top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 11 - Seçkilər (sc)

SEÇKİ SİSTEMLƏRİ

ABİL BAYRAMOV
Xəzər Universitetinin müəllimi

Mənbə: "Məşvərət", N19-21, 1999


Seçki sistemlərinin növləri Bu yazıda söhbət sözün dar mənasında seçki sistemi haqqında, yəni səsvermənin nəticələrindən asılı olaraq namizədlər arasında mandatların bölüşdürülməsi üsulu haqqında gedir. Bir neçə belə üsul mövcuddur və onların hər biri seçkinin eyni nəticələrinə tətbiq olunduqda fərqli nəticə verə bilər.

Əsasında əksəriyyət prinsipinin dayandığı majoritar (fransızca «mayorite» - «əksəriyyət» deməkdir) sistem, təbii ki, tarixən formalaşmış ilk seçki sistemi olmuşdur: burada müəyyən edilmiş səs əksəriyyətini qazanmış namizədlər seçilmiş hesab olunurlar. Hansı əksəriyyətin (nisbi, mütləq və ya ixtisaslı) nəzərdə tutulmasından asılı olaraq sistem növ müxtəlifliyinə malikdir. Majoritar sistem sadə və anlaşıqlıdır, lakin dövlət və özünüidarə orqanlarının seçkilərində siyasi partiyaların da iştirak etdiyi halda bu sistem çox vaxt ədalətsiz olur: seçicilərin daha az hissəsinin müdafiə etdiyi partiya mandatların əksəriyyətini qazana bilər.

Artıq konstitusiya quruluşunun formalaşmağa başladığı ilk vaxtlarda siyasi birliklərin proporsional təmsilçiliyi ideyaları irəli sürülməyə başlamışdı. Bu qaydaya görə, həmin birliklərin qazandığı mandatların sayı onların namizədlərinə verilmiş səslərin sayına uyğun gəlir. Belə bir ideyanı Böyük fransız inqilabının görkəmli xadimlərindən olmuş Lui Sen-Jüst 1793-cü ildə Fransa konventində irəli sürmüşdü. XIX əsrin 40-cı illərində proporsional seçki layihələrini amerikalı Tomas Cilpin və isveçrəli Viktor Konsideran təklif etmişdilər. Proporsional sistem əslində ilk dəfə 1889-cu ildə Belçikada tətbiq olunmuşdur. xx əsrin başlanğıcında bu sistemin 152 növü fərqləndirilirdi. Hal-hazırda ondan 60 ölkədə istifadə olunur. Proporsional sistem də nöqsanlardan azad deyildir. Sistemin ətraflı təhlili zamanı biz həmin nöqsanları da aşağıda göstərəcəyik.

Hisbi çoxluqlu majoritar sistem

Bu, ən sadə sistemdir. Burada daha çox səs almış, yəni öz rəqiblərinin hər hansı birindən daha çox səs toplamış namizəd seçilmiş sayılır. Bu, nəticəli sistemdir. Burada seçki o zaman nəticəsiz qurtara bilər ki, iki və daha artıq namizəd eyni sayda daha çox səs toplamış olsun. Bu cür hallara çox az təsadüf olunur və bu vəziyyəti aradan qaldırmağın əsas yolu püşkatmadır.

Majoritar sistemin bu növü (eləcə də bu sistemin bütün digər növləri) həm təkmandatlı, həm də çoxmandatlı seçki dairələrində tətbiq oluna bilər. Bir qayda olaraq bu sistemdə dairələr təkmanadatlıdır, çoxmandatlı dairələrə çox az təsadüf olunur (məsələn, ABŞ-da prezident seçkiləri kollegiyasının seçkilərində olduğu kimi: burada prezident seçiciləri siyahılarının rəqabətdə olduğu ştatlar və federal dairə çoxmandatlı seçki dairələridir). Bu sistemə görə, adətən, səsvermədə seçicilərin məcburi minimum iştirak həddi müəyyən edilir: əgər tək bir nəfər də olsa səs vermişsə seçkilər baş tutmuş hesab olunur. Əgər həmin yerə bir namizəd irəli sürülmüşsə, o, səsvermə olmadan seçilmiş sayılır, çünki onun lehinə cəmi bir nəfərin səsverməsi kifayətdir (hətta yeganə seçici onun özü olarsa).

Mütləq çoxluqlu majoritar sistem

Yuxarıda nəzərdən keçirdiyimiz sistemdən bu sistem onunla fərqlənir ki, o, seçilmək üçün səslərin mütləq əksəriyyətini, yəni onların ümumi sayının yarıdan çoxunu tələb edir. Lakin burada ümumi say anlayışına üç müxtəlif yanaşma mümkündür: a) qeydə alınmış seçicilərin ümumi sayı (həddən artıq sərt olan bu tələbə demək olar ki, təsadüf olunmur); b) verilmiş səslərin ümumi sayı; v) verilmiş etibarlı səslərin ümumi sayı.

Bu sistemdə adətən seçicilərin iştirakının minimum həddi müəyyən edilir; əgər həmin hədd əldə olunmayıbsa seçkilər etibarsız və ya baş tutmamış sayılır. Bu, qeydə alınmış seçicilərin yarısını, bir çox hallarda isə daha az hissəsini əhatə edə bilər. Bu hədd qeydə alınmış seçicilərin yarısına bərabərdirsə verilmiş səslərin ümumi sayının mütləq əksəriyyəti nəzəri cəhətdən yuridik seçici korpusunun 25%+1 sayını təşkil edəcəkdir. Əgər seçilmək üçün etibarlı səslərin mütləq əksəriyyəti tələb olunarsa onda qeydə alınmış seçicilərin ümumi sayından alınan pay daha kiçik ola bilər. Məsələn, etibarsız səslərin payı verilmiş səslərin ümumi sayının 10%-ni təşkil etmişsə, onda seçilmək üçün tələb olunan səslərin mütləq əksəriyyəti qeydə alınmış seçicilərin 20%+1 hissəsini təşkil edə bilər.

Bu sistemin nisbi çoxluqlu sistem ilə müqayisədə üstünlüyü ondan ibarətdir ki, səs vermiş seçicilərin həqiqi əksəriyyəti tərəfindən müdafiə edilən namizədlər seçilmi sayılırlar. Lakin nisbi əksəriyyət sisteminə xas olan qüsur burada da saxlanılır: qalib gəlmiş namizədlərin əleyhinə verilmiş səslər itib-batır.

Mütləq çoxluqlu magoritar sistemin tez-tez təkrar olunan nəticəsizlik kimi spesifik nöqsanı vardır. Həm də namizədlər arasında rəqabət güclü olduqca bu nöqsanın baş vermə ehtimalı da böyük olur. Söhbət o hallardan gedir ki, seçkidə iştirak edən namizədlərdən (və ya namizədlər siyahısından) heç birisi səslərin parçalanması ucbatından tələb olunan əksəriyyəti qazana bilmir. Tələb olunan mütləq əksəriyyət verilən səslərin ümumi sayından hesablandıqda həmin təhlükə daha da artmış olur: hətta birmandatlı dairədə iki namizədin seçkidə iştirakı zamanı elə vəziyyət yarana bilər ki, seçicilərin hər iki namizədin

əleyhinə səs verdikləri və ya etibarsız qaydada səs verdikləri halda onların heç birisi mütləq əksəriyyətin səsini əldə edə bilməsin. Mütləq əksəriyyətin etibarlı səslərin ümumi sayından götürüldüyü halda isə belə bir nəticə o vaxt alına bilər ki, seçicilərin bir hissəsi hər iki namizədin əleyhinə səs vermiş olsun. Lakin bir şərtlə ki, səsvermədə seçicilərin müəyyən edilmiş minimumu iştirak etmiş olsun; əks halda seçkilər bütün digər vəziyyətlərdən asılı olmayaraq etibarsızdır.

Mütləq çoxluqlu majoritar sistem üzrə səsvermənin nəticəsizliyini necə aradan qaldırmaq olar? Bunun üçün müxtəlif üsullar mövcuddur. Onlardan biri birinci turda rəqabət aparan heç də bütün namizədlərin iştirak etmədikləri ikinci turun keçirilməsidir.

Mütləq çoxluqlu majoritar sistemin nəticəsizliyini aradan qaldırmağın səsvermənin ikinci turundan yan keçməyə imkan verən digər üsulu alternativ səsvermədir. Bu sistem Avstraliyada Hümayəndələr Palatasının (parlamentin aşağı palatasının) seçkiləri zamanı, Həmçinin ştatlarda parlament seçkiləri zamanı tətbiq edilir.

İxtisaslı çoxluqlu majoritar sistem

Bu sistemdə səslərin ixtisaslı çoxluğunu qazanmış namizəd (namizədlər siyahısı) seçilmiş hesab edilir. İxtisaslı əksəriyyət qanunla müəyyənləşdirilir və hər halda mütləq əksəriyyətdən üstün olur. Mütləq çoxluqlu sistemdən daha az nəticəli olması səbəbindən bu sistemə nadir hallarda təsadüf edilir. Məsələn, Çilidə deputatlar palatası (parlamentin aşağı palatası) ikimandatlı seçki dairələri üzrə seçilir. Dairədə etibarlı səslərin ümumi sayının 2/3-ni qazanmış partiyalar dairədən hər iki mandatı əldə etmiş olur. Partiyalardan heç birisi həmin əksəriyyəti qazanmamışsa mandatlar daha çox səs toplamış iki partiyaya verilir.

Yeganə keçirilməyən səs sistemi

Az təsadüf olunan bu sistem (məsələn, bu yaxınlaradək Yaponiyada tətbiq olunurdu) yarımproporsional hesab olunur. Belə ki, siyasi partiyalar arasında nisbəti adi majoritar sistemdə olduğundan daha az təhrif edir. Bu sistemin mahiyyəti ondan ibarətdir ki, çoxmandatlı seçki dairəsində seçici adi majoritar sistemdə olduğu kimi hər hansı partiyanın namizədlər siyahısına deyil, bir namizədə səs verir. Daha çox səs (nisbi əksəriyyətin səsini) toplamış namizədlər seçilmiş sayılırlar. Burada da majoritar prinsipin fəaliyyət göstərməsinə baxmayaraq, seçki nəticəsində azlığı təmsil edən partiya nümayəndələri seçilə bilərlər, yəni əksəriyyətin partiyasının əleyhinə verilmiş səslər öz rolunu oynaya bilər.

Kumulyativ votum

Bu sistem onunla səciyyələnir ki, çoxmandatlı dairədə hər bir seçici seçiləcək namizədlərin sayı qədər və ya daha az səsə malikdir (burada bütün seçicilərin səslərinin sayı eynidir) və öz səslərini namizədlər arasında istədiyi qaydada bölüşdürür: seçici bir neçə namizədin hər birisinəbir səs verə bilər, ya da namizədlərdən hansınasa özünün bütün səslərini toplu halında verə bilər, yəni öz səslərini bir namizəd üçün toplaya bilər. Sistem öz adını elə burdan götürmüşdür (lat. cumulatio - toplanma).

Bu sistem Almaniyanın bir çox torpaqlarında, o cümlədən Bavariyada, həmçinin əvvəllər Almaniya Demokratik Respublikasının mövcud olduğu şərqi alman torpaqlarında tətbiq olunur. Burada hər bir seçicinin üç səsi var, seçki bülletenində hər namizədin soyadı qarşısında üç boş dairə yerləşdirilmişdir. Seçici aşağıdakı variantdlardan birini tətbiq edə bilər: a) bülletendəki soyadların qarşısındakı dairələrdən birinin içərisinə xaç işarəsi qoymaqla hər namizədə bir səs verə bilər; b) namizədlərdən birinə iki səs, o birisinə bir səs verə bilər; v) hər üç səsi namizədlərdən birinə verə bilər; q) bülleteni doldurmadan namizədlərin heç birisini müdafiə etməyə bilər.

Siyasi partiyaların proporsional təmsilçilik sistemi

Bu sistemin əsas ideyası ondan ibarətdir ki, hər bir siyasi partiya parlamentdə və ya digər nümayəndəli orqanda onun lehinə səs vermiş seçicilərin sayına proporsional sayda mandat əldə etmiş olsun. Prinsipcə bu, ədalətlidir, lakin onun da özünəməxsus nöqsanları var. Proporsional seçki sistemi hətta nisbətən kiçik partiyalar üçün də təmsilçiliyi təmin edir. Bu isə parlamentli və ya qarışıq idarəçilik formasında hökumətin formalaşdaralması, sonradan isə onun fəaliyyəti sahəsində mürəkkəb prodlemlər yaradır. Problemlər əsasən heç bir partiyanın və ya partiyalar koalisiyasının parlamentdə möhkəm mütləq əksəriyyətə malik olmadıqları vəziyyətdə meydana çıxır, proporsional sistem isə məhz belə vəziyyətin alınmasına zəmin yaradır. Bu, həmin sistemin nöqsanlarından yalnız biridir.

Qanun siyasi partiyaların daxili demokratik quruluşunu təmin etmədiyi şəraitdə proporsional seçki sistemi partiyanın dar hakim dairəsi üçün əlverişli olur və sıravi partiya üzvlərinin, partiya elektoratının siyasətdən aralanmasına gətirib çıxarır. Məsələn, 1993-cü ildə seçicilərin aprel referendumu zamanı proporsional sistemin əleyhinə kütləvi şəkildə qəti etiraz bildirdikləri İtaliyada vəziyyət məhz bu cürdür.

Məsələ bundadır ki, proporsional sistem yalnız çoxmandatlı seçki dairələrində tətbiq oluna bilər, özü də dairə böyük olduqca daha yüksək proporsionallıq dərəcəsi əldə etmək mümkün olur. Ən yaxşı nəticə bütün ölkənin vahid seçki dairəsi olduğu halda, yəni parlamentin bütün tərkibinin bir seçki dairəsində seçildiyi halda əldə edilir. 120 deputatdan ibarət olan İsrail Knesseti (parlamenti) bu yolla seçilir. İsrail kiçik ölkədir, daha iri ölkələrdə ölkəni seçki dairələrinə bölmədən keçinmək mümkün deyil. Macarıstanda Dövlət Məclisinin (parlamentin) 386 deputatından 152-si iri seçki dairələri üzrə, 58-i isə ümummilli dairə, yəni bütün ölkə üzrə seçilir. Bununla yanaşı, proporsional sistem üzrə seçkilər üçün seçki dairələri yaradıldığı halda, bu dairələr çox böyük olur və onların hər birisindən adətən onlarla deputat seçilir. Əlbəttə, seçki bülletenində heç də hər bir partiyadan və ya partiyalar blokundan olan namizədlərin siyahısı çap olunmur, burada yalnız siyahının adı və / və ya onun qrafik simvolu və bir neçə liderin soyadı qeyd olunur. Siyahı partiyanın rəhbərliyi tərəfindən tərtib edilir, seçici isə müdafiə etdiyi partiyalardan bir çox namizədlərin hətta adını bilməyə də bilər və çox vaxt heç bilmir də. Sistemin qüsurlarını azaltmaq üçün bir çox ölkələrdə ona müəyyən düzəlişlər edirlər.

Mandatların proporsional bölüşdürülməsi üçün daha çox seçki kvotası və bölənlər metodundan istifadə odlunur. Seçki kvotası bir namizədin seçilməsi üçün zəruri olan səs minimumudur. O, müxtəlif qaydada müəyyən edilir. 1855-ci ildə ingilis barristeri (yüksək ixtisaslı vəkil) Tomas Her sadə x:u düsturu üzrə müəyyən edilən kvotanı təklif etmişdir. Burada x-səslərin sayı, u isə mandatların sayıdır. Kvota müəyyən edildikdən sonra hər bir partiyanın topladığı səslər bu kvotaya bölünür və bölünmədən alınan tam ədədlər hər partiyaya neçə mandat düşdüyünü göstərir. Lakin bu düsturun belə bir nöqsanı var: tez-tez böyük səs qalıqları və bölüşdürülməyən mandatlar qalır. Buna görə də məxrəcə bir, iki, üç və s. vahidlər artırmaq yolu ilə Herin kvotasını təkmilləşdirməyə başladılar. 1868-ci ildə başqa bir ingilis barristeri Henri Drup və Bazel Universitetinin professoru Eduard Hogenbax-Bişof tərəfindən təklif edilən kvotalar daha çox populyarlıq qazandı. Drupun kvotası {x:(u+1)}+1, Hogenbax Bişofun kvotası isə x:(u+1) düsturu ilə müəyyən edilir. Bu kvotalardan istifadə edərkən Herin kvotasının tətbiqi zamanında olduğundan xeyli dərəcədə artıq mandatı dərhal paylaşdırmaq mümkün olur.

Bölənlər metodu dərhal bütün mandatları seçki dairəsində və ya bütün ölkə üzrə paylaşdırmağa imkan verir. Onun mahiyyəti hər bir namizədlər siyahısı üzrə alınmış səsləri müəyyən bölənlər seriyasına ardıcıl olaraq bölməkdən ibarətdir. Bu bölənlər müxtəlif cürdür. Məsələn, 1882-ci ildə Gent Universitetinin professoru Viktor dOndt sadəcə olaraq 1-dən başlamaqla tam ədədlər ardıcıllığına bölməyi təklif edirdi. İri partiyalar üçn daha sərfəli olan bu metod bir çox ölkələrdə (Almaniya, Argentina, Belçika, Polşa və s.) qəbul edilmişdir. İtaliyalı tədqiqatçı İmperialli də tam ədədlər ardıcıllığına, lakin ikidən başlamaqla bölməyi təklif edirdi; əslində bu, dOntun metodunun bir variantıdır. 1910-cu ildə fransız alimi A. Sent-Laqüe tək ədədlərə (1-ə, 3-ə, 5-ə və s.) bölmək ideyasını təklif etdi. Bu metod, məsələn, Latviyada tətbiq olunmuşdur. Bir sıra ölkələrdə (məsələn, Bolqarıstanda) Sent-Laqüe metodunun mötədil və ya uyğunlaşdırılmış variantı tətbiq edilir. Bu varianta görə birinci bölənlər 1 və 4, sonrakılar isə 3, 5, 7 və digir tək tam ədədlərdir. Danimarka metoduna görə sonrakı bölən əvvəlkindən 3 vahid böyükdür: 1, 4, 7, 10 və s. Bölmə aparıldıqdan sonra mandatlar payına daha böyük qismət düşən partiyalara verilir.

Qarışıq sistemlər

Bir sıra ölkələrdə ayrı-ayrı sistemlərin üstünlüklərini birləşdirmək və onların nöqsanlarından yaxa qurtarmaq və ya heç olmasa bu nöqsanları əhəmiyyətli dərəcədə yumşaltmaq məqsədilə majoritar və proporsional sistemlərin bəzi elementlərini özündə birləşdirmiş qarışıq seçki sistemləri yaradılır. Məsələn, Almaniyada qarışıq sistemdən Bundestaqa seçkilərdə istifadə olunur. Bundestaq deputatlarının yarısı bütün ölkəni əhatə edən təkmandatlı seçki dairələrində nisbi çoxluqlu majoritar sistem üzrə seçilir.

Deputatların digər yarısı çoxmandatlı seçki dairələri rolunu oynayan alman torpaqları (federasiya subyektləri) üzrə siyasi partiyaların irəli sürdükləri namizəd siyahıları əsasında 5 faizlik məhdudiyyət həddi və daha çox qalıq qaydasına əsasən proporsional təmsilçilik prinsipinə uyğun seçilir.

Oxşar sistem Bolqarıstanda da mövcuddur, lakin bu, alman sistemindən onunla fərqlənir ki, təkmandatlı seçki dairələrində birinci turda daha çox səs toplamış iki namizəd arasında ikinci turun keçirilməsini nəzərdə tutan mütləq çoxluqlu majoritar sistem tətbiq olunur.

Təxminən bu cür qarışıq sistemləri Gürcüstan və Litva da tətbiq edir.

Macarıstanda Dövlət Məclisinin artıq yuxarıda xatırladığımız proporsional sistem üzrə seçilən 152 və 58 deputatlarından başqa, daha 176 deputatı təkmandatlı seçki dairələri üzrə mütləq çoxlüqlu majoritar sistem əsasında iki tur ərzində seçilir. Bu zaman əraziləri vilayətlərin və paytaxtın ərazisi ilə üst-üstə düşən çoxmandatlı seçki dairələrində namizədlərin siyahılarını yalnız öz namizədlərini vilayətin ərazisindəki təkmandatlı

seçki dairələrinin 1/4-dən çoxunda, həm də ən azı iki dairədə qeydə aldırmış siyasi partiyalar irəli sürə bilər, ümummilli siyahını isə yalnız öz namizədlərini ən azı 7 çoxmandatlı seçki dairəsində qeydə aldırmış partiya təqdim edə bilər.

Qeyd etdiyimiz kimi artıq İtaliyada qarışıq sistem tətbiq olunur. Hazırda Parlamentin hər iki palatasının tərkibinin dörddə üçü nisbi çoxluqlu majoritar sistem üzrə, təkmandatlı seçki dairələrində, dörddə biri isə əvvəlki proporsional sistem üzrə, lakin dörd faizlik həddlə seçilir.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft