XARİCDƏ QANUNLAR NECƏ QƏBUL
OLUNUR
RÜFƏT QARAGÖZLÜ
Mənbə:
"Məşvərət", N5-7,
1997
2. QANUN LAYİHƏLƏRİ NECƏ
MÜZAKİRƏ EDİLİR ?
Keçən buraxılışda bu başlıq
altında bir sıra inkişaf etmiş ölkələrdə kimin qanunvericilik təşəbbüsünə
malik olmasından yazmışdıq. Bu sayımızda isə qanunların həmin ölkələrdə
müzakirəsi və qəbul edilməsi haqqında məlumat verəcəyik. Əgər oxucular
müəyyən konkret ölkədə qanun yaradıcılığı təcrübəsi haqqında bilgilər almaq
istəsələr bu arzunu yerinə yetirməyə hazırıq.
AVSTRİYA
Milli Şuraya daxil edilmiş
qanun layihələrinin müzakirəsi 3 oxunuş qaydasında aparılır. Federal
hökumət, federal şura tərəfindən və ya xalq təşəbbüsü kimi təklif edilmiş
qanun layihələri birinci oxunuş üçün yalnız Milli Şuranın qərarı ilə qəbul
edilir. Deputatlar tərəfindən təklif edilmiş qanun layihələri birinci
oxunuşa layihənin özündə belə bir tələbat olarsa qəbul edilir. Milli Şuranın
komitələri tərəfindən təklif edilmiş qanun layihələrinə birinci oxunuşda
baxılmır, birinci oxunuş qanun layihələrinin yalnız ümumi prinsiplərinin
müzakirəsi ilə məhdudlaşdırılır. O nisbətən mühüm və vacib layihələr üzrə
aparılır və onun uyğun komitəyə və ya xüsusi yaradılmış komitəyə təqdim
edilməsi ilə nəticələnir.
Birinci oxunuş qanun layihəsi
müzakirəsinin məcburi mərhələsi deyil. Əgər o keçirilmirsə və heç kəs buna
təkid etmirsə Milli Şuranın prezidenti dərhal ikinci oxunuş təyin edə bilər.
İkinci oxunuş qanun
layihəsinin komitədə (komitələrin layihələri dərhal ikinci oxunuş üçün
təqdim edilir) ilkin müzakirəsindən sonra olur. O bütövlükdə layihə haqqında
ümumi müzakirələrdən (başlıca müzakirələr) və layihənin ayrı-ayrı
bölmələrinin müzakirəsindən (xüsusi müzakirələr) ibarətdir və səsvermə ilə
bitir.
İkinci oxunuş qanun layihəsi
müzakirəsinin vacib mərhələsidir. Onun gedişində layihənin
qiymətləndirilməsinə münasibətlərin ya ümumiliyi, ya da əsaslı müxtəlifliyi
özünü büruzə verir. Son nəticədə bu, Milli Şurada təmsil olunmuş
partiyaların mövqeyindən asılıdır.
Ölkənin ən böyük siyasi
partiyaları arasında bağlanmış "koalisyon pakta" əsasən Milli Şuraya
edilmiş bütün əsas təkliflər qabaqcadan partiyalararası məsləhətləşmələrdə
razılaşdırılır. Ona görə də federal hökumətin əvvəlcədən partiyalar arasında
razılaşdırılmış təklifləri deputatların əksəriyyəti tərəfindən dəstəklənir.
Mühüm layihələrin müzakirəsinə geniş ictimaiyyətin diqqəti cəlb edilir.
Ümumi və xüsusi müzakirələr
adətən yalnız mühüm layihələr üzrə aparılır. Qanun layihələrinin əksəriyyəti
üzrə başlıca və xüsusi müzakirələr birgə aparılır. Onu nəzərə almaq lazımdır
ki, Milli Şurada müzakirə olunan qanun layihələrinin əksəriyyəti artıq
işləyən qanunların dəyişdirilməsi və ya onlara əlavələr edilməsi haqqında
layihələrdir. Qanun layihələrinin müzakirəsi prosesində deputatlar onlara
əlavələr edə bilərlər. Belə təkliflər heç olmazsa səkkiz (düzəlişin müəllifi
də daxil olmaqla) deputat tərəfin dən dəstəklənməlidir. Deputatların
düzəlişləri ya müzakirəyə qoyula bilər, ya da komitəyə verilməlidir; son
variantda qanun layihəsinin müzakirəsi komitənin qanun layihəsi haqqında
yeni məruzəsinin təqdimatına qədər təxirə salınır.
Başlıca və xüsusi
müzakirələrin ayrı-ayrılıqda keçirildiyi halda qanun layihəsinin hər bir
bölməsinin müzakirəsindən sonra bu bölmə üzrə səsvermə keçirilir.
Müzakirədən sonra bütövlükdə layihə üzrə səsvermə aparılır.
Milli Şura səsvermənin
keçirilməsinə qədər gündəliyin digər məsələsinə baxılmasına keçmək haqqında
qərar qəbul edə bilər. Bu halda müzakirə olunmuş layihə qəbul edilməmiş
sayılır.
İkinci oxunuş tamamlanandan
sonra üçüncü oxunuş təyin edilir. O bilavasitə ikinci oxunuşdan sonra
keçirilir (əksər halda belə də olur), amma Milli Şura üçüncü oxunuşun
müəyyən müddətə təxirə salınması haqqında qərar qəbul edə bilər.
İkinci oxunuşda layihənin
əlavə işlənməsi zamanı meydana çıxan ziddiyyətlərin aradan qaldırılması
haqqında üçüncü oxunuşun gedişində təkliflər verilə bilər, səhvlər və
iradlar düzəldilə bilər. Milli Şuranın xüsusi qərarı ilə, konkret hallardan
başqa, üçüncü oxunuşun gedişində edilmiş təkliflərə dair müzakirələrin
keçirilməsinə yol verilmir. Belə müzakirələrin gedişində çıxışların müddəti
5 dəqiqə ilə məhdudlaşdırılır. Üçüncü oxunuş qanun layihəsi üzrə son
səsvermə, yəni qanunun bütövlükdə qəbul edilməsi ilə nəticələnir.
Qanunların qəbul edilməsində
əhəmiyyətli dərəcədə yekdilliyin olması ölkədə dərin kök salmış ictimai
ortaqlıq siyasəti ilə izah edilir.
İTALİYA
Qanun layihələri palata
sədrinin iradəsi ilə müvafiq komissiyalara təhkim edilir, lakin onun
qərarına iki gün ərzində qrup sədri və ya on deputat etiraz edə bilər. Onda
qanun layihəsi palatanın qısaldılmış müzakirəsinə verilir. İki komissiya
qanun layihəsinə birgə baxmaq haqqında xahişlə sədrə müraciət edə bilər.
Səlahiyyət haqqında bütün mübahisələr sədr tərəfindən həll edilir.
Referent yığıncağında
komissiya qarşısında duran əsas məsələ palataya məruzənin təqdim
edilməsidir. Məruzə qanun layihəsinin göstərilən komissiyaya təhkim edildiyi
vaxtdan sonrakı dörd ay müddətindən gec olmayaraq təqdim edilməlidir.
Komissiyanın məruzəsi
müzakirənin başlanmasına 24 saat qalandan gec olmayaraq nəşr edilir və
yayılır. Komissiyadakı azlıq özünün həmin qaydada yayılmalı olan məruzəsini
təqdim edə bilər.
Qanun layihələrinin palatada
yayılması iki mərhələdən ibarətdir: onun əsas istiqamətlərinin müzakirəsi
mərhələsi və maddələrə baxılması mərhələsi. Əsas istiqamətlərin müzakirəsi,
bir qayda olaraq, məhdud xarakter daşıyır, çoxluq və azlığın məruzəçilərinin
çıxışlarından (hər çıxış 20 dəqiqədən çox olmamaq şərti ilə), eləcə də
hökumət nümayəndəsinin çıxışından ibarətdir.
Maddələr üzrə müzakirədən
öncə palata qanun layihəsini maddələrin lazımi şəkildə tərtib edilməsi üçün
səlahiyyətli komissiyanın redaksiya iclasına verə bilər, bununla belə
komissiya üçün vacib olan rəhbər prinsip və meyarlar müəyyənləşdirilə bilər.
Maddə-maddə baxıldıqda öncə ayrıca maddə müzakirə edilir, sonra məhdudiyyət
olmadan düzəlişlər izah edilir, bu şərtlə ki, onlar qanun layihəsinə baxan
komissiyaya iclasın başlanmasına ən azı bir saat qalmış təqdim edilsin.
Bilavasitə palata iclasının
özündə düzəlişlərə düzəliş edilə bilər, lakin onda komissiyanın tələbi ilə
bu düzəlişlərin komissiyada müzakirəsi üçün iclas qısa müddətə təxirə salına
bilər. Məruzəçi və hökumət nümayəndəsi düzəlişlərə dair əz fikirlərini
onların səsə qoyulmasınadək bildirir.
Qanun layihəsinin bütövlükdə
səsə qoyulmasından əvvəl komissiya və ya hökumət qanun layihəsində redaktə
dəyişikliklərinin edilməsinin vacibliyinə palatanın diqqətini cəlb edə və
haqqında palatanın qərar qəbul etdiyi müvafiq düzəlişləri təklif edə bilər.
Başqa ölkələrin əksəriyyətinə
məlum olmayan İtaliya qanunvericilik prosedurunun özəlliyi ondan ibarətdir
ki, Konstitusiya (3-cü bənd,72-ci maddə) palataların komissiyaya qanun
layihəsini qəbul etmək səlahiyyəti (bu məqsədlə komissiya öz "qanunvericilik
iclasını" keçirir) verməsi hüququnu təsbit edir. Bu halda deputatların və
senatın palatalarının reqlamentləri komissiyaların qanunverici iclasına
verilə bilməyən qanun layihələrinin ətraflı siyahısını müəyyənləşdirmişdir:
bunlar konstitusiya və seçki-hüquqi səciyyəli, eləcə də qanunverici
hakimiyyətin hökumətə ötürülməsini nəzərdə tutan, beynəlxalq müqavilələrin
prezident tərəfindən ratifikasiyasına sanksiya verən və büdcə və maliyyə
hesabatlarını təsdiq edən qanun layihələridir.
Konstitusiyanın 76-cı maddəsi
palataların öz funksiyalarını hökumətə ötürülməsini nəzərdə tutur. Ötürmə
aktı palatalar tərəfindən ötürmə qanununun qanunvericilik formasında qəbul
edilir. Bu qanunda hökumətin qanunvericilik fəaliyyətinə icazə verən bir
sıra məsələlər, hökumətin rəhbər tutmalı olacağı prinsip və meyarlar, eləcə
də bu qanunun təsir müddəti göstərilməlidir.
FRANSA
Açıq iclasda palatanın sədri
qanun layihələrinin təklif olunduğunu bildirir. Sonrakı mərhələ qanun
layihəsinin daimi və ya xüsusi komissiyaya göndərilməsidir. Komissiya hər
bir qanun layihəsi üzrə məruzəçi təyin edir. Qanun layihəsinə edilən
düzəlişlər əsaslandırılmalıdır; onlar çap edilir və palatada yayılır.
Düzəliş layihənin bir maddəsinə aid olduqda və onun məzmununa təsir etdikdə
bəyənilir-.
Palataların qanun layihəsini
mahiyyətcə müzakirə edən komissiyalarından başqa, parlamentdə öz rəyini
verən komissiyalar var. Rəyin hazırlanması üçün belə komissiya aktı
mahiyyətcə müzakirə edən komissiyanın işində məşvərətçi səslə iştirak etmək
hüququ olan məruzəçi təyin edir və əksinə, işi mahiyyətcə müzakirə edən
komissiyanın məruzəçisi öz rəyini verən komissiyanın işində həmin səs hüququ
ilə iştirak edə bilər. Komissiyanın rəyi nəşr olunur və yayılır.
Qanun layihəsinin palatanın
gündəliyinə daxil edilməsindən sonra sonrakı prosedura bu mərhələlərdən
ibarət olur: ümumi diskussiya, maddələrə dair müzakirə, bütövlükdə layihə
üzrə səsvermə. Əvvəl palatada mərhələnin adını ehtiva edən birinci oxunuş
keçirilir və mətn o biri palataya verilir. Layihə oradan qayıtdıqda ikinci
oxunuş keçirilir. Üçüncü, dördünçü və s. oxunupşarın keçirilməsi mümkündür.
Sədrlər konfransı qəbul edilmiş gündəliyə əsasən ümumi diskussiyanın
müddətini təyin edir. Müəyyən edilmiş müddət fraksiyalar arasında elə
bölünür ki, onların hər birinə bərabər minimal vaxt ayrılsın.
Ümumi diskussiyada hökumətin
layihə haqqında öz fikrini birinci bildirmək hüqutu olan nümayəndəsi iştirak
adir. Diskussiya layihəni mahiyyətcə müzakirə edən komissiyanın məruzəsindən
və öz rəylərini bildirmiş komissiyaların məruzələri ilə başlayır.
Müzakirənin nəticəsi layihənin məsələni mahiyyətcə müzakirə edən komissiyaya
qaytarılması ola bilər. Ümumi diskussiyanın nəticəsi maddələr üzrə
müzakirəyə keçid haqqında qərar ola bilər.
Komissiya və parlament
üzvlərinin maddələrə aid, eləcə də komissiya və hökumət tərəfindən yeni
maddələrə dair düzəlişlər aparmaq təklifləri üzrə çıxıpşarı 5 dəqiqədən
artıq ola bilməz. Sonra palatanın sədri düzəliş və ya maddəni səsə qoyur.
Düzəliş edilməklə təklif olunmuş son əlavə maddəyə dair səsvermədən sonra
qanun layihəsi bütövlükdə səsə qoyulur.
İSVEÇ
Bütün qanun layihələri
növbəti ümumi iclasda elan edilir və müvafiq komissiyalara verilir.
Komissiyalarda müzakirələr məcburidir. Daimi komissiyaların qanun
layihələrinin taleyində rolu böyükdür. Onlarda bağlı qapılar arxasında
aparılan qanunvericilik işinin əsas ağırlığı cəmləşmişdir.
Komissiyalar təkcə onlara
verilən qanun layihələri haqqında öz rəylərini bildirmir, onlar özləri də
qanun layihələri işləyib hazırlaya və palatanın müzakirəsinə verə bilər.
Onlar verilən layihələrin məzmununu köklü surətdə dəyişə bilər.
Komissiyalar istənilən şəxsi
ekspert kimi öz işinə cəlb etmək hüququna malikdir. İqtisadi xarakterli
qanun layihələrinin müzakirəsində ekspert kimi adətən bank, müəssisə
qulluqçuları, nazirliklərin və digər idarələrin məmurları çıxış edir.
Hakim partiyaya imtiyaz
verməmək üçün parlament təcrübəsində sonralar Riksdaq haqqında aktda təsdiq
edilmiş qayda qəbul edilmişdir. Bu qaydaya görə, komissiyanın çoxluğun
qərarı ilə razılaşmayan üzvləri komissiyanın qanun layihəsi haqqında rəyinə
öz xüsusi rəyini əlavə edə və onunla ümumi iclasda çıxış edə bilər.
Komissiyanın rəyi alınandan sonra onun təklif etdiyi qanun layihəsi zərfi
deputatlara paylanır, əgər palata komissiyanın təklifinə görə bir müzakirə
ilə kifayətlənməsə, o, iki müzakirədən keçir.
Birinci oxunuşda qanun
layihəsinin əsas məsələləri, dəyişiklik və əlavələrlə bağlı təkliflər
müzakirə olunur. Lazım olduqda o, həmin komissiyaya qaytarıla və ya digər
komissiyaya verilə bilər. İkinci oxunuşda qanun layihəsi maddələr üzrə
müzakirə olunur. Çıxış etmək istəyənlər məsələnin müzakirəsinə ən azı bir
gün qalmış yazılmalıdırlar.
YAPONİYA
Təklif edilmiş qanun layihəsi
palatanın sədri vasitəsilə müzakirə üçün uyğun komissiyaya verilir. Lakin
müstəsna hallarda (qanun layihəsi təcili elan edilibsə) palata komissiyada
ona ilgin baxış keçirilmədən dərhal palatanın ümumi iclasına verilməsi
haqqında qərar çıxara bilər.
Qanun layihəsinin komissiyada
müzakirəsindən sonra göstərilən komissiyanın sədri qanun layihəsini ümumi
iclasda müzakirə etmək üçün uyğun palatanın sədrinə verir və eyni zamanda
komissiyanın qərarı əks olunmuş məruzəni təqdim edir. Komissiyanın fikrincə
palata qarşısına çıxarılması vacib olmayan qanun layihələri müzakirə üçün
ümumi iclaslara təqdim edilmir, lakin parlamentin ən azı 20 deputatının
yeddi gün içindəki tələbinə görə qanun layihəsi palatanın ümumi iclasına
təqdim edilməlidir.
Artıq daimi komissiyaların
birində baxılmış qanun layihəsinin müzakirəsi zamanı ümumi iclasdakı
məruzəni göstərilən komissiyanın sədri edir, bundan sonra söz öz rəyini
bildirmək üçün bu komissiyadakı azlığın nümayəndəsinə verilir.
Qanun layihəsinin palataya
təqdimatından sonra deputatlara sorğu ilə çıxış etmək hüququ verilir, ondan
sonra müzakirələr başlayır. Deputatların çıxış qaydası əvvəlcədən tutulmuş
siyahıya əsasən palatanın sədri tərəfindən nizamlanır. Yazılmamış deputatlar
çıxış üçün icazəni yalnız yazılanların siyahısı bitəndən sonra ala bilərlər.
Söz hamıdan öncə qanun layihəsinin əleyhdarlarına verilir, ona görə də
çıxışdan ötrü öz familiyasını siyahıya saldıran hər bir deputat müzakirə
olunan qanun layihəsinin "lehinə" və ya "əleyhinə" çıxış edəcəyini palata
sədrinə bildirməlidir.
Qanun layihələrinin ümumi
iclasda müzakirə olunması zamanı düzəlişlərin edilməsi vacib yer tutur, belə
ki çox vaxt xeyli düzəliş edilməsi ilə qanun layihəsi öz ilkin mənasını
itirir. Qanun layihəsi müzakirədən və ona edilən düzəliş və əlavələrdən
sonra səsə qoyulur.
| 1 | 2 | |