top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 11 - Seçkilər (sc)

MÜŞAHİDƏÇİ MİSSİYASI VƏ SEÇKİLƏR

NİYAZİ MEHDİ

Mənbə: "Məşvərət", N15, 1999


Seçkilərə nə üçün beynəlxalq müşahidəçilər gəlirlər?
(Birinci məqalə)

Demokratik dünya bilir ki, əsl seçkilər baş verən məmləkətdə demokratiyanın olması, ya da onungəlişməyə başlaması mümkündür.

Dünyada demokratiyanın artması isə özbaşına qərar çıxaran, şəxsi nifrətinə, istəyinə görə bir dövlətlə dalaşıb o birisi ilə barışan, təhlükəli, irrasional qərarlar çıxaran millət vəkillərinin, “prezidentlər”in sayını azaldır, deməli, dünyada ağır münaqişələrin sayı da aşağı düşür.

Bax, bütün bu tutarqalara görə də son dövrdə keçid dönəmini yaşayan toplumlarda aparılan seçkilərə dünya demokratik dairələrinin diqqəti artıb. Diqqəti artdığı üçün də müşahidəçilər institutu seçkilərlə bağlı güclü beynəlxalq quruma çevrilib.

Beynəlxalq müşahidəçilərdə motivlərin mürəkkəbliyi

Azərbaycan vətəndaşlarının, seçicilərinin xeyli hissəsində, eləcə də seçki kampaniyaları zamanı bir çox namizədlərdə beynəlxalq müşahidəçilər fenomeni ilə bağlı səthi bilgilər var. Vəziyyəti dəyişmək zərurəti çatıb. Bu məqsədlə də biz Tomas Karosers adlı bir yazarın məqaləsindən istifadə edərək oxucuları bilgiləndirmək istəyirik ( bax: Thomas Carothers. The Observers Observed. - “Journal of Democracy”. July 1997).

Tomas Karosers Beynəlxalq Barışa Kornegi Yardımı qurumunda araşdırmalar direktorudur. O, dünyanın bir çox bölgələrində keçirilmiş seçkilər zamanı müşahidəni yerinə yetirmiş beynəlxalq missiyalarda iştirak edib. Bu missiyaları ABŞ-ın Beynəlxalq Məsələlər üzrə Milli Demokratiya İnstitutu, Seçki Sistemi üzrə Beynəlxalq Qurum təşkil edib.

Tomas Karosersin yazdıqları sırasında “Demokratiyanın adı: Reyqan dövründə ABŞ-ın Latın Amerikasına yönəlik siyasəti” (1991), “Demokratiyanın dəyərverici yardımı: Rumıniya situasiyasında” (1996) kimi əsərlər durur.

Tomas Karosers beynəlxalq müşahidəçilər institunun önəmini açanda yazır ki, Amerika Birləşmiş Ştatları dünya üzrə seçkilərə müşahidəçilər verən ən başlıca ölkədir. Burada demokratiyanı irəlilətmək məsələlərində ixtisaslaşmış çoxlu mərkəzlər, fondlar var. Bu qurumlara, məsələn, Karter Mərkəzi, Beynəlxalq Məsələlər üzrə Milli Demokratiya İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu aiddirlər. Onlar başqa ölkələrdə gedən parlament, prezident və digər seçkilərə çoxlu müşahidəçilər göndərir.

Dünya üzrə keçirilən seçkilərin sayı çox, miqyası böyükdür. Ona görə də böyük qurumların personalı həmin seçkilərə bəs etmir. Bu səbəbdəndir ki, dünya üzrə müşahidəçilik vəzifəsində çoxlu hökumətdənqıraq xırda təşkilatlar da iştirak edir. Birləşmiş Ştatlarda belə qurumlar saysızdır və onlardan bir çoxu özlərinə maraqlı olan dünya bölgələri üzrə “ixtisaslaşır”. Ona görə də belə yerlərdə seçkilər gedəndə həmin qurumlar da ABŞ-dan ora öz müşahidəçilərini göndərir.

 Tomas Karosersin verdiyi sorağa görə, seçkilərə saysız müşahidəçilər Avropadan da gəlir. Onların səfərini və işini Avropa Birliyi, Avropa Şurası, Avropa hökumətləri, partiyaları və başqa qurumları maliyyələşdirir. Birləşmiş Millətlər Təşkilatı, Amerika Dövlətləri Təşkilatı, ATƏT və Afrika Birliyi Təşkilatı ilə bağlı da çoxlu qurumlar da seçkilərə öz müşahidəçilərini göndərir.

 Dünya üzrə yabançı müşahidəçilər kütləsinin böyük miqyasını açıqlayandan sonra Tomas Karosers müşahidəçilər institutunun gerçək problemlərindən açıq danışmağı gərəkli bilir. O göstərir ki, müşahidəçilərlə bağlı ideallaşdırmalara yol vermədən real mənzərəni bilməliyik. Bilməliyik ki, müşahidəçilik üçün yollananların heç də hamısı geri qalmış ölkələrdə demokratiyanı irəlilətmək motivlərini təmiz şəkildə özlərində daşımır. Xeyli müşahidəçi var ki, hansı ölkəyəsə seçkiləri izləmək üçün gəlməsinin motivləri sırasında ekzotik ölkələrə yönəlmiş adi turist maraqları da durur.

Tomas Karosersdən aldığımız bu bilgi bizim üçün gərəklidir. Azərbaycan seçkilərində yerli müşahidəçilər seçkinin düzgün getməsinə nəzarət edənlər xarici müşahidəçilər arasında belə ikibaşlı motivləri olan adamların bulunmasını bilməlidir ki, lazım olanda onlara irad tutmağa arqument tapıb onların öz işlərinə ciddi yanaşmasına təsir göstərsinlər.

Demokratiyanın yaratdığı iş rejiminin “əlifbası” ondan ibarətdir ki, hamı hamıya təzyiq göstərməklə bir-birini irəlilədə bilər. Bu mənada yerli müşahidəçilərin tənqidi mövqeyi, səhvlərə irad tutması çoxsaylı beynəlxalq müşahidəçilər arasında nəzərə çarpan üzdəngetmə yanaşmaların, məsuliyyətsiz davranışların qarşısını bəlli dərəcədə ala bilər.

İndisə yenidən Tomas Karosersin yazdıqlarına qayıtsaq onun müşahidə prosesi ilə bağlı üzə çıxartdığı bir çətinliyi də açıqlamalıyıq. Müəllif göstərir ki, müşahidəçilərdə də, hökumət rəsmilərində də, jurnalistlərdə və başqalarında da elə adətkərdəliklər, stereotiplər var ki, onlar seçkiləri izləyərkən düz anlamamaqla, seçki müşahidələrindən düz istifadə etməməklə nəticələnir. Müşahidə işində yol verilən təhriflərin bir qaynağı da budur. Onun üçün də müşahidəçi nə qədər keçmiş təcrübəsinə arxalansa da vaxtlı-vaxtında özünü yoxlamağı, öz qavrayışına düzəlişlər verməyi bacarmalıdır.

Beynəlxalq müşahidəçilər institutunun dünya üzrə seçki demokratiyasını inkişaf etdirməkdə rolu

Beynəlxalq müşahidəçilər fenomenində nəzərə çarpan çatışmazlıqları nə qədər açıb-ağartsaq da, bütünlükdə bunlar xarici müşahidəçiliyin ölkələrdə seçki mədəniyyətinin gəlişməsinə verdiyi faydaların üstünə kölgə salmamalıdır. Görək Tomas Karosers həmin faydaları necə sadalayır.

Yazar göstərir ki, beynəlxalq müşahidənin baş vəzifəsi saxtalaşdırmaları üzə çıxarmaq və olarsa, adamları, vəzifəliləri saxdalaşdırmalardan çəkindirməkdir. Bu baxımdan iki önəmli hadisə 1980-ci illərdə Filippində və Panamada olub. Məsələn, 1986-cı ildə seçki zamanı Birləşmiş Ştatlardan Filippinə gəlmiş müşahidəçilər böyük bacarıqla aşkar etmişdilər ki, prezident Ferdinand Markos seçki yarışında səsləri öz adamlarının xeyrinə “oğurlamaq” istəyir. Oxşar cəhdi 1989-cu ildə Panamada parlament seçkiləri zamanı general Manuel Antonio Noryeqa da etmişdi. O çalışmışdı ki, öz namizədlərinin parlament seçkisində qələbə çalmasını “təşkil etsin”. Məhz yabançı müşahidəçilərin bu saxtakarlıqları faş etməsi məsələyə aydınlıq, ittihamlara sübutlar gətirmişdi. Tomas Karosers yaxınlarda - 1996-cı ildə Ermənistandakı prezident, Albaniyadakı parlament seçkilərində baş vermiş saxtakarlıqların üzə çıxarılmasını da beynəlxalq müşahidəçilərin xidməti sayır.

 Beynəlxalq müşahidəçilərin seçkilərdə saxtakarlıqların qarşısını alması işinə gələndə Tomas Karosers öz təcrübəsini belə bölüşür: siyasi hakimiyyət beynəlxalq müşahidəçilərin “onu cinayət üstündə yaxalamasından” çəkinərək seçkilərin nəticələrini planlaşdırmaq istəklərindən əl çəkə bilər. O düzdür ki, çox az yabançı müşahidəçi belə bir planın olmasını aşkar sübut edə bilir. O da düzdür ki, bir çox müşahidə missiyalarının bülletenlərlə bağlı saxtakarlıqları üzə çəxarmaq imkanları zəifdir. Ancaq beynəlxalq müşahidə qrupları yerli izləyici qruplarla yaxından iş birliyi quranda, seçkiqabağı proseslərlə yaxşı tanış olanda, səsləri paralel olaraq saymağa çalışanda incə şəkildə aparılmış saxtalaşdırmalardan, səs qeydiyyatı olan siyahılarla manipulyasiya edilməsindən xəbər tuta bilərlər. Bu zaman müşahidə qrupları onların qarşısını almaq üçün şans qazanır.

Tomas Karosers müşahidə etdiyi bir maraqlı faktı da açıqlayır. Yazır ki, adətən, keçid dövrünü yaşayan məmləkətlərdə hökumət rəsmiləri ilk ünsiyyətlərində müşahidəçilər dəstəsinin saxtakarlığı tapmaq bacarığını “isti-isti” olanda şişirdir. Ona görə də həmin vaxtlarda saxtakarlıqların qarşısını almaq yolunda müşahidəçilər xeyli uğur qazana bilərlər. Ancaq bu açıqlamasından sonra yazar təəssüflə bildir: heyf ki, müşahidəçilərin sayca ən böyük dəstəsi yalnız səsvermə ərəfəsində, qısa bir zaman üçün ölkəyə gəlib nəzarət prosesinə qoşulur. Özü də bu böyük dəstədə təcrübəsiz müşahidəçilər xeyli çox olur. Bu təcrübəsizliyə görə də onlar üzdə görünənlərin arxasına nadir hallarda boylana bilər.

Tomas Karosers göstərir ki, beynəlxalq müşahidəçilərin ciddi işləməsi yalnız saxtakarlıqları açmaq və onların qarşısını almaqla bitməməlidir. Müşahidəçilərin can-başla işə girişməsi tərəddüd edən əhalini seçkilərdə fəal iştirak etməyə yönəldə bilər. Onların işi sayəsində seçkiləri boykot etmək istəyən şübhəcil siyasətçilər də yarışa qoşulmaq qərarına gələ bilər. Bunun nəticəsində isə seçkilərdə yol verilən saxtakarlıqları, pozuntuları daha çox açmaq olar. Məsələn, 1996-cı ildə Dominikan Respublikasında prezident Coukin Balaqura müxalif olan və boykotla seçkiləri pozmaq istəyən siyasətçilər xarici müşahidəçilərin seçki prosesini yaxından, həm də doğru-düzgün izləyəcəklərinə (monitorinq edəcəklərinə) arxayın olandan sonra öz boykot fikirlərindən daşındılar.

Müşahidəçilərin olması seçkini uduzmuş iqtidara nəticələri tanıtdıra da bilər.

Beləcə, 1990-cı ildə prezident Daniel Orteqa seçkinin ona ziyanlı nəticələri ilə barışmalı oldu.

Beynəlxalq müşahidəçilərin bir rolu da budur ki, onların sayəsində seçkinin təşkilinin təməl standartları yayılır və güclənir.

 On ildən çoxdur ki, müşahidəçilər demokratiyaya keçid pilləsində olan məmləkətlərin seçki rəsmilərinə, siyasətçilərinə təzyiq edərək anladıblar ki, seçkilərin beynəlxalq səviyyədə tanınması üçün bəlli prosedur qaydalarına əməl etmək gərəkdir. Həmin qaydalar isə aşağıdakılardır: bülletenlər seçki məntəqələrində sayılmalıdır, səsvermənin nəticələri elə oradaca elan olunmalıdır. Sayanlar arxayın olmalıdır ki, səsverənlərin hərəsi qutuya yalnız bir bülleten atıb. Səsverənlərin siyahısı seçkidən qabaq hamının görə biləcəyi yerdən asılmalıdır, seçki üzrə işləyənlər işin qaydalarını məşq edib öyrənməlidirlər, yerli siyasi partiya müşahidəçilərinə, yerli müşahidəçi qruplara prosesləri izləyə bilməyə icazə verilməlidir və s.

Tomas Karosersin araşdırmasına görə, beynəlxalq müşahidəçilərin başqa bir rolu bundan ibarətdir ki, onlar seçkilərin aparılması üçün standartları yaymaqla yanaşı belə bir prinsipi də möhkəmləndirirlər ki, əsl seçki yarışlarının vaxtaşırı keçirilməsi beynəlxalq normadır.

Bu normaya görə, hər bir toplumda adamların öz iradələrini, istəklərini bildirmə vasitələrindən önəmlisi vaxtaşırı keçirilən əsl (yəni azad və ədalətli) seçkilərdir. Ona görə də bu seçkilərə vətəndaşların hüququnun olması insan haqlarına daxildir və insan haqları üzrə beynəlxalq sənədlərdə həmin hüquq beləcə də təsdiqlənib.


| 1 | 2 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft