top

 

ANA SƏHİFƏ TƏHSİLİN PROBLEMLƏRİ KİTABXANA REFERATLAR VİRTUAL TƏHSİL FORUM LİNKLƏR ƏLAQƏ

AKTİV BÖLMƏLƏR

Aktual mövzu

Səhifə yenilikləri

Kitabxana yenilikləri

Hazirlanir Texnodrom

Hazirlanir Yeni referatlar

Hazirlanir Bizim müəllimlər

Hazirlanir Özünü yoxla

Hazirlanir Bunları bilmək maraqlıdır

Hazirlanir İlk onluq

XƏBƏRLƏR.

Hazirlanir Təhsil xəbərləri

Texnoloji xəbərlər

Ölkə xəbərləri

Dünya xəbərləri

KITABXANA - 11 - Seçkilər (sc)

ABSENTEİZM TƏHLÜKƏSİ

ABİL BAYRAMOV,
“Mülki cəmiyyətə doğru” Mərkəzi, direktor

Mənbə: "Məşvərət", N25, 1999


Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı məsələ artıq indidən əsas müzakirələrin mərkəzindədir. Seçkilərin vaxtı da məlumdur - 2000-ci il noyabrın 5-i. Bu vaxtı ölkənin Əsas Qanunu əvvəlcədən müəyyənləşdirib. Konstitusiyamızın 84-cü maddəsinin 2-ci hissəsində deyilir: “Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının seçkiləri hər beş ildən bir noyabr ayının birinci bazar günü keçirilir”. Konstitusiyanın bu məcburedici norması seçkilərin vaxtı ilə bağlı yarana biləcək hər hansı mübahisəni birdəfəlik olaraq aradan qaldırıb. Yəni seçkilərin vaxtı artıq heç kəsin subyektiv mülahizəsindən asılı ola bilməz, çünki konstitusiya “qanunlar qanunu”dur və onu dəyişmək yalnız referendumla mümkündür. Lakin müzakirə və mübahisə mövzusu olan hələ çoxlu məsələ qalmaqdadır. Mübahisə subyektlərinin hər biri öz təklifini seçkilərin demokratikliyini təmin edə biləcək güclü vasitə hesab edir. Biz həmin təkliflərlə bağlı yeni müzakirə açmaq fikrindən uzağıq. Ən azı ona görə ki, müxtəlif cür qarşılana biləcəyini öncədən gördüyümüz təkliflərlə çıxış etmək niyyətindəyik.

Azərbaycanda keçirilən son seçkilər çoxlarının o qədər də əhəmiyyət vermədiyi absenteizm (seçicilərin səsvermədə iştirak etməməsi) kimi təhlükəli bir halla müşaiyət olunur. Qarşıdan isə parlament seçkiləri gəlir və seçicilərin səsvermədə iştirak səviyyəsinin yüksələcəyini güman etməyə əsas verən elə bir ciddi səbəb də müşahidə olunmur.

Absenteizmin səviyyəsinə müxtəlif səbəblər, lakin hər şeydən əvvəl siyasi və iqtisadi şərtlər təsir göstərir. Belə davranış qeyri-siyasi və siyasi ola bilər. Birinci halda seçici seçkilərə ona görə getmir ki, ona xəstəlik, başqa yerdə olma, seçki məntəqəsinin uzaqlığı və s. kimi səbəblər mane olur, yaxud da seçkilər onu ümumiyyətlə maraqlandırmır. İkinci halda isə seçici seçkilərdə iştirak etməməsindən siyasi etiraz nümayişi kimi istifadə edə bilər. Bunun səbəbləri müxtəlif ola bilər: irəli sürülən namizədlər, onların mövqeyi seçicini qane etmir, seçici hesab edir ki, hazırkı şəraitdə keçirilən seçkilərin nəticələri obyektiv ola bilməz və s.

Nə üçün absenteizm təhlükəlidir? Absenteizmin yüksək səviyyəsi hakimiyyət və özünüidarə orqanının kiçik seçici korpusu tərəfindən seçilməsinə gətirib çıxarır. Bu da həmin orqanların legitimliyinin şübhə altına alınmasına əsas yaradır. Digər tərəfdən, absenteizm kütləvi saxtakarlıqlar üçün əlverişli şərait yaradır. Seçkilərdə iştirakın məcburi minimumu müəyyən edildiyi hallarda absenteizm seçki prosesinin nəticəsizliyinə də səbəb ola bilər.

Absenteizmin bir sıra obyektiv səbəbləri var. Bu səbəblər sırasında seçici korpusunun həm hakimiyyəti, həm də müxalifəti təmsil edənlərə inamının aşağı düşməsi, indiyə qədər keçirilən seçkilərdə açıq saxtakarlıq hallarının olması və s. kimi əhəmiyyətli səbəblər var. Lakin ciddi subyektiv səbəb kimi seçicilərin əsassız laqeydliyi və izaholunmaz tənbəlliyi xüsusi vurğulanmalıdır. Azərbaycanda keçirilən seçkilərdə saxtakarlıq hallarına məhz bu subyektiv amil əlverişli zəmin yaradır. Əksəriyyətimiz səsvermə günü məntəqələrə getməyə lüzum görmürük və ya sadəcə tənbəllik edirik, sonra isə seçkilərin qeyri-demokratikliyindən danışırıq. Qəribə məntiqdir, deyilmi? Bəs bu məntiqdən azadolmanın, absenteizmin səviyyəsini aşağısalmanın yolları varmı?

Şübhəsiz ki, absenteizmə qarşı mübarizənin səmərəli hüquqi mexanizmləri olmalıdır. Təcrübə göstərir ki, başqa vasitələr az səmərəlidir və arzuolunan nəticəni vermir. İstər müxtəlif səviyyəli dövlət orqanlarına, istərsə də bələdiyyələrə seçkilər ərəfəsində ayrı-ayrı siyasi qüvvələrin seçkilərə ciddi hazırlığı və fəal seçki kampaniyası təşkil etməsi müşahidə olunub. Seçicilərlə görüşlər, təşviqat vasitələrindən istifadə, müxtəlif qanuni təbliğat üsulları seçiciləri səsvermədə fəallığa cəlb etmək üçün nəzərdə tutulan mexanizmlərdir. Lakin bu mexanizmlərin absenteizmin səviyyəsini aşağı salmağa kifayət etmədiyi, fikrimizcə, artıq mübahisə doğurmur. Eləcə də son günlər seçkilərin beynəlxalq təşkilatların himayəsi və ya nəzarəti altında keçirilməsi ilə bağlı irəli sürülən təkliflər gerçəkləşsə belə, absenteizmə əhəmiyyətli təsir göstərmək mümkün olmayacaq. Ona görə də ən yaxşı yol qanunun gücündən istifadədir.

Bizim təklif edəcəyimiz çıxış yolu yeni kəşf deyil və artıq bir sıra ölkələrin təcrübəsində sınaqdan çıxarılıb. Söhbət məcburi votumun, yəni seçicilərin səsvermədə iştirakını məcburi edən hüquqi vəzifənin qanunvericilikdə nəzərdə tutulmasından gedir. Avstraliya (“tənbəl” seçicinin cərimə olunması), Yunanıstan və Türkiyə (səsvermədə iştirak etməməyə görə hətta azadlıqdan məhrumetmənin tətbiqi), Belçika (ilk dəfə səsvermədə iştirak etməmənin töhmət və ya kiçik cərimə ilə, ikinci dəfə iştirak etməmənin birincidən altı ilə qədər vaxt keçmişsə daha böyük cərimə ilə nəticələnməsi, birinci dəfədən altı ildən on ilədək vaxt keçdikdə isə seçicinin soyadının yaşayış yeri üzrə kommunal idarənin binasında xüsusi siyahıda asılması), Argentina (nəinki seçicinin cərimə olunması, eləcə də onun üç il ərzində dövlət vəzifələri tutmaq imkanından məhrum edilməsi) kimi ölkələrin təcrübəsi məcburi votumun əhəmiyyətini sübut edir. Yəqin ki, heç kim həmin ölkələri qeyri-demokratik ölkələr sırasına aid etmək cəsarətində bulunmaz.

Ola bilsin ki, bu fikrin əleyhdarları bizi demokratiya və liberalizm dəyərlərinə qarşı çıxmaqda ittiham edəcək. Səmimi şəkildə deyirik ki, biz bu dəyərlərin qəti tərəfdarlarındanıq. Bununla yanaşı, bizim üçün heç də az əhəmiyyətli olmayan başqa dəyərlər də var. Bu, ilk növbədə normal vətəndaş cəmiyyəti qurmaqla ümumi inkişafa nail olmaqdır. Bunun üçün isə biz bəzi dəyərlərdən müvəqqəti imtinanı mümkün və məqbul hesab edirik. Yuxarıda nümunə gətirdiyimiz dövlətlər də məsələyə məhz bu baxımdan yanaşır. Bizim inamımıza görə, məcburi votumun Azərbaycanda tətbiqi seçkilərdə ehtimal olunan saxtakarlıq hallarının faizini xeyli aşağı sala bilər. Seçicilərin böyük əksəriyyətinin səsvermədə iştirakı onun nəticələrini saxtalaşdırmağa çalışanları səsverməyə gəlməyənlərin bülletenlərindən istifadə imkanından məhrum edəcək. Çünki ən ucqar kənddə yaşayan seçicinin belə artıq ölkədaxili proseslərə və konkret şəxslərə özünəməxsus münasibəti formalaşıb. Yəni seçici ölkədə baş verən proseslərə laqeyd deyil və o, səsvermədə iştirak etsə mütləq öz münasibətini bildirmək imkanından istifadə edəcək. Doğrudur, səsvermənin obyektivliyində maraqlı olmayanlar seçicini istiqamətləndirməyə cəhd göstərə bilərlər, lakin ictimai nəzarətin yaxşı təşkili bunun qarşısını ala bilər.

Opponentlərimizin başqa tutarqası da ciddi və əsaslı görünə bilər. Onlar deyə bilərlər ki, məcburi votumla təmin edilən hakimiyyət legitimliyi daha çox süni legitimlik olacaq. Əgər kimin seçiləcəyinin seçici üçün fərqi yoxdursa o, öz inamına görə deyil, başqasının məsləhəti ilə səs verəcək. Əlbəttə, biz bu halı istisna etmirik. Ancaq hesab edirik ki, hazırkı şəraitdə məcburi votum tətbiq edilsə, belə halların çəkisi seçkilərin nəticələrinə təsir etməyəcək dərəcədə az olacaq. Biz məcburi votumun tətbiqinin müvəqqəti olacağına inanırıq. Müəyyən sanksiyaların (məsələn, cərimə) tətbiqindən çəkinərək tənbəlliyə son verən və səsvermədə iştirak edən seçicidə öz iradəsinin gücünə inam yaranacaq və növbəti seçkilərdə o artıq daxili inamı ilə tərəddüd etmədən səsverməyə gedəcək. Belə inam kütləviləşdikdən sonra isə məcburi votuma heç bir ehtiyac qalmayacaq.

İrəli sürmək istədiyimiz başqa təklif isə seçki sistemi ilə bağlıdır. Məcburi votumun tətbiq edilməyəcəyi halda (məcburi votumun tətbiqi halında buna ehtiyac görmürük) kumulyativ votum sisteminin tətbiqi məqsədəuyğun olardı. Bu sistem (bu sistem haqqında ötən saylarımızda məlumat vermişdik, lakin bir daha xatırlatmağı zəruri hesab edirik) onunla səciyyələnir ki, çoxmandatlı dairədə hər bir seçici seçiləcək namizədlərin sayı qədər və ya daha az səsə malikdir (burada bütün seçicilərin səslərinin sayı eynidir) və öz səslərini namizədlər arasında istədiyi qaydada bölüşdürür: seçici bir neçə namizədin hər birisinə bir səs verə bilər, ya da namizədlərdən hansınasa özünün bütün səslərini toplu halında verə bilər, yəni öz səslərini bir namizəd üçün toplaya bilər. Sistem öz adını elə burdan götürmüşdür (lat. cumulatio - toplanma).

Bu sistem Almaniyanın bir çox torpaqlarında, o cümlədən Bavariyada, həmçinin əvvəllər Almaniya Demokratik Respublikasının mövcud olduğu şərqi alman torpaqlarında tətbiq olunur. Burada hər bir seçicinin üç səsi var, seçki bülletenində hər namizədin soyadı qarşısında üç boş dairə yerləşdirilmişdir. Seçici aşağıdakı variantlardan birini tətbiq edə bilər: a) bülletendəki soyadların qarşısındakı dairələrdən birinin içərisinə xaç işarəsi qoymaqla hər namizədə bir səs verə bilər; b) namizədlərdən birinə iki səs, o birisinə bir səs verə bilər; v) hər üç səsi namizədlərdən birinə verə bilər; q) bülleteni doldurmadan namizədlərin heç birisini müdafiə etməyə bilər.

Bizcə, bu sistemin tətbiqi daha obyektiv nəticəni ortaya qoya bilər. Çünki seçicinin bir səsə malik olması onun seçim imkanlarını məhdudlaşdırır. Seçicinin simpatiyası təkcə bir namizədə yönəlməyə də bilər və o hesab edə bilər ki, namizədlərin bir neçəsi eyni dərəcədə etimada layiqdir. Seçicinin rəyi hər bir halda reallığı əks etdirməsə də bu sistemin tətbiqi nəticədə ən layiqli namizədin seçilməsinə səbəb olar.

Seçkilərin demokratikliyinin və obyektivliyinin təkcə yuxarıda sadaladığımız vasitələrlə təmin oluna biləcəyini iddia etmək fikrindən uzağıq. Lakin hazırda irəli sürülən və həmrəy olduğumuz bir çox təkliflərlə (seçki komissiyalarının bütün səviyyələrdə tənsay əsaslarla formalaşdırılması, seçkilərə nəzarətin formaları ilə bağlı və s. təkliflərlə) yanaşı, müzakirəyə çıxardığımız təkliflərin də əhəmiyyətli olduğu inancındayıq.

Bashlanqic Yuxari Ashaqi Kitabxana Bolme

TƏQDİM EDİRİK

http:\\www.karabakh-doc.gen.az

Qarabaq senedlerde

Bütün hüquqlar qorunur. Materiallardan təkrar istifadə zamanı səhifəni göstərmək vacibdir.

Powered bu TusiSoft