|
PARLAMENT DİSKUSSİYALARINDA
PROBLEMLƏRƏ "ADQOYMA" MƏRASİMİ
NİYAZİ MEHDİ
fəlsəfə elmləri doktoru,
Əli bəy Hüseynzadə adına Dövlət İncəsənət Universitetinin professoru
Mənbə:
"Məşvərət", N5-7,
1997
Yalnız yeni işlər görməyən, yeni şeylər əldə
etməklə məşğul olmayan, dünənkini bu gün, bugünkünü sabah təkrar edən
adamlara dünya çox vaxt problemsiz görünür. Problemsizlik illüziyası,
aldanışı bəzi cəmiyyət tipinə də xasdır. Elmdə ənənəviçi cəmiyyət anlayışı
var. İbtidai icmalar, orta əsr cəmiyyətləri və hətta totalitar cəmiyyətlər
bu anlayışa uyğun toplumlardır. Belə toqşumlarda ənənəviçiliyin ali məqsədi
odur ki, adamlar yeni vəziyyətə düşüb naməlumluqlar arasında çaş
qalmasınlar, beş il, on il bundan qabaqkı şeyləri təkrar edib beş il, on il
bundan qabaqkı kimi yaşasınlar.
Tanınmış fransız alimi
Klod-Levi Stross belə ənənəviçi cəmiyyətləri "soyuq toplumlar" adlandırırdı.
Bu metafora-terminin mənası o idi ki, soyuq cisimlərdə hissəciklərin
donuqluğu, azdəyişkənliyi var. Soyuq cəmiyyətlər də beləcə donuq
toplumlardır - onlarda tarix duyğusu olmur (tarix, axı, yeni-yeni
hadisələrin baş verməsi, bir dövrün başqası ilə əvəzlənməsidir. Özünü
tarixdə duyan adam qarşıdan zamanın gətirdiyi sürprizlərdən səksəkəyə,
gərginliyə düşərək yaşayır). Klod-Levi Stross ənənəviçilikdən qurtulmuş
toplumları "isti cəmiyyət" adlandırırdı. Bu adın
verdiyi məna o idi ki, isti cisimdə hissəciklər qaynaşdığı və bunun
nəticəsində sürətli dəyişmələr getdiyi kimi, isti cəmiyyətlərdə də hadisə
hadisənin dalınca gəlir, bir sözlə, toplum qaynaşır və adamlar özlərini
axıb-dəyişən tarixin içində hiss edirlər.
Göründüyü kimi, ənənəviçi
cəmiyyətlərdə sanki heç nə baş vermir, ona görə də insanlarda problemlərlə
toqquşmadan doğan gərginlik olmur. İsti cəmiyyətlərdə isə sosial-siyasi
gərginlik normaya çevrilir.
Elə adicə insanın həyatına
baxaq. Ciddi işlərə girişmiş insan başqaları ilə konfliktə düşür, risq edir
və s. heç nəyə baş qoşmayan adam isə asanca hamı ilə hamar münasibət saxlaya
bilir.
Azərbaycan yeni cəmiyyət
tipinə keçidə razılaşmaqla özünü isti cəmiyyət halına salıb. Bu keçiddə
problemlərin qaynaşması var. Parlamentin vəzifəsi isə bu problemləri
tanıyıb, tapıb, onların öhdəsindən gəlmək üçün qanun yaradıcılığı ilə məşğul
olmaqdır.
Bu axırıncı cümləmizdə
"problemləri tanımaq, tapmaq" kəlmələrini işlətdik. Onları da açıqlamaq
gərəkdir. Adi şüurda olan adam elə bilir ki, problem varsa, onu axtarmaq,
tanımaq lazım deyil, problem, onsuz da, özünü "gözümüzə soxacaq". Problem
olanda, doğrudan da, "gözümüzə soxmağına" soxur. Ancaq, adətən, gözümüzə
soxulan özü olmur, nəticələri olur. Ona görə də çox vaxt biz problemi yox,
onun törətdiyi nəticələri bilirik. Belə olanda başı bərk ağrıyan adama
oxşayırıq: ağrını bilirik, ancaq nədən ağrıdığını bilmirik. Axı insan
bədənində ən müxtəlif səbəblər eyni simptomda (məsələn, baş ağrısında)
bilinə bilər. Həkimin xəstəyə baxıb diaqnoz qoyması nəticələrin arxasında
hansı problemin durduğunu tapmaqdır.
PROBLEMİ TAPMAQ
İSƏ ONU TANIMAQDIR, EŞƏLƏYİB UZAQ DƏRİNLİKDƏN BURA GƏTİRMƏK DEYİL
Çağdaş
Azərbaycan cəmiyyətində isti toplum kimi problemlərin və onların
törətdikləri nəticələrin qaynaşması var. Mass-media (kütləvi informasiya
vasitələri), publisistlər, siyasi xadimlər ya uğurla, ya uğursuzluqla bu
problemləri tanıyıb tanıtdırmaq üçün çalışırlar, çıxışlar edirlər.
Azərbaycan
parlamentinin ciddi vəzifələrindən biri cəmiyyətin problemlərini bircə-bircə
tanımaqdır. Özü də düz tanımaqdır ki, verilən qanun da hədəfə dəysin.
Problemi tanımaq
həm də ya onun adını tapmaqdır, ya da ona ad verməkdir. Götürək elə yuxarıda
Klod-Levi Strossdan götürdiyimiz "soyuq cəmiyyət","isti cəmiyyət"
terminlərini. Fransız alimi "ad qoydu" əməliyyatı ilə bir problemi bizə
tanıtmış oldu. "Dəyişən cəmiyyət" adı ilə nəsə bir problemin adlandırılması
və tanıdılması həmişə vardı. Levi Stross isə öz terminləri ilə kəhnə şeyə
yeni ad qoymadı, yeni adla kəhnə şeyin tanınmayan cəhətlərini açdı. Məsələn,
anlatdı ki, dəyişkənliyi artırmaq istəyirsənsə hissəciklər arasındakı
bağlantıları, əlaqələri dartılıb-uzanan və ya tez qırılan et! Əgər
dəyişkənliyi azaltmaq istəyirsənsə tərsinə et!
Bundan çıxan
nəticə. Tutalım, parlamentdə narazılıq başlayır ki, bizdə - Azərbaycanda
ailələr yaman tez-tez dağılır. Bir nəfər durur, problemə ad qoyur: bizdə
ailələr "isti cisim modelinə düşüblər". Nəticə çıxarılır, deməli, problemi
həll etmək üçün elə qanunlar verilməlidir ki, ailədəki "hissəciklər"
arasında bağlar tarım çəksin və ya qırılmaz etsin. Qərb cəmiyyətində aborta
qarşı çıxan katolik hərəkatı təkcə "canlı həyatı öldürmək olmaz!"
ideyasından doğmur, həm də ailəni möhkəmlətmək məqsədinə yönəlir!" Çünki
asan abort kişi və qadın münasibətini də asan, məsuliyyətsiz əlaqələr
məcrasına salır.
Başqa bir örnək.
görkəmli filosof Karl Popper yazmışdı ki, hakimiyyət problemi ilə bağlı,
adətən, sualı belə qoyurlar: hakimiyyətə kim başçılıq etsə yaxşıdır? Sual
belə qoyulandan sonra cavablar öz-özünə gəlir: kimin yüksək iradəsi varsa,
kim vaxtında düz qərar çıxara bilirsə və s. Beləcə bütün üstün əlamətlər
sadalanır.
Popperin
fikrincə, hakimiyyət problemi ilə bağlı düzgün sual başqa cürdür: hansı
hakimiyyət mexanizmi olmalıdır ki, ən bacarıqsız adam da dövlət başına
gələndə ölkəyə az ziyan dəysin? Çağdaş demokratik cəmiyyətlərdə
dövlətsizləşmə, yəni dövlətin bir çox funksiyalarının ayrı-ayrı qurumlara
paylanması məhz belə mexanizmi verir. Nəticədə uğursuz prezidentlər heç cürə
cəmiyyət üçün total fəlakətə çevrilə bilmirlər.
Söylədiyimiz
faktda biz Popperin problemə düzgün ad qoymasını görürük. Daha doğrusu,
Popperin düsturu hakimiyyətin ideal başçısı problemini ortadan götürüb
yerinə hakimiyyətin uqursuzluqlarını az yayımlı edən mexanizm problemini
qoyur. Beləcə, yeni problem tanıdılandan sonra hakimiyyət mexanizmini necə
qurmaq haqqında düşünmək də olur. Parlamentdə problemə ad qoyub tapma bu
mənada işi asanlaşdırır. Göstərir ki, hansı istiqamətdə qanun yaradıcılığı
ilə məşğul olmaq lazımdır.
Azərbaycanda ən
populyar hiddət mövzusu korrupsiyadır. Problemə ad isə belə qoyulur:
cəzasızlıq korrupsiya törədir. Problem bu cür qavranılanda qanunvericilik
korrupsiyanın öhdəsindən gəlməyin yolunu yeni-yeni cəza qanunlarını
çıxarmada görürür. Halbuki problemə başqa cür ad verib onu başqa cür
tanıtmaq daha səmərəlidir: cəmiyyətdə korrupsiyanın totallığı korrupsiya
situasiyalarını yaradan qanun bopşuqlarında və yanlış qanunlardadır. Ona
görə də korrupsiya ilə əsas savaş vasitəsi repressivlik yox, islahatçılıq
olmalıdır. Elə islahatlar aparılmalı, elə qanunlar verilməlidir ki,
adacıq-adacıq, zona-zona kiminsə kiməsə rüşvət vermə situasiyasını mənasız
etsin, aldatmağı, tanışlığa üstünlük verməyi sərfəli etməsin.
Sonda demək
istərdik ki, ötən sayların "birində parlament çıxışının estetikasından
danışanda güclü, ifadəli deyimlərin, aforistik ifadələrin rolundan söz
açmışdıq. İndi əlavə etməliyik ki, həmin deyimlərin bir əhəmiyyəti də odur
ki, məhz onlar yeni problemləri tanıdır, problemlərə ad verib onları
göstərir. |