|
İLK AZƏRBAYCAN PARLAMENTİNİN
BİNASI
ŞAMİL FƏTULLAYEV
PROFESSOR
Mənbə:
"Məşvərət", N1-2, 1997
"Küçələr kimi tikililər də
dəyişən tarixi və şəhərsalma vəziyyətilə birlikdə öz təyinatını dəyişirlər.
Bu cür tikililərə 1898-1901-ci illərdə məşhur memar İ.V.Qoslavskinin
(1865-1904) layihəsi əsasında Nikolayevski (hazırkı İstiqlal) küçəsində
tikilmiş H.Z.Tağıyev müsəlman qızlar məktəbinin binası da aiddir.
1918-ci ilin mayında
Azərbaycan Cümhuriyyəti quruldu. Respublikanın ilk parlamenti keçmiş
H.Z.Tağıyev məktəbinin binasında açıldı.
Bakı şəhərinin mərkəzi
inzibati-ictimai magistralında aktiv mövqe tutan bina həcmli-məkan və
kompozisiya sistemi ilə fərqlənir. O, təkcə memarın yaradıcılıq üsul və
tərzini deyil, həmçinin öz zəmanəsini - Azərbaycan milli mədəniyyəti üçün
bir növ "fırtına və həmlə" dövrünü özündə əks etdirir.
Binanın siması yerli memarlıq
incəsənət ənənələri və müasir stilistika istiqamətinin xüsusiyyətləri
əsasında formalaşmışdır. Nəticədə müsəlman şərq memarlıq ifadəsində yeni
həcmli-plastik obyekt yaranmışdır. Məktəbin binası bu memarlıq rakursunda
təsadüfi hadisə deyildir. Belə ki, yerli cəmiyyətdə milli mənbələrə
əsaslanma tendensiyası bu məvqelərdən çıxış edirdi. Memar da onu parlaq
formada əks etdirmişdir.
P-oxşar planlı məktəb cənub
tərəfdə yerləşən qala divarı hesabına qapalı həyətə malik idi. Bu şərq
şəhərinin iqlim və məişət şəraitinə uyğun idi.
Bir az irəli çəkilmiş binanın mərkəzi
hissəsi təkcə planlaşdırması - inzibati qrupun yerləşməsi ilə deyil, həcmcə
də nəzərə çarpır. Binanın daxili interyerləri yaxşı yerinə yetirilmiş,
karnizlər və memarlıq detalları təmkin və zəvqlə
çəkilmişdir.
Parad zalının interyeri
şaquli və üfiqi ayırmalarla bu memarlıq müddəalarını təsdiq edir.
Özünəməxsus formalı pilyastraların və zal üzərindəki "barokko" tipli
balkonların ritmi interyerə xüsusi major ahəng və incə plastika verirdi.
Şəbəkə elementləri və
detalları ilə bəzədilmiş eyvanlar xüsusi memarlıq ifadə forması təşkil edir.
Onlar məzmunca sanki təbiətdən borc götürülmüş qeyri-adi çiçəklər təsiri
yaradır.
Plastikliyi ilə fərqlənən bu
kamera formaları özündə şərq memarlığının xüsusi dünyasını, onun ətraf
əşya-məkan mühitinə məcazi və fəlsəfi münasibətini təcəssüm etdirir.
Nikolayevski küçəsi
tərəfindəki çox gözəl yerinə yetirilmiş əsas fasad, binanın memarlıq
həllində xüsusi yer tutur. Bina şərq üslubunda, lakin o vaxtkı Rusiyanın
digər şəhərlərində qurulmuş tikililərdə öz əksini tapmış ekzotikaya
aludəçilikdən uzaq qeyri "tipik" layihə əsasında tikilmişdir. Bu istedadlı
sənətkar işidir. O, gözəl yerinə yetirilmiş detalların profili ilə
Azərbaycan memarlığının çox plastik və koloritli əsərini yaratmışdır.
Qoslavskinin tikilisi
haqqında o vaxtkı Bakı mətbuatı çox yüksək fikir söyləyərək qeyd edirdi ki,
"Bakı şəhərinin ən yaxşı küçələrindən birində yerləşərək bina . . . gözəl
memarlıq tikililərivdən biri kimi şəhəri bözəyəcəkdir. Onda artıq
elementlərin yoxluğu böyük fayda ilə zərif sadəlik və bütün hissələrinin
harmoniyası ilə əvəöz olunmuşdur" ("Bakı rus-müsəlman qızlar məktəbi",
Kaspi qəzeti , 1901-ci il, №188).
|