|
ÜÇÜNCÜ
SEKTORUN
“QİYAM”ı,
VƏ
YA
HAKİMİYYƏTİN
“OKKAM
ÜLGÜCÜ”nə QARŞI DAYANIŞLAR
NİYAZİ MEHDİ
Mənbə:
"Məşvərət", N12,
1998
Demokratiyada vətəndaş toplumuna
“üçüncü sektor” deyilir. Burada dövlətə aid, dövlətdən asılı olanlar birinci
sektoru əmələ gətirir. İkinci sektoru bazar iqtisadiyyatı əsasında işini
görən özəl biznes yaradır. Hökumətdən asılı olmayan vətəndaş toplumu isə
“üçüncü sektor” adlandırılır. Hakimiyyət üçün ən ciddi “çətinliklər”dən
birini məhz üçüncü sektor yaradır (əslində, üçüncü sektor reallığa elə bu
çətinliyi törətmək üçün çağırılıb).
Hər hansı hakimiyyət “Okkam
ülgücü” prinsipi ilə işləməyə can atır. Vilyam Okkam XIV yüzildə yaşamış
ünlü ingilis sxolast filosofudur. O, fəlsəfə yapmaq işində qənaət prinsipi
ilə işləməyi önə çəkmişdi. Həmin prinsip latınca belə formulə edilirdi: “non
sunt multiplicanda entia praeter necessitatem”, yəni gərəyi olmadan heç bir
mahiyyəti çoxcullaşdırma, mürəkkəb hissələrdə göstərmə.
Okkamın bu prinsipi yersiz sayılan mürəkkəbliyi
kəsib götürdüyü üçün sonralar ona “Okkam ülgücü” deyildi. İndi yenidən
hakimiyyət məsələsinə qayıtsaq, deyə bilərik ki, çox vaxt bürokratlaşmağa,
çoxpilləli olmağa meyilli olan hakimiyyət bu əyilimində, nədənsə, nadir
hallarda “Okkam ülgücü”nü yada salır. Ancaq hakimiyyət öz bürokratiyasından
qıraqda duran, qıraqda duraraq onun hər hansı bir qərarı çıxarmasına əngəl
olan, hər hansı qərarı yerinə yetirməsi qarşısına çətinliklər çıxaran
gücləri “Okkam ülgücü” ilə kəsib atmağa, ya da hədələməyə çalışır
(“qoymurlar işləməyə”, “bizi gecikdirirlər”). Məsələn, hakimiyyət istəyir
ki, hansı nazirinsə aparatında hazırlanmış qanun layihəsi Milli Məclisdə
uzun-uzadı müzakirələr olmadan, “əmmalar” qoyulmadan keçsin. Prezident
aparatı parlamentə qanunların layihələrini göndərəndə anlaya bilmir ki, niyə
Milli Məclis formal borcunu (səs verib keçirməni) yerinə yetirməkdən daha
böyük şeylərə iddia edir. Parlamentin özü də onun çıxardığı qanunlara, onun
işlərinə mass-media, həmkarlar birliyi, başqa hökumətdənqıraq qurumlar “yox”
deyəndə əsəbiləşir, “Okkam ülgücü”nün həsrətini çəkir. Bütün bu qısa
açıqlamadan sonra biz vətəndaş toplumunun, onun qurumlarının belə başa
düşülən “Okkam ülgücü”nə
qarşı durmasının hikmətindən danışmaq istərdik.
Britaniya tarixçisi Lord Eşton bir dəfə
söyləmişdi ki, hakimiyyət pozğunlaşmağa meyillidir. Hakimiyyət mütləq olanda
isə insanı tam pozğunlaşdırır.
Demokratiya bir sistem kimi hakimiyyətin
canında duran özbaşınalıq, özünü hər şeydən yuxarı qoymaq meyillərinin
qabağını almaq üçün dürlü əngəllər qurur. Demokratiyanın klassik sənədi olan
Birləşmiş Ştatların Anayasasının da başlıca məqsədlərindən biri vətəndaşlar
üzərində hakimiyyətin özbaşınalığının qarşısını almaq olub. Onun üçün də
həmin Anayasada hakimiyyət bir-birinə göz qoyan Prezident - Konqres - Ali
Məhkəmə arasında bölüşdürülüb. Hələ bu azmış kimi, “dördüncü hakimiyyət”
ayamasını almış mətbuat, sonralarsa mass-media da gözqoyanlar siyahısına
əlavə olunur. Hələ bu da azmış kimi, cəmiyyətin özündə də hakimiyyətin əli
çatacaq bölgələrin dairəsi daraldılır: özəl sektor iqtisadiyyatın xeyli
hissəsini hakimiyyətin əlindən alıb böyük bir müstəqillik zonası yaradır.
Vətəndaş toplumu isə hakimiyyət idarəçiliyinin bir xeyli hissəsini yox edib
əvəzində özünüidarə, özünüyönətim bölgələri yaradır; beləcə əlillər qurum
yaradaraq öz problemlərini hökumətin əlinə baxıb gözləmədən çözürlər. Beləcə
uşaqlarını avtomobillə sərxoş sürücü vurmuş ata-analar birləşib sərxoş halda
avtomobil sürməyə qarşı sərt qanunlar çıxarmağa qanunvericilik orqanını
məcbur edirlər, beləcə dövlətdən asılı olmayan təhsil-tərbiyə ocaqları
yaradılır. Hələ bu azmış kimi, vətəndaş toplumu ayrı-ayrı haqqoruyucu
qurumlarla hakimiyyətin potensial özbaşınalığına qarşı durur.
Göründüyü kimi, demokratiyada hakimiyyətin,
“yuxarıdan idarə”nin daraldılması çox önəmli bir siyasi-sosial məsələ kimi
durur.
Araşdırıcılar Amerika Anayasasının hakimiyyət
özbaşınalığına qarşı yönəlmiş pafosunu nəzərə alaraq söyləyir ki, həmin
Konstitusiyanı yazanlar
çox mömin protestantlar idi. Protestantlıq isə
Xristianlığın bir qolu kimi ilkin günah ehkamını qəbul edirdi. Bu ehkama
görə, bütün, hətta mənəviyyatca ən yaxşı insanlar belə üstlərində Adəmlə
Həvvanın ilkin suçunu gəzdirirlər, ona görə də korlanmağa meyillidirlər. Bu
səbəbdən də hakimiyyətə elə nəzarət olmalıdır ki, siyasi zirvəyə qalxmış
insanın korlanıb özbaşına müstəbidə çevrilməsi mümkün olmasın.
Bax, “üçüncü sektor”un bu müqavimət pafosunu
məcazi olaraq “qiyam” adlandırmaq olar. Bu anlamda da biz yazımıza “üçüncü
hakimiyyətin qiyamı” deyimini salırıq.
Ancaq hakimiyyəti üçüncü sektorun qiyamı nə
qədər öfkələndirsə də vətəndaş toplumunun cəmiyyətdə azman əməli rolu olur.
İndi isə bunu açaq.
Vətəndaş toplumu amorf, yəni formasız insan
yığını deyil. Vətəndaş toplumu insanların dağınıq hərəkatı da deyil.
Vətəndaş toplumu insanların bir iş uğrunda səf-səf düzülməsi, nizamlı
hərəkatıdır. O bu mənada qurulmuş, quruluş biçimini almış topluluqdur.
Vətəndaş toplumu ayrı-ayrı qurumların quruluşları ilə qurulur.
Vətəndaş toplumu olan ölkələrdə bir xeyli
problemlər var ki, onlarla rastlaşanda “yuxarıların tapşırığı”nı gözləməyə
ehtiyac qalmır. Tərsinə, “yuxarılar” problemlərin öhdəsindən gəlməyə əngəl
olanda, öhdələrinə düşən borcu yerinə yetirməyəndə adi adamların bacarığı
çatır ki, onlara müqavimət göstərsinlər, onları məcbur etsinlər.
Bunun üçün də cəmiyyətdə səpələnmiş gücləri
vətəndaş toplumu ayrı-ayrı qurumlarında misqal-misqal bir araya yığıb ümumi
gücə çevirir.
Vətəndaş toplumuna mütəşəkkilliyi, qurulmuşluğu
hökumətdən qıraq, hökumətdən asılılıqsız qurumlar, təşkilatlar verir. Bu
təşkilatlar insanları öz qınından çıxıb başqaları ilə birlikdə pul, qazanc
uğrunda yox, sadəcə ədalət, insaf, yaxşılıq, ləyaqət, şərəf naminə birgə
çalışmağa, əməkdaşlığa məcbur edir.
Cəmiyyət həmişə içində çoxlu problemlərə düçar
olur. Varlanmış qruplar yoxsul qrupları saymır, güclülər gücsüzlərə ağalıq
etmək istəyir. Soyuducusu ərzaqla dolu olan şəxs ərzaqsız adamın halını
vecinə almır (“toxun acdan xəbəri olmaz”). Həbs etməyə səlahiyyəti olan
vəzifəli adam şübhəli şəxsin haqqına fikir vermədən tez tutub dama basmağa
meyillənir. Zavodlar ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün xərc
çəkmək istəmir. Mallarını satanlar sağlamlığa ziyanlı şeyləri alıcıya
sırımaq istəyir. Adamlar davamlı olaraq bir-birini bəyənməyib didirlər,
konfliktlər baş alıb gedir və s.
Cəmiyyəti qıraqdan da problemlər bürüyür. Qonşu
ölkələr ona qıyqacı baxır. Dostluq təklif edən ölkələr bir də görürsən öz
ardınca uçuruma sürükləyir.
Dostluq, əməkdaşlıq bağlantısında da bir ölkə o
birisindən nəsə qoparmaq istəyir və s.
Bütün bunlar problem örnəklərinin çox qısa
siyahısıdır. Bəs problemlərin öhdəsindən necə gəlmək olar? Problemlərin
öhdəsindən bilmək (informasiya) və bilib etməklə gəlmək olar. Bilmək də,
etmək də qüvvələri toplamağı gərəksəyir. Təşkilatlanma və təşkilatlar
arasında vəzifələrin bölüşdürülməsi (ixtisaslaşma) gücləri toplayır və bu
toplanmış gücü ayrı-ayrı vəzifələr üzrə paylayır.
İnsanlara zərrəciklər kimi baxsaq, bilmək və
etmək işi də insanların sayı qədər zərrəcikləşir. Vətəndaş toplumundakı
mərkəzlər, assosiasiyalar, cəmiyyətlər, təşkil olunmuş qruplar, komitələr,
forumlar bilimin və edimin zərrəciklərini topalayıb yoğun bir gücə çevirir.
Bu yoğun gücünə görədir ki, vətəndaş toplumu ədalət tərəzisini pozan
hakimiyyətlərin gözündə az qala qiyamçı kimi görünür və “Okkam ülgücü”nə
həsrət də bu zaman başlayır. |