|
ABŞ-da QADIN HAQLARI UĞRUNDA MÜBARİZƏ
Hikmət Hacızadə,
“FAR
CENTRE”, vitse-prezident
Mənbə:
"Məşvərət", N25, 1999
Amerika cəmiyyətinin əsasına
qoyulmuş azadlıq ruhu çox tezliklə insan haqları və cəmiyyətin
demokratikləşdirilməsi uğrunda çoxlu hərəkatlarda özünü göstərməyə başladı.
Bu hərəkatlardan birini XIX yüzilliyin əvvəlində qadınların hüquq
bərabərliyi, xüsusilə onların siyasi hüquqları uğrunda hərəkat təşkil etdi.
Bu vaxtadək amerikalı qadınlar
artıq quldarlığın ləğv edilməsi, təhsilin demokratikləşdirilməsi, sağlam
həyat tərzi, məhbuslara və ruhi xəstələrə münasibət uğrunda hərəkatlar kimi
mühüm ictimai hərəkatlara cəlb olunmuşdular. Lakin bütün bunlarla yanaşı,
onlar seçki hüququndan məhrum edilmiş, əmlak və ailə hüquqları
məhdudlaşdırılmışdı; cəmiyyət qadınlara ikinci dərəcəli vətəndaş kimi
baxırdı.
Quldarlığın ləğv olunmasının
fəal tərəfdarları Lukretsiya Mott və Elizabet Stanton Londonda qadın
ayrı-seçkiliyinə məruz qaldılar. Burada quldarlığın ləğv olunmasına dair
keçirilən beynəlxalq konfransda onlara qadın olduqlarına görə zalda yer
verməkdən imtina etdilər. Vətənə qayıtdıqdan sonra onlar 1848-ci ilin iyul
ayında Nyu-York ştatının Seneka Fols şəhərinin kilsəsində qadınların hüquq
bərabərliyi problemlərinə həsr olunmuş yığıncaq keçirdilər. Yığıncaqda 240
nəfər, o cümlədən 40 kişi iştirak edirdi.
İştirakçılar qadınların sosial,
mülki və dini hüquqlarını təsbit edən qadın hüquqları bəyannaməsini
hazırlamağa başladılar; bəyannamənin mətni qəsdən ABŞ İstiqlaliyyət
Bəyannaməsinin mətnini xatırladırdı. Yığışanlar arasında qadınlara seçki
hüququnun verilməsi haqqında müddəa mübahisə doğurdu. Nümayəndələrin
əksəriyyəti bu müddəanı müdafiə etməkdən çəkinirdi. Yalnız quldarlığın ləğv
edilməsi uğrunda tanınmış qaradərili mübariz, keçmiş qul, indisə “Şimal
ulduzu” qəzetinin naşiri Frederik Duqlas iştirakçılara müraciət etdikdən
sonra bu müddəa qəbul olundu.
Seneka Fols Bəyannaməsi
amerikalı qadınların hüquq bərabərliyi uğrunda yetmiş illik kütləvi
mübarizəsinin təkan nöqtəsi oldu; bu mübarizənin gedişində qadınlar tədricən
bəzi ştatlar tərəfindən onlara əmlaka sahib olmaq, pul qazanmaq və boşanma
hallarında uşaqları özündə saxlamaq imkanları verən qanunlar qəbul
edilməsinə nail oldular. Seçki hüququnu isə qadınlar yalnız 1920-ci ildə ABŞ
Konstitusiyasına 19-cu düzəlişin qəbul olunması ilə əldə etdilər.
SENEKA FOLS BƏYANNAMƏSİ (1848)
Bəşər tarixi kişilərin
qadınları daim təhqir etməsi
və onlara qarşı zor işlətməsi tarixidir.
Bəşər tarixində elə bir məqam
yetişir ki, insan ailəsinin bir hissəsi dünyanın insanları arasında onların
əvvəllər tutduqlarından fərqlənən, lakin təbiətin və Yaradanın ona da bəxş
etdiyi qanunlara uyğun mövqe tutmağa çalışır və belə olanda o, bəşəriyyətin
rəyinə ehtiram əlaməti kimi onu bu hərəkətlərə sövq edən səbəbləri, heç
şəksiz ki, izah etməlidir.
Biz o həqiqətləri açıq-aşkar
sayırıq ki, kişilər və qadınlar anadan bərabər doğulub və Yaradan öz
bəndələrinə müəyyən toxunulmaz huquqlar bəxş edibdir; onların sırasına
yaşamaq, azadlıq, səadətə canatma hüququ da daxildir; belə hüquqların təmin
edilməsi üçün insanlar ədalətli, idarə olunanların razılığına güvənən
hökumət qurur; odur ki, hər hansı dövlət həmin hüquqları pozarsa, xalqın onu
dəyişməyə, ləğv etməyə, əvəzindəsə həmin prinsiplərə dayanan, insanların
əmin-amanlığına və güzəranına daha yüksək təminat verən, yeni quruluş
yaratmağa haqqı vardır. Əlbəttə, sağlam şüur kəsən odur ki, çoxdan bəri
formalaşmış idarəçilik üsulları xırda və ötəri səbəblərə görə əvəz
edilməsin, çünki keçmişin təcrübəsi göstərir ki, insanlar özlərinin
alışdıqları həyat tərzini dəyişməkdənsə şərin hökmünə dözməyə, imkan varsa,
daha meyillidirlər. Ancaq uzunmüddətli azğınlıq və zillət yeganə və ardıcıl
məqsəd (xalqı sonu görünməyən despotizmə tabe etdirmək) daşıyırsa, onda bu
cür iqtidarı devirmək və özünün gələcək əmin-amanlığını təmin edən etibarlı
bir zəmin yaratmaq xalqın haqqı və borcudur. Bu dövlət quruluşunda
qadınların dözdükləri iztirablar belə idi və indi zərurət onları haqları
çatan ictimai vəziyyət bərabərliyini tələb etməyə məcbur edir.
Bəşər tarixi kişilərin
qadınları daim təhqir etməsi və onlara qarşı zor işlətməsi tarixidir.
Onların məqsədi qadınlar üzərində mütləq istibdad yaratmaq idi. Bunu sübut
etmək üçün, icazənizlə, faktları təqdim edək.
-
Kişi qadına heç vaxt özünün
ayrılmaz seçki hüququnu həyata keçirməyə imkan vermirdi.
-
Kişi qadını qəbul olunmasında
səsi ilə iştirak etmədiyi qanunlara tabe olmağa məcbur edirdi.
-
O, qadına ölkə vətəndaşı,
yaxud əcnəbi olmasından asılı olmayaraq hətta ən cahil və düşkün kişilərin
malik olduğu hüquqları vermirdi.
-
Kişi qadını başlıca vətəndaş
hüququndan - səsvermə hüququndan məhrum edərək və bununla da onu
qanunverici məclislərdə nümayəndəsiz qoyaraq, ona həyatın bütün
sahələrində zülm edirdi.
-
Kişi nikaha girərək qadını
qanunun nəzərində vətəndaş kimi ölüyə çevirirdi.
-
Kişi qadının əmlak, hətta
qazandığı pul üzərində mülkiyyətini əlindən alırdı.
-
O, qadını mənəvi cəhətdən
şüursuz varlığa çevirmişdir, belə ki, əgər əri yanındadırsa qadın heç bir
cəza almadan istənilən qədər cinayət törədə bilər. Nikah izdivacında qadın
əri qarşısında mütiliyi öz üzərinə götürməyə məcbur edilir, kişi bütün
niyyət və məqsədləri ilə qadının sahibinə çevrilir, qanun kişiyə qadını
azadlıqdan məhrum etmək, onu cəzalandırmaq ixtiyarı verir.
-
Kişi qanunları elə
formalaşdırmışdır ki, boşanma hallarında uşaqlar üzərində qəyyumluq hüququ
qadınların mənafeyini nəzərə almır - qanun bütün hallarda kişilərin
üstünlüyü haqqında yanlış təsəvvürə əsaslanaraq bütün hakimiyyəti onlara
verir.
-
Kişi ərli qadınları bütün
hüquqlarından məhrum etdikdən sonra tək qadınları da, əgər əmlakları
varsa, sərbəst buraxmır; kişi onun üzərinə dövlətin xeyrinə vergilər
qoyur, dövlət isə qadınlarla yalnız o vaxt maraqlanır ki, onların əmlakı
dövlətə xeyir gətirə bilsin.
-
Kişi fəaliyyətin bütün
gəlirli sahələrini öz inhisarına almışdır, qadınların işləməsinə imkan
verilmiş yerlərdə isə onlar çox cüzi məvacib alırlar. Kişi qadınlar üçün
bütün varlanmaq yollarını və kişinin özü üçün şərəf saydığı fərqlənmək
imkanlarını bağlamışdır. Qadın nə ilahiyyat, nə tibb, nə də hüquq
fənlərini tədris edə bilər.
-
Kişi qadını ciddi təhsil
almaq hüququndan məhrum etmişdir, bütün kolleclər qadınların üzünə
bağlıdır.
-
Kişi qadını kilsə və dövlət
işinə yaxın buraxsa da apostolların nümunəsinə söykənərək... yalnız asılı
vəzifələrə təyin edir.
-
Kişi dünyaya kişilər və
qadınlar üçün bir-birindən fərqlənən əxlaq kodeksləri təqdim edərək yanlış
ictimai fikir formalaşdırmışdır. Bu fərqlər ona gətirir ki, eyni nalayiq
hərəkətlərə görə qadın cəmiyyətdən uzaqlaşdırılır, kişilərə isə heç nə
edilmir və onlar üçün elə böyük qəbahət sayılmır.
-
Kişi hətta Yeqovanın özünün
səlahiyyətlərini ələ keçirmişdir. O, iddia edir ki, qadının fəaliyyət
sahəsini müəyyənləşdirmək hüququna malikdir, halbuki bu, qadının vicdanına
və Allahına məxsus ola bilər.
-
Kişi bütün yollarla qadının
özünəhörmət hissini öldürmək və onu həyatda asılı və rəzil rolla
kifayətlənməyə məcbur etmək üçün onun öz gücünə inam hissini sarsıtmağa
çalışmışdır.
İndi bu ölkənin insanlarının
yarısının bütün bu məhrumiyyətlərə məruz qalmasını, onların ictimai və dini
sahələrdə geri qalmalarını, yuxarıda qeyd olunan ədalətsiz qanunları nəzərə
alaraq, qadınların qəmgin, məzlum vəziyyətlərini, onlara məxsus hüquqların
əksəriyyətindən məhrum edilmələrini nəzərə alaraq biz təkid edirik ki,
qadınlar dərhal Birləşmiş Ştatların vətəndaşı kimi ixtiyarları olduğu bütün
hüquq və imtiyazları əldə etsin.
Müəyyən etdiyimiz böyük bir işə
başlayarkən biz heç də az olmayacaq yanlışlıq, təhrif, yaxud istehzalar
gözləyirik, lakin ixtiyarımızda olan bütün imkanlardan məqsədimizə çatmaq
üçün istifadə etməliyik. Biz vəkillər tutmalı, pamfletlər nəşr etməli, ştat
və milli qanunverici məclislərə təkliflərlə çıxmalı, din xadimlərini və
mətbuatı müdafiə işimizə cəlb etməliyik. Ümid edirik ki, bundan sonra
ölkənin hər yerini bürüyəcək bu cür toplantılar ardıcıl keçiriləcəkdir.
|