
Parlamentin hər 2 palatasının iclaslarında protokol bəyənildikdən və daxil
olan müraciətlər (məktublar) oxunduqdan sonra gündəlikdə duran məsələlərin
müzakirəsinə başlanır. Müzakirələrdə iştirak etmək istəyən deputatlar
(senatorlar) uyğun palatanın bürosuna müraciət edərək çıxışa
yazılmalıdırlar. Müzakirə edilməli olan məsələ gündəliyə daxil edildikdən
sonra müzakirələrin 2-ci gününün axırınadək çıxışa yazılmaq olar.
Müzakirələrdə deputatlara (senatorlara) çıxış etmək üçün söz onların yazılma
ardıcıllığı ilə verilir. Lakin bu zaman müzakirə edilən məsələnin
tərəfdarlarının və əleyhdarlarının növbəliyi gözlənilməlidir. Yəni məsələnin
lehinə olan çıxışdan sonra dərhal onun əleyhinə olan deputata (senatora) söz
verilir. Deputatlar (senatorlar) çıxış etmək növbəsini öz aralarında
dəyişdirə bilərlər.
Parlamentin hər bir üzvü qanun və qətnamə layihəsinin müzakirəsi zamanı
ümumi məsələlər üzrə 45 dəqiqəyədək, ayrı-ayrı maddələr və düzəlişlər üzrə
isə 20 dəqiqəyədək çıxış edə bilər. Müəyyən olunmuş müddətdən artıq çıxış
edən deputatı (senatoru) 2 dəfə xəbərdarlıqdan sonra palata sədri sözdən
məhrum edir. Sədr həmçinin müzakirə edilən məsələnin mahiyyəti üzrə
danışmayan parlament üzvünü də 2-ci xəbərdarlıqdan sonra sözdən məhrum edə
bilər.
Deputatlar (senatorlar) öz çıxışlarını, bir qayda olaraq, şifahi şəkildə
edirlər. Lakin 30 dəqiqədən çox olmamaq şərti ilə yazılı nitqin oxunmasına
yol verilir.
Müzakirələr başlanana qədər istənilən deputat (senator) konkret əsaslar
göstərməklə həmin məsələni ümumiyyətlə müzakirə etməməyi (müzakirədən
çıxarmağı), yaxud da müəyyən hallar meydana çıxana qədər müzakirələri təxirə
salmağı təklif edə bilər. Müzakirə başlandıqdan sonra isə belə təkliflər azı
10 deputatın imzası ilə yazılı formada verilə bilər.
Məsələnin müzakirə edilməməsi və ya müzakirələrin təxirə salınması barədə
təkliflər verildikdə hər 2 palatada qısa müzakirələr açılır. Belə
müzakirələr zamanı Deputatlar Palatasında təklifi verən deputat da daxil
olmaqla təklifin lehinə 2, əleyhinə də 2 çıxış ola bilər.
Senatda isə hər parlament qrupundan bir nümayəndə təklifə münasibətini
bildirə bilər. Bu məsələyə dair çıxışetmə müddəti Deputatlar Palatasında 15,
Senatda isə 10 dəqiqədən çox ola bilməz. Məsələnin müzakirə edilməməsi
barədə təklif bir neçə əsasa görə verildikdə, həmin əsaslar eyni zamanda
müzakirə edilir; belə müzakirələrdə təklifi verən deputat da daxil olmaqla
hər parlament qrupundan bir nümayəndə çıxış edə bilər. Müzakirələrin sonunda
məsələ sadə səsvermə yolu ilə həll edilir. Məsələnin müzakirə edilməməsi
barədə qərar qəbul edildikdə həmin məsələ palatanın gündəliyindən çıxarılır.
Müzakirələrin təxirə salınması barədə qərar qəbul edildikdə isə həmin məsələ
üzrə müzakirələrin yenidən başlanma tarixi də qabaqcadan müəyyən olunur.
Palatanın iclaslarında reqlamentə, gündəliyə, iş qaydasına və səsvermənin
növbəliyinə aid olan məsələlərə baxılarkən məsələni qaldıran deputatdan
(senatordan) sonra hər biri 15 dəqiqədən çox olmamaqla lehinə və əleyhinə
bir çıxışdan sonra səsvermə keçirilir.
Eyni bir məsələnin müzakirəsi zamanı hər parlament üzvü yalnız bir dəfə
çıxış edə bilər. Bundan başqa, səsvermənin motivlərinə, şəxsi məsələlərə,
reqlamentə, iş qaydasına, gündəliyə sorğu verilməsinə, səsvermənin
növbəliyinə aid olan məsələlər üzrə də həmin deputatın (senatorun) çıxış
etmək hüququ vardır. Şəxsi məsələlər üzrə çıxışlara parlament üzvünün
davranışı və ya söylədiyi fikir yanlış yozulduqda yol verilir.
Müzakirələr reqlamentlə məhdudlaşdırılmayan hallarda parlament
komissiyalarından birinin sədri və ya 10 deputat (8 senator) istənilən zaman
müzakirələrə son qoyulmasını tələb edə bilər. Belə tələbin verilməsi qısa
müzakirələrə səbəb olur. Deputatlar Palatasında müzakirələrə son
qoyulmasının lehinə və əleyhinə bir çıxışdan, Senatda isə hər parlament
qrupundan bir nümayəndənin çıxışından sonra məsələ səsvermə yolu ilə həll
edilir. Baxılan məsələ üzrə müzakirələrə son qoyulması haqqında qərar qəbul
edildikdə hər parlament qrupundan bir nümayəndə həmin məsələ üzrə çıxış edə
bilər. Müzakirələr başa çatdıqdan sonra əsas məruzəçi varsa ona söz verilir.
Daha sonra isə nazirlər hökumət adından bəyanatla, deputatlar (senatorlar)
isə səsvermənin motivləri üzrə çıxış edə bilərlər.
v) Səsvermə qaydaları
Parlamentin hər 2 palatasında həm açıq və həm də gizli səsvermədən istifadə
olunur.
Açıq səsvermə əl qaldırmaqla, qruplara bölünməklə, adbaad çağırmaqla, gizli
səsvermə isə bülletenlə həyata keçirilir. Son vaxtlar tətbiq olunmasa da ağ
(lehinə) və qara (əleyhinə) şarlardan istifadə etməklə gizli səsvermə
keçirmək mümkündür.
Həm açıq, həm də gizli səsvermə zamanı elektron qurğulardan istifadə oluna
bilər.
Hər 2 palatada səsvermənin adi qaydası əl qaldırmaqdır. Lakin palata sədri
səslərin hesablanmasını asanlaşdırmaq məqsədilə elektron qurğularından
istifadə etməklə səsvermə keçirilməsi barədə sərəncam verə bilər. Son
dövrlərin parlament təcrübəsində elektron qurğulardan istifadə edilməsi
səsvermənin üstün qaydasına çevrilmişdir. Palataların hər iclasında elektron
qurğularından ilk dəfə istifadə edilərkən deputatlar (senatorlar) bu barədə
səsvermədən azı 20 dəqiqə əvvəl xəbərdarlıq edilirlər. İclasın sonrakı
gedişində elektron qurğulardan istifadə etməklə səsvermə keçirilməsi üçün
xəbərdarlıq tələb olunmur.
Əl qaldırmaqla səsvermənin yoxlanılması tələb olunduğu hallarda da elektron
qurğulardan istifadə olunur. Bu zaman parlament üzvləri səsvermədən 5 dəqiqə
əvvəl xəbərdar edilirlər. Elektron qurğular işləmədikdə əl qaldırmaqla
səsvermənin nəticələri qruplara bölünməklə yoxlanır. Qruplara bölünməklə
səsvermə zamanı palatanın sədri məsələnin lehinə və əleyhinə olan
deputatlardan (senatorlardan) iclas salonunun ayrı-ayrı yerlərində
toplanmağı xahiş edir və katiblər səsvermənin nəticələrini sayırlar.
Adbaad səsvermə Deputatlar Palatasında parlament qruplarından birinin
sədrinin və ya 15 deputatın, Senatda isə yalnız 15 senatorun tələbi ilə
keçirilir. Gizli səsvermə isə parlament qruplarından birinin sədrinin, yaxud
20 deputatın tələbi ilə keçirilir. Eyni zamanda həm adbaad, həm də gizli
səsvermə tələb olunduqda gizli səsverməyə üstünlük verilir.
Adbaad səsvermə hər bir parlament üzvünün necə səs verdiyini qeydə almaqla
elektron qurğular vasitəsilə, yaxud da deputatları (senatorları) soyadları
üzrə çağırmaqla həyata keçirilə bilər. Soyadlar üzrə çağırmaqla adbaad
səsvermə zamanı səs verməli olan ilk deputat (senator) püşkatma ilə müəyyən
olunur, sonra isə əlifba qaydası tətbiq olunur.
Palataların reqlamenti bir sıra hallarda səsvermənin məcburi qaydasını
müəyyən edir. Belə ki, hökumətə etimad, yaxud etimadsızlıq göstərilməsi
məsələsi üzrə yalnız soyadlar üzrə adbaad çağırmaqla səsvermə keçirilir. Hər
2 palatanın orqanlarının seçkiləri zamanı bülletenlərlə gizli səsvermə
qaydası tətbiq olunur. Maliyyə qanunları üzrə bütün səsvermələr, digər qanun
layihələri üzrə isə yekun səsvermə həmişə açıq keçirilir.
5. QanuNvericilik prosesi
İtaliya parlamentində qanunvericilik funksiyası hər 2 palata tərəfindən
həyata keçirilir. Qanunvericilik təşəbbüsü hüququ hökumətə, deputatlara və
senatorlara məxsusdur. Digər orqanlar qanunvericilik təşəbbüsü hüququnu
məhdud dairəli məsələlər üzrə həyata keçirə bilərlər. Belə ki, parlamentin
və hökumətin yanında məşvərətçi orqan olan Milli İqtisadiyyat və Əmək Şurası
iqtisadi və sosial məsələlər üzrə, vilayətlərin qanunvericilik hakimiyyəti
orqanı olan vilayət şuraları yalnız öz səlahiyyətlərinə aid edilən məsələlər
üzrə, yerli bələdiyyələr olan kommuna şuraları isə eyni bir vilayət
hüdudlarında yeni əyalətlərin sərhədlərinin dəyişdirilməsi məsələləri üzrə
qanunvericilik təşəbbüsü üzrə çıxış edə bilərlər.
Bundan başqa, İtaliyanın Konstitusiya qanunvericiliyi xalq təşəbbüsü
qaydasında qanun layihələrinin irəli sürülməsini də nəzərdə tutur. Xalq
təşəbbüsü qaydasında qanun layihələri azı 50 min seçicinin imzası ilə irəli
sürülə bilər. Xalq təşəbbüsü konkret qanun maddələrinin layihəsi formasında
tərtib edilməli və müvafiq izahat məruzəsi ilə müşayiət olunmalıdır. İmza
vərəqlərində qanun layihəsinin mətni çap olunmalı və seçicilərin imzaları
kommuna şurasının, yaxud məhkəmə idarələrinin dəftərxanasında təsdiq
edilməlidir. Xalq təşəbbüsünün qaldırılması, imzaların toplanması və qanun
layihəsinin parlamentə təqdim edilməsi 6 ay müddətində həyata
keçirilməlidir. Əks halda toplanmış seçici imzaları etibarsız sayılır.
Qanunvericilik təşəbbüsü hüququnun subyektləri tərəfindən qanun layihələri
parlamentin hər 2 palatasına təqdim oluna bilər. Yalnız büdcə haqqında
qanunlar üçün fərqli qaydalar müəyyən edilmişdir. Belə ki, büdcə haqqında
qanunlar parlamentin palatalarına növbə ilə - bir il Deputatlar Palatasına,
o biri il isə Senata təqdim olunur.
Palataya təqdim olunmuş qanun layihəsi onun bürosunda qeydiyyata alınır.
Büro daxil olan qanun layihəsi barədə palataya məlumat verir, sonra isə onu
çoxaldaraq deputatlara (senatorlara) paylayır. Qanun layihəsini uyğun palata
sədri təkbaşına aidiyyəti üzrə baxılmaq üçün uyğun komissiyaya göndərir.
Lakin 2 gün müddətində parlament qruplarından birinin sədri və ya 10 deputat
sədrin qərarına etiraz edə və layihənin başqa komissiyaya göndərilməsini
tələb edə bilər. Belə tələb olduqda qısa müzakirə proseduru tətbiq edilir
(Deputatlar Palatasında lehinə və əleyhinə bir çıxışdan, Senatda isə hər
parlament qrupundan bir nümayəndənin çıxışından sonra məsələ səsvermə yolu
ilə həll edilir).
Palata tərəfindən əvvəllər rədd edilmiş qanun layihələrini təkrarlayan
layihələr rədd edilmə günündən 6 ay keçməmişsə baxılmaq üçün komissiyaya
göndərilə bilməz.
Qanun layihəsi komissiyaya göndərildikdən sonra 2 komissiya ona birgə baxmaq
xahişi ilə palata sədrinə müraciət edə bilər. Qanun layihəsinin aidiyyətinə
dair bir neçə komissiya arasında mübahisə olarsa məsələni sədr təkbaşına
həll edir. Sədr zəruri hesab etdikdə bu məsələni reqlament üzrə cuntanın
müzakirəsinə verə bilər.
Layihənin göndərildiyi komissiyada ona digər qərar qəbul edilənədək palata
sədri və ya həmin komissiya başqa komissiyadan da rəy bildirməsini xahiş edə
bilər. Bu halda həmin komissiya 8 gün (qanun layihəsi təcili elan olunduqda
isə 3 gün) müddətində öz rəyini bildirməlidir.
Hökumət, parlament qruplarından birinin sədri və ya 10 deputat qanun
layihəsinin təqdim edilməsi ilə eyni zamanda, yaxud da sonralar layihənin
təcili elan olunması barədə məsələ qaldıra bilər. Qanun layihəsinin təcili
elan olunması haqqında məsələ palatanın növbəti iclasının gündəliyinə daxil
edilir və qısa müzakirə proseduru üzrə baxılır. Belə ki, lehinə və əleyhinə
bir çıxışdan, habelə hökumət tələb etdikdə onun rəyi öyrənildikdən sonra
məsələ səsverməyə qoyulur. Təcili elan olunmuş qanun layihələrinin müzakirə
müddətləri 2 dəfə qısaldılır.
Komissiyaya göndərilmiş qanun layihəsi onun referent iclasında baxılır və
palata üçün məruzə hazırlanır. Komissiya sədri üzvlərdən birini layihə üzrə
məruzəçi kimi təyin edə bilər. Komissiyada müzakirələrin gedişində parlament
azlığının proporsional təmsilçiliyini gözləmək şərtilə qanun layihəsinin
sonrakı müzakirəsi və ayrı-ayrı maddələrin dəqiqləşdirilməsi üçün məhdud
saylı üzvlərdən ibarət komitə yaradıla bilər.
Qanun layihəsi komissiyaya göndərildikdən sonra məruzə ən geci 4 ay
müddətində palataya təqdim olunmalıdır. Komissiyada təcili elan olunmuşlarla
yanaşı parlament qrupları adından təqdim olunmuş layihələr üstün qaydada
baxılır. Belə layihələr komissiyaya göndərildikdən ən geci bir ay sonra
öyrənilməyə başlanılmalıdır.
Müəyyən olunmuş müddət keçdikdən sonra komissiyanın məruzəsi hazır olmazsa
layihəni təqdim edən deputat, parlament qruplarından birinin sədri və ya 10
deputatın tələbi ilə qanun layihəsi təqdim olunduğu şəkildə palatanın
müzakirəsinə çıxarılır. Layihənin göndərildiyi komissiyanın xahişi ilə
mə’ruzənin təqdim edilməsi üçün müəyyən olunmuş müddəti konkret vaxt
göstərilməklə palata uzada bilər.
Komissiyada müzakirələr başa çatdıqdan və məruzə hazır olduqdan sonra qanun
layihəsi üzrə məruzəçi tə’yin olunur və parlament azlığının proporsional
təmsilçiliyini gözləmək şərtilə 9 üzvdən ibarət komitə yaradılır (9-lar
komitəsi); bu komitənin əsas funksiyası bilavasitə palatadakı müzakirələr
zamanı irəli sürülmüş düzəlişləri öyrənməkdir. Komissiyanın əksər üzvləri
ilə razılaşmayan azlıqda qalan qrup da öz məruzəçisini təyin edə bilər.
Palatalarda qanun layihəsinə baxılması 2 mərhələdən keçir: 1) qanun
layihəsinin ümumi istiqamətlərinin müzakirəsi; 2) qanun layihəsinin maddələr
üzrə müzakirəsi.
Qanun layihəsinin ümumi istiqamətlərinin müzakirəsi hər biri 20 dəqiqədən
çox olmamaqla parlament çoxluğunun və azlığının təmsilçilərinin, habelə
hökumət nümayəndəsinin çıxışlarından ibarətdir.
Parlament qruplarından birinin sədri və ya 10 deputat həmin çıxışlardan
sonra məhdud müzakirələr açılmasını tələb edə bilər. Belə məhdud
müzakirələrdə hər parlament qrupundan bir nümayəndə, habelə mənsub olduğu
qrupun mövqeyi ilə razılaşmayan deputatlar çıxış edə bilərlər. Ayrı-ayrı
hallarda palatada qanun layihəsinin müzakirəsinin başlanmasına 24 saat
qalanadək parlament qruplarından birinin sədri və ya 10 deputat ümumi
istiqamətlərin geniş müzakirəsini təklif edə bilər. Bu halda zəruri olan
iclasların sayını və onların keçirilmə tarixlərini razılaşdırmaq, habelə
çıxışetmə qaydasını müəyyənləşdirmək üçün parlament qrupları sədrlərinin
konfransı çağırıla bilər.
Qanun layihəsinin əsas istiqamətlərinin müzakirəsi zamanı istənilən deputat
(senator) maddələr üzrə müzakirəyə keçməyin əleyhinə olan qətnamə layihəsi
təqdim edə və 10 dəqiqə müddətində onu əsaslandıra bilər. Ümumi
istiqamətlərin müzakirəsi başa çatdıqdan sonra həmin qətnamə layihəsi səsə
qoyulur; qətnamə qəbul edilərsə qanun layihəsi rədd olunmuş hesab edilir;
əks halda maddələr üzrə müzakirə başlayır.
Qanun layihəsinin maddələr üzrə müzakirəsi prosesində əvvəlcə hər bir maddə
ayrılıqda, sonra isə həmin maddəyə təklif edilən düzəlişlər müzakirə olunur.
Bu zaman bütün düzəlişlərin hamısı izah olunana qədər müzakirələr davam
etməlidir.
Hər bir maddə və ona təklif edilən düzəlişlər müzakirə edildikdən sonra
onlar üzrə səsvermə keçirilir. Səsvermə maddənin əsas mətnindən daha çox
fərqlənən düzəlişlərdən başlayır: əvvəlcə maddənin tamamilə, sonra isə
qismən ləğv olunmasını nəzərdə tutan düzəlişlər səsə qoyulur. Daha sonra
mətndə dəyişikliklər edən, sonda isə dəqiqləşdirici düzəlişlər səsə qoyulur.
Axırda maddə bütövlükdə səsə qoyulur.
Maddələr üzrə müzakirələrə keçməzdən əvvəl palata qanun layihəsinin redaktə
olunması və ayrı-ayrı maddələrin lazımi qaydada tərtibi üçün onu
səlahiyyətli və ya xüsusi komissiyaya göndərə və bu zaman komissiya üçün
məcburi meyar və prinsiplər müəyyən edilə bilər.
Maddələr üzrə müzakirələr başa çatdıqdan sonra qanun layihəsi üzrə yekun
səsvermə keçirilir. Palata sədri yekun səsverməni növbəti iclasa keçirə
bilər.
Palatalardan biri qəbul etdiyi qanun layihəsini baxılmaq üçün digərinə
göndərir. Həmin palata da qanun layihəsini olduğu kimi qəbul edərsə, qanun
imzalanmaq üçün hökumət vasitəsilə respublika prezidentinə göndərilir;
layihəyə dəyişikliklər və düzəlişlər edilərsə yenidən müzakirə üçün onu ilk
qəbul etmiş palataya qaytarılır.
Prezidentin qanun layihəsinə münasibətdə nisbi veto hüququ var; o, qanun
layihəsinə yenidən baxılmasını tələb edə bilər. Hər 2 palatada qanun
layihəsi yenidən adi səs çoxluğu ilə qəbul edilərsə prezident qanunu
imzalamağa borcludur.
İtaliyada qanunvericilik prosesinin bir xüsusiyyəti bundan ibarətdir ki,
palata ayrı-ayrı hallarda xüsusi əhəmiyyət kəsb etməyən qanun layihələrini
müzakirə və qəbul etməyi daimi və ya xüsusi komissiyaya həvalə edə bilər.
Qanun layihəsinin qəbul edilməsinin komissiyaya tapşırılması yalnız palata
sədrinin təklifi ilə qısa müzakirədən (lehinə və əleyhinə bir çıxış) sonra
səsvermə yolu ilə həll edilir. Hökumətin nümayəndəsi və ya palata üzvlərinin
1/10 -i təklifə etiraz edərsə qanun layihəsinin qəbulu komissiyaya tapşırıla
bilməz.
Konstitusiyada dəyişikliklər edilməsini nəzərdə tutan konstitusiya qanunu
layihəsinin müzakirəsinin də bəzi xüsusiyyətləri vardır. Konstitusiya qanunu
layihəsi hər 2 palatadə 3 aylıq fasilə ilə 2 oxunuşdan keçməli və hər 2
palatada üzvlərin ümumi sayının mütləq səs çoxluğu ilə qəbul edilməlidir.
Belə qanunlar dərc edildikdən sonra 3 ay müddətində deputatların
(senatorların) 1/5 hissəsinin və ya 500 min seçicinin, yaxud da 5 Vilayət
Şurasının tələbi ilə həmin qanun üzrə referendum keçirilə bilər.
Konstitusiya qanunu hər 2 palatada üzvlərin ümumi sayının 2/3 hissəsinin səs
çoxluğu ilə qəbul edilərsə referendum keçirilmir.
| 1 | 2 | |