top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 11 - Seçkilər (sc)

SEÇKİ PLATFORMASI HAQQINDA
(Bələdiyyə seçkilərində bitərəf namizədlərə məsləhətlər)

NİYAZİ MEHDİ

Mənbə: "Məşvərət", N19-21, 1999


(Yazı Azərbaycanı Modernləşdirmə Mərkəzinin yerinə yetirdiyi “Bələdiyyə seçkilərinə seçki platforması” proqramı çərçivəsində hazırlanıb. Proqrama Demokratiya üçün Vest- minster Qurumu yardım edir)

Seçki platforması gerçək seçki rəqabəti olanda yarışda uğur qazanmaq üçün xüsusi dəyər qazanır. Seçicilər namizədlərə “o kimdir?”, “o nə deyir?”, “ona inanmaq olarmı?” sualları ilə yanaşanda seçki platforması bu suallara cəld, yığcam və aydın cavablar verir. Namizəd özü olmayan, səsi çatmayan yerlərə özünü seçki platforması ilə “çatdırır”. Əgər onun seçki platforması pis yazılıbsa, səliqəsizdirsə, iradə, inam ilə aydınca bir şey

demirsə rəqiblərə güclü bəhanələr verir. Onun üçün də namizədlər seçki platforması məsələsində ehtiyatlı, bir də ciddi olmalıdırlar.

Sual: “Platforma” sözünün ilkin mənası nədir?

Cavab: “Platforma” fransız sözü olub ilkində «səthi forma» anlamını verirdi. Sonradan bu söz dəmir yolu vağzallarında dəmir yolunun qırağındakı hündürlükdə balaca meydançanı bildirib. Hər iki məna seçkilərdəki platformaları anlamağa kömək edir. Bu anlamlardan o çıxır ki:

a) namizədlər etmək istədiklərini seçki platformasında səthə, yəni üzə çıxarırlar,

b) sanki mətnin »balaca meydança»sına çıxarıb “dörd yandan tamaşaya” qoyurlar.

Sual: Prezident və parlament seçkilərindəki namizədlərin seçki platformasından bələdiyyə namizədlərinin platforması fərqlənirmi, fərqlənirsə nə ilə?

Cavab: Fərqlənir.

a) Həcminə görə. Bələdiyyə namizədlərinin platforması, adətən, daha az həcmli olur. Bu platforma üçün 1400-1500 söz bəs edir.

b) Hansı problemlərdən danışmasına görə.

Bələdiyyələrin statusu haqqında qanuna görə, bələdiyyə şuraları hansı məsələlər haqqında qərar çıxara bilərsə bələdiyyə seçkiləri üçün platformalarda da əsasən o problemlər əhatə olunmalıdır. Bundan başqa, ərazidə yaşayan əhalinin mənəvi vəziyyəti, insan

münasibətləri də platformanın tekstinə düşə bilər. Bələdiyyələrin vəzifəsi, adətən, yerli icmlara, bölgə camaatına xidmət olur. Bələdiyyə orqanları vətəndaşlıq aktlarının qeydiyyatını keçirirlər, yerli yolların, ibtidai məktəblərin, uşaq baxçalarının, idman meydançalarının tikintisi, yaxşı vəziyyətdə saxlanması ilə məşğul olurlar. Tullantıların, zibilliyin ekoloji təhlükəsini azaltmaq üçün tədbirləri də həmin orqanlar gerçəkləşdirirlər. Bələdiyyələr yerli büdcəni təyin edirlər, büdcənin necə xərclənməsinə ümumi nəzarəti aparırlar və s. Seçki platforması da uyğun olaraq bu növ məsələlərdən danışmalıdır.

Sual: Seçki patformasına ad vermək lazımdır?

Cavab: Mütləq. Zəif ad, məsələn, belə ola bilər: “Filankəsin filan ildə filan bələdiyyədə keçirilən seçki üçün platforması”. Bu məlumat güclü ad qoyulmuş platformada da getsə, yaxşı olar. Çünki zaman keçəndən sonra kimsə bu seçki platformasına rast gəlsə biləcək kim tərəfindən, hansı ildə, hansı ərazi üçün təqdim olunub. O ki qaldı platformanın «güclü adı»na, bu ad:

a) ifadəliliyin, yəni təsirli bildirmənin tələblərinə cavab versə yaxşı olar. Aşağıda seçkilər tarixindən bəzi platformaların adını veririk:

- “Müsavatın Azərbaycan xalqına seçkiqabağı “20 vədi;

- “Amerika ilə müqavilə” (ABŞ Respublikaçılar Partiyasının platforması);

- “Daha yaxşı Ontorio uğrunda” [Ontorio Libertarian Partiyası. (Kanada)].

Örnək üçün bəzi adları özümüz də improvizə edə bilərik. Məsələn:

- “Ordubad camaatı, mən sizi deyib gəlmişəm!”;

- “Gəncədə az icra hakimiyyəti uğrunda”;

- “Bərəkətin qapısını birlikdə açaq!” və s.

b) Ad platformanın başlıca ideyasını bildirsə yaxşı olar:

- “Hamı üçün daha yaxşı həyat” (Güney Afrika Milli Konqres Partiyasının platforması);

- “Azad demokratlar kimlərdir?” (Macarıstan Azad Demokratlar Alyansının platforması).

Örnək üçün burada da bəzi adları özümüz improvizə edə bilərik. Məsələn:

- “Ağdamın bu tayını o tayına tullanış meydanı edək!”;

- “Ağsu üçün Su, Torpaq, Yol” və s.

Sual: Platformanın quruluşu necə olmalıdır?

Cavab: Platformaların quruluşu ilə bağlı tək bir qəlib yoxdur.Ancaq bəlli prinsiplər var ki, bitərəf namizəd onları bilsə yaxşı olar. Həmin prinsiplər bunlardır.

a) Platformanın əvvəlində sonra toxunulacaq məsələlər sadalansa, yaxşı olar.

b) Platforma bölmələrə ayrılsa yaxşı olar. Bölmələr sosial, iqtisadi, ekoloji və s. tipində olur. Ancaq bitərəf namizədin başlıca təklifləri yalnız bir, ya iki sahə üzrədirsə onda təkliflər dəstini bölmələrdə qruplaşdıra bilər.

v) Hər bölmənin adı olmalıdır. Ad bölmənin hansı sahəyə aid olmasını açmalıdır. Yaxşı olar ki, ad həm ifadəli olsun, həm də namizədin həmin sahə ilə bağlı hansı təklifləri bildirməsini anlatsın. Məsələn:

- təhsil;

- uşaqlara qayğı;

- sağlamlığa qayğı;

- kiçik biznesə yaxşı şərait və s.

Daha ifadəli adlara örnəklər:

- təhsilə qapıları açmalı;

- sağlamlıq: necə hamının qayğısını çəkməli;

- hamıya yaşayış yeri, hamıya sosial xidmət.

Sual: Bölmələr necə sıralanmalıdır?

Cavab: Bu sıralanmada bəlli bir sərbəstlik ola bilər, məsələn bir platformada sağlamlıq təhsildən öncə gələ bilər, o birisində tərsinə. Ancaq aydındır ki, daha ümumi məsələləri əhatə edən bölmə, ya da sonrakına təməl daşı olan bölmə irəlidə gəlməlidir.

Məsələn:

A. Bələdiyyə iqtisadiyyatı üzrə

B. Sosial sahə üzrə.

V. Ekologiya üzrə

Q. Hüquq və mühafizə sahələri üzrə

Sual: Bitərəf namizədin seçki platforması mütləq bələdiyyənin bütün problemlərini əhatə etməlidir, necə deyərlər, bələdiyyə miqyasına uyğun olmalıdır, yoxsa başqa variantlar da ola bilər?

Cavab: Sözsüz, seçki platforması bələdiyyənin bütün problemlərinə tuş olsa daha çox səs qazanmaq şansı artır. Çünki çox problem hər problemin ağrıtdığı, narahat etdiyi çoxlu seçicini cəlb etmək imkanını verir. Ancaq, adətən, çoxlu problemi əhatə edən seçki platformasını cəmiyyətə partiyalardan olan namizədlər təklif edir. Bitərəf namizədin isə daha çox imkanı var ki, bəzi sahələr, problemlər üzrə “ixtisaslaşmış” platforma ilə çıxış etsin. Məsələn, əgər bölgədə Qarabağ əlilləri və başqa spesifik

səbəblərdən (məsələn, radiasiyadan) əlil, şikəst olmuş adamlar çoxdursa, bitərəf namizəd platformasını əlillərin problemlərinə həsr edə bilər. Bu zaman o inandırsa həm əlillərin, həm onların ailələrinin, həm də, sadəcə, şəfqətli adamların səslərini qazana bilər.

Eləcə də kimsə öz seçki platformasını, əsasən, qaçqınların, ya da qadınların hüquqlarına, vəziyyətlərinin yaxşılaşdırılmasına həsr edə bilər.

Sual: Platformanın dili, üslubu necə olmalıdır?

Cavab: Sözsüz, anlaqlı olmalıdır. Ancaq bu anlaqlıq namizədin bildirmək istədiklərini “savadsız adam başa düşməz” deyib ixtisara salmaq sonucunda olmamalıdır. Yoxsa elə platformanın əvəzində bir cümlə yazmaq olardı ki, mənə səs verin, yaxşı olacaq! Seçki platformasını oxumaq istəyənlərin, onsuz da, sayı maksimum olmur. Seçki platformasını oxumağa savadlı adamlar meyillidirlər. Başqalarının bu platformadan xəbəri olması üçün namizəd şifahi çatdırma yollarını düşünüb tapmalıdır. Seçki platformasının dili imkan daxilində ifadəli olmalıdır. Bunun üçün üslub ustasının qələmi onun üstündə işləsə yaxşı olar. Eyni düşüncənin ifadəli, yəni təsirli bildirilməsi ilə ifadəsiz bildirilməsinin fərqinə baxaq:

a1) Mən polisin cinayətkarlarla mübarizəsinə nəzarət edəcəyəm.

b1) Mən Domokl qılıncına çevrilib polisin üstündə asılacağam.

a2) Mən bələdiyyə şurasında sizin maraqları təmsil edəcəyəm.

b2) Mən bələdiyyə şurasında sizin səsiniz, sizin hiddətiniz, sizin tələbiniz olacağam.

Seçki platformasında cümlələrin xəbəri, adətən, felin qəti gələcək formasında olur. Cümlələr dolaşıq, burumlu, naxışlı konstruksiyalarda olmamalıdır. Cümlələrdən vicdanın səsi, iradənin qətiyyəti, bacarığın arxayınçılığı (özünə arxayınçılıq) bilinməlidir. Birləşmiş Ştatların İslahat Partiyasının platformasından bir neçə cümləyə baxaq:

- Azərbaycanda yeni yerli idarəçilik sistemi tətbiq olunacaq, Seçki prinsipinə əsaslanan bu sistem yerli əhaliyə daha geniş hüquqlar verməklə, özünüidarəetmə prinsiplərinə arxalanacaq (Müsavatın seçki platformasından).

- Biz sağlamlıq sisteminin islahat edilməsinə arxa olacağıq ki, bu sistemə xəstələrin nəzarəti qayıtsın. Biz elə edəcəyik ki, özünün tibb və sağlamlıq problemlərinin çözümünə nəzarət etmək hüququ hər kəsin özünə qaytarılsın (Birləşmiş Ştatların İslahatçı Partiyasının platformasından).

Ətraf mühit

- Biz özümüzdən öncəki nəslin bizə qoyduğu ətraf mühitdən daha yaxşısını

gələcək nəsillərə qoymalıyıq və s.

Sizin seçki platformanızı oxuyan yazınızdan çətinlik çəkmədən aşağıdakıları bilməlidir:

a) siz nələrə qarşısınız (məsələn, korrupsiyaya, intizamsızlığa, özbaşınalığa, su idarəsinə və s.);

b) siz nələr uğrunda çalışırsınız (məsələn, qanunlara əməl olunması, icra qurumlarında intizamlı işin olması, bələdiyyə ərazisinin su ilə təmin olunması və s. uğrunda).

Seçki platformasının dili ifadəlidirsə onun bəzi cümlələrini mətndən çıxarıb bitərəf namizədin şüarlarına da çevirmək olar. Bu, platformanın verdiyi imkanlardan maksimum istifadə etmək deməkdir. Eyni zamanda, belə cümlələri verən platforma seçicinin gözündə bərəkətli mətn effektini yaradır.

Aydın olsun deyə çağırışa, şüara çevrilə biləcək bəzi platforma cümlələrinə baxaq:

- özəlləşdirmə bəziləri üçün yox, hamımız üçün özününküləşdirmə olacaq!

Sual: Seçicini necə inandırmalı?

Cavab: Platformanızda yalnız vədlər versəniz, necə olmalıdır haqqında danışsanız onlarda sizə inam yaranmayacaq. Siz həm də bildirməlisiniz ki, nələri edəcəksiniz ki, olmalı olanlar olsun.

Məsələn, sadəcə, deməyin ki:

- Mən sizin problemlərlə məşğul olacağam.

Deyin:

- Mən sizin problemlərlə məşğul olacam. Ayda bir dəfə etdiklərim haqqında görüş çağırıb sizə hesabat verəcəm. Bu görüşdə sizə heç nə deyə bilməyəcəyimin qorxusu məni məcbur edəcək ki, bir an işdən əllərim soyumasın.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft