top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 11 - Seçkilər (sc)

MÜŞAHİDƏÇİ MİSSİYASI VƏ SEÇKİLƏR

NİYAZİ MEHDİ

Mənbə: "Məşvərət", N16, 1999


(İkinci məqalə)

Seçkilərdə beynəlxalq müşahidə işinin qarşısına çıxan problemlər

Son on ildə seçkilər üzrə beynəlxalq müşahidə işi çox gəlişsə də və bir çox ölkələrdə bu müşahidə seçkilərin yaxşılaşdırılmasına gətirib çıxarsa da, sözsüz, o, bütün “dərdlərə dərman” ola bilməyib. Bütün beynəlxalq müşahidələrə baxmayaraq hələ də çatışmazlıqlarla, hətta saxtakarlıqlarla dolu olmuş seçkilərin sayı həddən artıqdır. Tomas Karosers birinci məqalədə haqqında danışdığımız yazısında (Thomas Carothers. The Observers Observed. - “Journal of Democracy”. July 1997) bildirir: 1996-cı ildə Nikaraquada prezident və parlament seçkilərini kütləvi sayda beynəlxalq müşahidəçilər izləsələr də həmin seçkilərdə texniki çatışmazlıqların, hədsiz siyasiləşmiş və səmərəli işləməyi bacarmayan seçki komissiyasının qarşısını almaq olmadı. Bu seçkidə səslərin sayılması çox ləng və şübhəli aparıldı. Oxşar olaraq, 1996-cı ildə Bosniyada keçirilmiş seçkiyə geniş beynəlxalq yardım göstərilsə də həmin seçkinin azad və ədalətli olması şübhələrlə sonuclandı. Albaniyada keçirilmiş parlament, Ermənistanda keçirilmiş prezident seçkilərində isə müşahidəçilər seçki ilə bağlı ortaya çıxmış bir çox problemləri qeydə alsalar da faktdır ki, onların qarşısını ala bilmədilər.

Tomas Karosers bütün bu kimi faktlardan nəticə çıxarır: görünür, müşahidələr qarşısına çıxan məhdudiyyətlər qaçılmazdır. Yabançı müşahidəçilər tam qütbləşmiş fraksiyaları yola gətirib əməkdaşlıq etməyə razı sala bilmirlər.

 Müşahidə işinin qurulmasında belə bir problem də var. Seçkilərin müşahidəsi çoxlu qrupların işə cəlb olunmasına gətirib çıxarır, ancaq sonra da onların özfəaliyyətinin qarşısını almaq olmur. Məsələn, 1996-cı ildə Nikaraquadakı seçkidə səksəndən çox müşahidəçi dəstəsi işə qoşulmuşdu, ancaq onlardan çox azı yüksək müşahidəçilik bacarığı göstərmişdi. Həmin qruplar ABŞ-ın siyasi partiyaları ilə bağlı institutlardan, Seçki Sistemi üzrə Beynəlxalq Qurumdan, ATƏT-dən gəlmişdi. Yerdə qalan dəstələr isə zəif hazırlıqdan keçmiş təcrübəsiz müşahidəçilərdən toplanmışdı. Bu dəstələr çox az informasiya əldə edə bilirdi. Onlardakı adamların müşahidələri peşəkarlıq tələblərinə cavab vermirdi. Avropadan gəlmiş parlament, partiya qrupları isə daha çox “elektoral turizm” məqsədini güdən adamları andırırdılar.

Tomas Karosers bir problemi də göstərir: müşahidəçilər tənasübü pozaraq əsas diqəti seçki gününə yönəldirlər, halbuki səsvermə günü uzun bir prosesin kiçik parçasıdır. Həmin prosesin yerdə qalan hissələrinin payına seçki qanunu, partiyaların, namizədlərin qeydiyyatı, səsverənlərin siyahısının hazırlanması, rəqabətdə olanlara mediyada hansı qaydada yer ayrılması və s. kimi çox ciddi məsələlər düşür. Yüksək peşəkarlığı olan müşahidə qurumları prosesi izlədikcə proqramlarında düzəlişlər edərək həmin hissələrin hamısına gərəkli dərəcədə diqqət ayırırlar.

Tomas Karosers bu tezisini formulə edəndən sonra bildirir ki, qısa vaxt üçün müşahidəyə gəlmiş qruplar diqqətlərini məhz səsvermə gününə “zilləməklə” başqa günlərdə baş verənlərdən xəbərsiz qalır. Ancaq bu bəlaya başqa şəkildə bəzən bütün seçkini izləyən müşahidəçi dəstələri də düçar olurlar. Onlar çox vaxt bəyanatlarını bütün seçki prosesinin yox, səsvermə gününün faktları əsasında qurmağa meyillənir. Beləliklə də, bəyanatlarda seçki prosesinin bir çox faktları, problemləri: seçki komissiyasının tərəfkeşlik edib-etməməsi, əhalinin seçkidə iştirak üçün maarifləndirilib- maarifləndirilməməsi, dövlət televiziyasında tərəflərə bərabər vaxtın ayrılıb-ayrılmaması və s. unudulur. Bu deyilənlər 1996-cı ilin İyununda Rusiyada prezident seçkilərini müşahidə etmiş qrupların işində özünü göstərən çatışmazlıqlardan olub. Boris Yeltsinin kampaniyasında dövlət qaynaqlarından güclü istifadələr vardı. Onun üçün dövlət televiziyasında qat-qat çox imkanlar açılmışdı. Xarici müşahidəçilərsə həmin faktlara barmaqarası baxdılar.

Müşahidəçilərin çoxunun qısa vaxt üçün gəlməsi, Tomas Karosersin fikrincə, onunla sonuclanır ki, seçkinin dərin siyasi vəzifələrinə, kontekstinə az diqqət verilir. Bir xeyli müşahidəçinin gizlində şüuruna hakim olan inam budur ki, bəzi ölkələrdə seçkinin keçirilməsi özü-özlüyündə elə bir yaxşı işdir ki, buna da sevinmək olar. Ancaq demokratiyaya keçməyə çalışan toplumların son illərdəki təcrübəsi başqa şeyi göstərir. Göstərir ki, heç nəyi nəzərə almadan seçkinin olmasına sevinmək bəzən problematiklik yaradır. Məsələn, seçkilərin ölkədəki tərəflər arasında münaqişələrin çözümü üçün sərf olunan çalışmalara kömək etməyə gücü çatmaya da bilər, hətta tərsinə, seçkilər 1992-ci ildə Anqolada, 1993-cü il Burundidə olduğu kimi vətəndaş münaqişələrinə qayıdış üçün təkana da çevrilə bilər. Seçkilər iqtidara keçmiş demokratik olmayan bir liderin hakimiyyətini legitimləşdirmək üçün vasitə də ola bilər. Belə lider, adətən, seçkilərdə çoxlu saxtakarlıqlar etməklə seçkilərdən öz məqsədləri üçün istifadə edir. Bunu biz 1993-cü ildə Qabonda, 1995-ci ildə Qazaxıstanda prezident seçkilərində görmüşük. Seçkilər eləcə də Pakistanda olduğu kimi hakimiyyət uğrunda qüvvələrin uzun zamandan bəri davam edən mübarizəsinin forması olaraq demokratik təcrübədən qıraqda da dura bilər. Bax, belə hallarda müşahidəçilərin seçkiyə sırf texniki tərəfdən yanaşaraq, dərində gedən siyasi prosesləri nəzərə almadan heabat yazmaları ona gətirib çıxarır ki, demokratik olmayan siyasi proses legitimləşir.

Beliklə, Tomas Karosersdən aldığımız materiallar başqa məsələlərdə dəfələrlə unutmamağımızı gərəkli edən bir həqiqəti yenidən gündəmə gətirir. Bizdən hərəkət olmasa, xarici müşahidəçilərdən də “bərəkət” olmayacaq!

“Azad və ədalətli seçki” meyarına yaxın məsafədən baxış

Demokratiyaya keçid iddiasında və ya cəhdində bulunan ölkələrdə aparılan parlament, prezident, eləcə də başqa seçkilərdə ortada “Azad və ədalətli seçki” deyilən meyar olmasa beynəlxalq müşahidəçilərin işi, seçkilərə verdikləri qiymət dağınıq olar. Seçkilər bitən kimi müşahidəçilər təəssüratlarını məhz bu iki anlayışın - “azad” və “ədalətli” anlayışlarının işığında saf- çürük etməyə çalışırlar. Müşahidəçilərə “həmlə edən” jurnalistlər, onlardan soraq gözləyən dünya demokratik dairələri, siyasi isteblişment də cavab istəmək üçün soruşur: “seçki azad və ədalətli olub, ya olmayıb?”.

“Azad və ədalətli” anlayışları ilə bildirilən meyarın açıqlanmasını Yorgen Elklitin “Seçkiləri nə azad və ədalətli edir?” məqaləsi verir (bax: Jorgen Elklid. What makes Elections Free and Fair? - “Journal of Democracy”. July 1997). Bu yazar Danimarkanın Aarhus Universitetinin siyasi elmlər üzrə professorudur. Oyazısında bildirir ki, “azad və ədalətli” ölçüləri ilə seçkiyə yanaşanda seçkinin hər hansı bir önəmli mərhələsini götürmək düz deyil. Müşahidəçilər bütün seçki prosesini, eləcə də onun dürlü aspektlərini “azad” və “ədalətli” anlayışları işığında araşdırmalıdır. Məsələn, onlar seçki sistemini, səsverənlərin qeydiyyat sistemini, seçki prosesini göstərmək üçün mediyanın yaxın buraxılıb-buraxılmamasını, kampaniya qaydalarını, səslərin sayılması qaydalarını və s.-ni) araşdırmalıdırlar. Eləcə də müşahidəçilər azad və ədalətli seçkiyə bütün şəraitin, imkanların verilib-verilməməsini aydınlaşdırmalıdırlar.

İndi isə “azad və ədalətli seçki” meyarının konkret məzmununa baxaq. Robert Dahl adlı alim seçkilərlə bağlı yadlara salır ki, azadlıq zorunlamağa, məcbur etməyə qarşı duran anlayışdır. Azadlıq bir şeyi başqasından üstün sayıb seçmək haqqının tanınması, ortada olmasıdır. Azadlığa qarşı duran zorunlamaq, məcbur etmək isə öncəkinə tərs duraraq seçənək vəziyyətinin olmamasını bildirir.

Yorgen Elklit yazır ki, Robert Dahl “ədalətli” anlayışını tərəfkeşsizlik, umacaqsız yanaşma şəklində açıqlayır. Ədalətlinin tərsi bərabər olanlara bərabərliyi pozaraq yanaşmaqdır. Belə yanaşılanda, məsələn, hansı adamasa, qrupasa əsaslandırılmamış üstünlük verilir. Göründüyü kimi, ədalətlilik davamlı, təkrarlı olaraq, qaydalar əsasında yanaşmanı, yarışanlar arasında imkanları bərabər paylamağı nəzərdə tutur. Bəs yaxşı, “azad” və “ədalətli” anlayışlarının önəm baxımından münasibəti necədir? Yorgen Elklitin fikrincə, bu iki anlayışdan birincisi, yəni azadldıq daha üstün sayılmalıdır, çünki məhz azadlıq ədalətə şərait yaradır, daha sonra Yorgen Elklit məqaləsində “Azad və ədalətli seçki” meyarı ilə bağlı aşağıdakı cədvəli verir

Səsvermə günündən qabaq nələr seçkidə azadlığın olmasını doğrulayır

1. Hərəkat azadlığının olması.

2. Düşündüklərini (namizədlərlə, mediya ilə, səsverənlərlə və başqaları ilə bağlı) söyləmək azadlığının olması.

3. Toplaşmaq azadlığının olması.

4. Birlik yaratmaq azadlığı.

5. Seçki və seçki kampaniyası ilə bağlı hər hansı qorxudan azad olmaq.

6. Seçkiyə qoşulmağa (həm partiyalar, həm də asılılıqsız namizədlər üçün) əngəllərin olmaması.

Səsvermə günündən qabaq nələr seçkinin ədalətli olmasını doğrulayır

1. Seçki prosesinin şəffaf olması (yəni üstüörtülü heç nəyin olmaması).

2. Hər hansı partiyaya, sosial qrupa imtiyaz verilməsinə güvəniş verməyən seçki aktları və seçki sistemi.

3. Seçki qeydiyyatına alınmağa əngəllər qoyulmaması.

4. Namizədlərə polisin, ordunun, məhkəmənin tərəfkeşliksiz yanaşması.

5. Seçkilərə siyasi partiyalar, asılılıqsız namizədlərin qoşulması üçün bərabər və əlverişli şəraitin yaradılması.

6. Tərəfkeşliksiz seçki-maarifləndirmə proqramlarının yerinə yetirilməsi.

7. Qaydalar əsasında seçki kampaniyasının keçirilməsi.

8. Mediyadan istifadə üçün bərabər şəraitin olması.

9. İctimai fondlardan siyasi partiyalara payların ayrılmasına əngəllərin qoyulmaması.

10. Seçki kampaniyası məqsədlərinə hökumət vəsaitlərinin sərf olunmaması (1998-ci il sentyabrın 19-da Motodromda Heydər Əliyevlə seçicilərin görüşünün təşkilində bu prinsip pozuldu. Görüşdə iştirak edənlərdən bəziləri ağızlarından qaçırdılar ki, onların rayondan Bakıya gəlməsi üçün yerli icra aparatı avtobuslar tutub).

Səsvermə günü nələr seçkilərdə azadlığın olmasını doğrulayır

1. Seçkilərdə iştirak üçün əlverişli şəraitin olması

Səsvermə günü nələr seçkilərin ədalətli olmasını doğrulayır

1. Siyasi partiyaların nümayəndələrinin, akkreditə edilmiş yerli müşahidəçilərin, eləcə də beynəlxalq seçki müşahidəçilərinin, mediya nümayəndələrinin bütün seçki məntəqələrinə buraxılması.

2. Səsvermənin gizliliyi.

3. Səsverənlərin qorxudulmaması.

4. Səsvermə bülleteninin səmərəli tərtibi.

5. Uyğun səsvermə qutularının olması.

6. Səsverənlərə tərəfkeşsizliklə yardım göstərilməsi (buna gərək varsa).

7. Səsləri saymaq üçün uyğun prosedurun olması.

8. Səsvermə bülletenləri ilə uyğun rəftar.

9. Seçki materialları daşınılarkən gərəkli qabaqlayıcı ölçülərin götürülməsi.

10. Seçki məntəqələrinin tərəfkeşliksiz qorunması.

Səsvermə günündən sonra nələr seçkilərdə azadlığın olmasını doğrulayır

1. İddia üçün qanuni imkanın olması.

Səsvermə günündən sonra nələr seçkilərin ədalətli olmasını doğrulayır

1. Seçki nəticələrinin rəsmi və tez elan edilməsi.

2. Hər hansı seçki iddiası ilə tərəfkeşliksiz rəftar.

3. Seçki nəticələrinin mediyada tərəfkeşliksiz bildirilməsi.

4. Dəxli olan hərə kəsin seçkinin nəticələri ilə tanış olmağa buraxılması.

Göründüyü kimi, “azad və ədalətli seçki” meyarını dəqiq etmək, dəqiq işlətmək üçün yetərincə əlamətlər tapılıb. Azərbaycanda seçkiləri “kələk gəlib” bu əlamətlərin yanından sivişib keçməklə aparmaq istəyənlər bu baxımdan böyük ilğımların, aldanışların içindədirlər.


| 1 | 2 |

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft