top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 02 - Parlament təcrübəsi (pt)

İTALİYA PARLAMENTİ

Qulamhüseyn Əliyev,
 
Milli Məclisin üzvü

Mənbə: "Məşvərət", N27, 2000


1. Quruluşu və təşkili qaydası

İtaliya parlamenti Deputatlar Palatasından və Respublika Senatından ibarət 2 palatalı quruluşa malikdir. Deputatlar Palatası 630 deputatdan, Senat isə 315 senatordan ibarətdir.

Deputatların və senatorların 3/4 hissəsi majoritar seçki sistemi əsasında birmandatlı seçki dairələri üzrə, 1/4 -i isə proporsional seçki sistemi əsasında seçilir. Seçkilər ümumi və birbaşadır.

Deputatlar Palatasına seçkilərin keçirilməsi üçün ölkə ərazisi 27 böyük seçki dairəsinə bölünür. Seçki dairələrinin ərazisi əsasən inzibati-ərazi vahidləri olan vilayətlərin ərazilərinə uyğun gəlir. Yalnız Pyemont, Venetsiya, Lasio, Siciliya və Kampanya vilayətləri 2, Lombarziya vilayəti isə 3 seçki dairəsinə bölünür. Böyük seçki dairələri birmandatlı daha kiçik seçki dairələrinə bölünür. Deputat yerləri vahid təmsilçilik norması əsasında əhalisinin sayına mütənasib olaraq seçki dairələri arasında bölüşdürülür. Bunun üçün sonuncu siyahıyaalmanın nəticələrinə əsasən əhalinin ümumi sayı bütün deputat yerlərinin sayına (yəni 630-a) bölünür və vahid təmsilçilik norması müəyyən edilir. Sonra isə seçki dairəsi əhalisinin sayı vahid təmsilçilik normasına bölünür və hər dairədən seçiləcək deputatların sayı müəyyən olunur.

Senata seçkilər isə vilayətlər üzrə keçirilir. Hər vilayət azı 7 senator seçir. Daha azsaylı əhalisi olan 2 vilayət istisnalıq təşkil edir - onlardan biri 2, digəri isə yalnız 1 senator seçir.

Seçkilər günü 25 yaşı tamam olan və seçki hüquqlu hər bir vətəndaş deputat seçilmək imkanına malikdir.

Senator seçilmək üçün isə azı 40 yaşa çatmaq tələb olunur. Deputat seçkilərində səsvermə hüququna 18 yaşa, senator seçkilərində isə 25 yaşa çatmış vətəndaşlar malikdir.

İtaliya parlamentinə seçkilər zamanı proporsional seçki sisteminin tətbiqinin bəzi xüsusiyyətləri vardır. Belə ki, deputatlığa namizədlərin vahid siyahısı üzrə səsvermə keçirilərkən seçicilər siyahıdakı konkret namizədlərdən hansına üstünlük verdiklərini göstərir. Deputat mandatlarının bölüşdürməsində yalnız 4 faizlik səddi aşan siyasi partiyalar iştirak edir. Senator seçkiləri zamanı isə belə bir sədd müəyyən olunmayıb; seçkilərdə iştirak edən bütün siyasi partiyalar senator yerlərinin bölüşdürülməsində iştirak etməyə buraxılır.

Senatın tərkibinə seçkili üzvlərdən başqa, digər şəxslər də daxildir. Belə ki, İtaliya Respublikasının sabiq prezidentləri özləri imtina etmədikdə ömürlük senator olurlar. Eyni zamanda prezident sosial, elmi, bədii və ədəbi sahələrdə görkəmli nailiyyətlərinə görə ümumi sayı 5-dən çox olmamaq şərtilə ömürlük senatorlar təyin edə bilər.

Hər 2 palatanın səlahiyyət müddəti 5 ildir. Lakin respublika prezidenti hər 2 palatanın sədri ilə məsləhətləşdikdən sonra bütövlükdə parlamenti və ya palatalardan birini buraxa bilər.

Palatalar ayrı-ayrılıqda fəaliyyət göstərir. Respublika prezidenti seçilərkən və and içərkən, prezident məhkəməyə verilərkən və bunun üçün mümkün hakimlərin siyahısı formalaşdırılarkən, Ali Magistratura Şurası üzvlərinin və Konstitusiya Məhkəməsi hakimlərinin 1/3 hissəsi seçilərkən hər 2 palatanın birgə iclasları keçirilə bilər.

Səlahiyyət və funksiya baxımından palatalar arasında heç bir fərq yoxdur. İtaliya parlamenti ənənəvi olaraq digər parlamentlərə xas olan funksiyaları həyata keçirir.

İtaliya parlamenti qeyri-məhdud səlahiyyətli parlamentlər kateqoriyasına aiddir. Belə ki, parlamentin qanunvericilik səlahiyyətləri hüquqi cəhətdən məhdudlaşdırılmır, o, prinsipcə istənilən məsələ üzrə qanunvericiliyi həyata keçirə bilər. Qanunvericilikdən başqa, İtaliya parlamenti dövlət büdcəsini qəbul edir və onun icrasına nazarət edir, hökumətin fəaliyyətinə siyasi nəzarəti həyata keçirir, bir sıra dövlət orqanlarının formalaşmasında iştirak edir, prezidentin müharibə vəziyyəti elan etməsinə razılıq verir, beynəlxalq müqavilələri təsdiq edir və bir sıra digər funksiyaları həyata keçirir.

2. Daxili quruluşu

a) Palataların rəhbər orqanları

İtaliya parlamentinin hər 2 palatasının fəaliyyətinə uyğun palatanın bürosu və parlament qrupları sədrlərinin konfransı rəhbərlik edir.

Palataların bürosu kollegial orqan kimi uyğun palatanın büdcəsini və onun icrası haqqında hesabatı təsdiq edir, parlament qruplarının formalaşdırılması ilə əlaqədar olan məsələləri həll edir, parlament komissiyalarının tərkibinə dair qrupların şikayətlərinə baxır və bu barədə qərarlar qəbul edir, palatanın kitabxanasının iş qaydasını müəyyənləşdirir, sədrin təklifi ilə palatanın baş katibini təyin edir, palatadaxili idarəçilik qaydalarını, ayrı-ayrı xidmətlərin fəaliyyət qaydalarını, xidməti heyətin həvəslindirilməsi tədbirlərini və intizam məsuliyyətini müəyyən edir, palata iclaslarına buraxılış qaydalarını təsdiqləyir, sədrin təklifi ilə iclas salonunda qaydanı kobud şəkildə pozan deputatlara (senatorlara) münasibətdə intizam sanksiyasının tətbiq olunması barədə qərarlar qəbul edir.

Palata bürosunun tərkibinə (hər 2 palatada) onun sədri, sədrin 4 müavini, 3 kvestor və 8 katib daxildir. Büronun tərkibində bütün parlament qruplarının nümayəndələri təmsil olunmalıdır. Büro palatanın bütün səlahiyyət müddəti üçün təşkil olunur.

Hər 2 palatanın sədri gizli səsvermə yolu ilə seçilir. Deputatlar Palatasının sədrinin seçilməsi üçün birinci dövrədə deputatların ümumi sayının 2/3-sinin, ikinci dövrədə iştirak edənlərin 2/3 hissəsinin, üçünci dövrədə isə iştirak edənlərin mütləq (yarıdan çoxunun) səsi tələb olunur. Senatın sədri isə ilk 3 dövrədə senatorların mütləq səs çoxluğu ilə, dördüncü dövrədə isə üçüncü dövrədə daha çox səs toplamış 2 namizədin iştirak etməsi şərtilə sadə səs çoxluğu ilə seçilir.

Sədr uyğun palatanı təmsil edir, onun işinin lazımi qaydada təşkilini və reqlamentə əməl olunmasını təmin edir, müzakirələrin gedişinə rəhbərlik edir, çıxış etmək üçün deputatlara (senatorlara) söz verir, iclas salonunda qaydanı təmin edir, çıxış edənlərə suallar verir, səsvermənin qaydasını müəyyən edir və onun nəticələrini elan edir, palatanın kvestorlarının və katiblərinin öz vəzifələrini yerinə yetirməsinə nəzarət edir, palatanın bürosunun iclasını çağırır və onun gündəliyini müəyyən edir, qrup sədrləri konfransının işinə rəhbərlik edir.

Palatanın sədri uyğun palatanın fövqəladə sessiyasını çağıra bilər. Respublika prezidenti parlamentin və ya palatalardan birinin buraxılması haqqında məsələni həll edərkən hər 2 palatanın sədri ilə məsləhətləşməlidir.

Bunlardan başqa, hər 2 palata sədrinin özünəməxsus funksiyaları da vardır. Belə ki, Senatın sədri respublika prezidenti hər hansı səbəbdən öz funksiyalarını yerinə yetirə bilmədikdə, onu əvəz edir. Deputatlar Palatasının sədri isə hər 2 palatanın birgə iclasına rəhbərlik edir.

Palata sədri müavinlərinin müstəqil funksiyaları yoxdur. Müavinlər yalnız sədrə öz səlahiyyətlərini həyata keçirməkdə kömək edir və sədr olmadıqda, yaxud öz vəzifələrini yerinə yetirə bilmədikdə onu növbə ilə əvəz edirlər.

Kvestorlar inzibati və maliyyə funksiyalarını həyata keçirirlər. Onlar palata büdcəsinin layihəsini və onun icrası haqqında hesabatı hazırlayır və palatanın bürosuna təqdim edir, palatanın xərclərinə, rəsmi mərasim qaydalarına riayət olunmasına nəzarət edir və iclaslar zamanı sədrin göstərişlərinə əsasən qaydanı təmin edirlər.

Katiblər palata iclaslarının protokollarını aparır və onları elan edir, müzakirələr zamanı çıxış etmək istəyən deputatların (senatorların) siyahısını onların müraciətlərinin daxilolma ardıcıllığı ilə tərtib edir, daxil olan sənədləri və təklifləri palata qarşısında oxuyur, qərarları yazır, adbaad sorğunu təşkil edir və keçirir, səsvermənin düzgün keçirilməsinin təmin olunmasında sədrə kömək edir, tələb olunduğu hallarda xüsusi rəyləri qeydə alır, sədrin müəyyən etdiyi vaxtda iclasların stenoqrafik hesabatlarının dərc olunmasını və orada deputatların (senatorların) çıxışlarının dəqiq ifadə olunmasını təmin edir, sədrin göstərişləri əsasında palatanın işinin normal getməsinə kömək edirlər.

Qrup sədrlərinin konfransları palatanın və komissiyaların işini planlaşdırır və iclasların gündəliyini tərtib edir. Konfransın tərkibinə parlament qruplarının (fraksiyaların) sədrləri və hökumətin nümayəndəsi daxildir. Konfransın işinə palatanın sədri rəhbərlik edir. Sədr konfransı öz təşəbbüsü, hökumətin və ya qrup rəhbərliyindən birinin xahişi ilə çağırır. Konfransın işinə palata sədrinin müavinləri və parlament komissiyalarının sədrləri də dəvət oluna bilər.

b) Komissiya və cuntalar

İtaliya parlamentində daimi, xüsusi və istintaq komissiyaları yaradılır.

Daimi komissiyalar palatanın səlahiyyətlərinə aid olan məsələləri qabaqcadan hazırlamaq, qanun layihələrini ilkin qaydada müzakirə etmək üçün yaradılır. Daimi komissiyaların tərkibində bütün parlament qrupları öz saylarına mütənasib olaraq təmsil olunmalıdır. Deputatlar yalnız bir daimi komissiyanın üzvü ola bilər. Senatda isə üzvlərinin sayı komissiyaların sayından az olan qruplara eyni bir senatoru 2 komissiyaya təyin etməyə icazə verilir. Deputat və ya senator hökumət üzvü təyin edildikdə onun üzv olduğu komissiyanın mənsub olduğu parlament qrupu başqa üzv (o cümlədən digər komissiyanın üzvünü də) təyin edə bilər. Bundan başqa, konkret qanun layihəsinin müzakirəsi zamanı palata sədrinin qabaqcadan razılığını almaqla parlament qrupu hər hansı daimi komissiyadakı üzvünü müvəqqəti əvəz edə bilər. Deputat (senator) hər hansı səbəbdən komissiyanın iclasında iştirak etmədikdə mənsub olduğu parlament qrupunun üzvlərindən biri komissiya sədrinə məlumat verməklə onu əvəz edə bilər.

Daimi komissiyalar hər 2 ildən bir yenidən təşkil edilir. Bu zaman onların tərkibi yeniləşməyə də bilər. Hər daimi komissiyada sədrdən, 2 müavindən və 2 katibdən ibarət büro yaradılır. Komissiyanın sədri, sədrin müavinləri və katiblər komissiyanın iclaslarında gizli səsvermə ilə seçilirlər.

Daimi komissiyalar əsasən hökumətin fəaliyyət istiqamətlərinə uyğun yaradılır. Belə ki, Deputatlar Palatasında aşağıdakı daimi komissiyalar təşkil edilir: 1) Konstitusiya məsələləri. Dövlətin quruluşu. Vilayətlər. Dövlət qulluğunun ümumi məsələləri; 2) Nazirlər Şurasının fəaliyyəti. Daxili işlər. Dövlət müəssisələri; 3) Xarici işlər. Emiqrasiya; 4) Ədliyyə; 5) Büdcə və planlaşdırma. Xüsusi bölmədə dövlətin iştirakı; 6) Maliyyə və xəzinədarlıq; 7) Müdafiə; 8) Təhsil və incəsənət; 9) İctimai işlər; 10) Nəqliyyat və mülki aviasiya. Ticarət donanması. Poçt, rabitə, radio və televiziya; 11) Kənd və meşə təsərrüfatı; 12) Sənaye və ticarət. Sənətkarlıq. Xarici ticarət; 13) Əmək. Sosial təminat və sığorta. Kooperasiya; 14) Gigiyena və səhiyyə.

Senatda isə aşağıdakı daimi komissiyalar yaradılır; 1) Konstitusiya məsələləri. Nazirlər Şurasının və Daxili İşlər Nazirliyinin fəaliyyəti. dövlətin quruluşu və dövlət qulluğu məsələləri; 2) Ədliyyə; 3) Xarici işlər; 4) Müdafiə; 5) İqtisadi planlaşdırma. Büdcə, Dövlətin iştirakı; 6) Maliyyə və xəzinədarlıq; 7) Təhsil və incəsənət, Elmi tədqiqatlar, Tamaşa və idman; 8) İctimai işlər. Rabitə; 9) Kənd təsərrüfatı; 10) Sənaye. Ticarət. Turizm; 11) Əmək. Emiqrasiya. Sosial təminat məsələləri; 12) Gigiyena və səhiyyə.

Daimi komissiyalar uyğun palataya təqdim edəcəkləri məruzə üzrə məsələləri öyrənmək üçün referent iclasları, fikir mübadiləsi aparmaq üçün məşvərətçi iclaslar, qanun layihələrinə baxmaq və təsdiq etmək üçün qanunvericilik iclasları keçirir. Bunlardan başqa, daimi komissiyalar hökumət məlumatlarını dinləyir və müzakirə edir. Daimi komissiyalar öz səlahiyyətləri çərçivəsində konkret məsələləri öyrənmək məqsədilə daimi komitələr yarada bilər.

Xüsusi komissiyalar ictimai əhəmiyyətli ayrı-ayrı məsələləri daha ətraflı öyrənmək və müvafiq palataya məruzə hazırlamaq üçün yaradılır.

Ayrı-ayrı hadisələrə və şəxslərə aid olan müəyyən məlumatların araşdırılması və yoxlanılması məqsədilə parlament istintaq komissiyaları yaradılır. Parlament istintaq komissiyalarını hər bir palata ayrılıqda, yaxud hər 2 palata birgə yarada bilər. Parlament istintaq komissiyaları yaradıldıqları məsələlər üzrə məhkəmə hakimiyyəti səlahiyyətlərinə malik olur.

İtaliya parlamentində komissiyalarla yanaşı, cunta adlandırılan xüsusi deputat orqanları yaradılır. Cuntalar, bir qayda olaraq, palatadaxili məsələlər üzrə yaradılır. Hər 2 palatada reqlament məsələri üzrə, seçki məsələri üzrə və deputat (senator) toxunulmazlığı məsələləri üzrə, Senatda isə həmçinin Avropa Birliyi işləri üzrə cuntalar təşkil olunur.

Reqlament məsələləri üzrə cunta uyğun palatanın reqlamentinə dair təklifləri öyrənir, reqlamentin müddəalarını təfsir edir, qanun layihələrinin aidiyyəti məsələlərinə dair daimi komissiyalar arasındakı mübahisələri həll edir, parlament təcrübəsinə əsəslanaraq reqlamentə dəyişikliklər və əlavələr edilməsi təklifi ilə çıxış edir.

Seçki məsələləri üzrə cunta deputatların (senatorların) seçkilərinin seçki qanunvericiliyinə və prosedurlarına uyğun olub-olmamasını yoxlayır, parlament üzvü statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğuliyyət məsələlərini araşdırır, bunun nəticəsində deputat mandatının (senator mandatının) təsdiq olunması, ləğv edilməsi və ya itirilməsi haqqında müvafiq palataya təkliflər verir.

Toxunulmazlıq məsələləri üzrə cunta müvafiq palata sədrinin sorğusu əsasında deputatın (senatorun) toxunulmazlığının məhdudlaşdırılması və ya ləğv olunması məsələlərinə baxır, parlament üzvünün cinayət məsuliyyətinə cəlb olunmasına razılıq verilməsi, yaxud verilməməsi və ya başqa tədbirlər tətbiq olunması barədə təkliflərini palataya bildirir.

Avropa Birliyi işləri üzrə cunta Avropa Birliyinə aid olan sazişlərin tətbiqinə dair qanun layihələri üzrə rəy bildirir, Avropa Birliyinin fəaliyyəti ilə bağlı məsələləri və məruzələri öyrənir, Avropa Birliyinin normativ aktları, Avropa Parlamentinin qərar və qətnamələri barədə rəy verir.

v) Parlament fraksiyaları

Deputatlar və senatorlar parlament qrupları adlandırılan fraksiyalarda birləşə bilərlər. Deputatlar Palatasında parlament qrupunun yaradılması üçün azı 20 deputatın birləşməsi zəruridir. Ayrı-ayrı hallarda palatanın bürosu 20-dən az deputatın iştirakı ilə də parlament qrupunun yaradılmasına razılıq verə bilər, bu şərtlə ki, həmin deputatlar lazımi qaydada təşkil olunmuş və faliyyət göstərən siyasi partiyanı təmsil etsin və həmin partiya parlament seçkiləri zamanı azı 20 seçki dairəsində namizədlər irəli sürsün (namizəd siyahıları təqdim etsin) və ölkə üzrə bütövlükdə 300 mindən az olmayan sayda seçici səsini toplasın.

Senatda isə parlament qruplarının yaradılması üçün azı 10 senatorun birləşməsi tələb olunur. Ayrı-ayrı hallarda Senat bürosunun qərarı ilə azı 15 vilayətdə namizəd vermiş və onların heç olmazsa 3-də nümayəndəsi senator seçilmiş siyasi partiyaya mənsub olan 5 senatordan ibarət tərkibdə də parlament qrupu yaradıla bilər.

Hər bir parlament fraksiyasına öz funksiyalarını normal həyata keçirmək üçün şərait yaradılır, iş yeri ayrılır, lazım olan avadanlıqlar verilir, fraksiyanın say tərkibi və tələbatı nəzərə alınmaqla, uyğun palatanın büdcəsindən onlara vəsait ayrılır.

Parlament fraksiyaları palataların rəhbər orqanlarında, daimi və başqa komissiyaların tərkibində təmsil olunur, palatanın və daimi komissiyaların işinin planlaşdırılmasında və gündəliyin müəyyən olunmasında iştirak edir.

Parlament fraksiyaları müzakirə olunan məsələlər üzrə məruzəçi və əlavə məruzəçi təyin edə bilər. Fraksiyanın adından çıxış edən parlament üzvünün bir sıra posedur üstünlükləri var.

3. Parlament üzvlərinin hüquqi statusu

Konstitusiyaya görə, İtaliya Parlamentinin üzvləri bütün milləti təmsil edir və öz funksiyalarını həyata keçirərkən məcburi (imperativ) mandatla bağlı deyildir. Sərbəst mandata malik olmaqla yanaşı, parlament üzvlərinin hüquqi statusunu müəyyən edən və səciyyələndirən əsas məsələlər bunlardır:

  • parlament üzvünün öz fəaliyyətinə görə məsuliyyət daşımaması;

  • parlament toxunulmazlığı;

  • parlament üzvünün maddi təminatı.

Palament üzvünün öz fəaliyyətinə körə məsuliyyət daşımaması belə bir cəhətdə ifadə olunur ki, deputat və ya senator parlament üzvü kimi öz vəzifələlərini yerinə yetirərkən etdiyi çıxış, söylədiyi fikir və səsvermə üstündə təqib oluna və məsuliyyətə cəlb oluna bilməz. Bu qayda deputatın (senatorun) təkcə palatanın və komissiyaların iclaslarındakı fəaliyyətini deyil, həm də parlamentdən kənardakı, lakin parlamentlə bilavasitə əlaqəli olan fəaliyyətini də (məsələn, seçicilərlə görüşlər, deputat və ya senator kimi müsahibələri və s.) əhatə edir.

Parlament toxunulmazlığı onda ifadə olunur ki, deputatlar (senatorlar) uyğun palatanın razılığı olmadan cinayət məsuliyyətinə cəlb oluna, həbs edilə və ya şəxsi azadlığını məhdudlaşdıran başqa tədbirlərə, o cümlədən şəxsi axtarışa məruz qala bilməz, evində axtarış aparıla bilməz. Cinayət başında yaxalanma halları istisna olunur. Parlamentin razılığı olmadan deputatların (senatorların) və onların ailə üzvlərinin danışıqlarına qulaq asıla bilməz, texniki vasitələrlə ötürülən məlumatları ələ keçirilə bilməz.

Parlament toxunulmazlığı tələb edir ki, deputatlara və senatorlara münasibətdə həyata keçirilən hər bir prosessual hərəkət ayrılıqda müvafiq palata ilə razılaşdırılsın. Hətta parlament üzvü barədə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə hökmü də parlamentin razılığı olmadan icraya yönəldilə bilməz.

Seçkilər vaxtı həbsdə olan, yaxud azadlıqdan məhrumetmə ilə bağlı cəza çəkən şəxslər parlament üzvü olduqdan sonra dərhal azad edilməlidir.

Parlament üzvünün əmək haqqı yüksək dövlət məmurlarının əmək haqqına bərabərdir, lakin hökumət üzvünün əmək haqqından aşağıdır. Əmək haqqından əlavə, parlament üzvləri katiblik saxlamaq və nümayəndəlik xərclərini ödəmək üçün də pul vəsaiti alırlar. Parlament üzvlərinin dəmiryolu ilə pulsuz gediş-gəliş hüququ var.

Dövlət məmuru deputat və ya senator seçilibsə, parlament fəaliyyətindən sonra əmək haqqı saxlanılmaqla əvvəlki iş yeri üzrə vəzifəsinə qayıda bilər.


| 1 | 2 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft