|
XXI ƏSRİN
BİZNES ASSOSİASİYASI
Mənbə:
"Məşvərət", N25,
2000
Bazara
istiqamətlənmiş demokratik iqtisadiyyat şəraitində insanların yaşayışı təmin
etmək məqsədi ilə qazancı hansı yollarla əldə etdiklərini müəyyən etmək
sahəsində biznes assosiasiyaları və ticarət palataları diqqətəlayiq rol
oynayır. Rəhbərləri könüllü üzvlər olan, özlərini isə peşəkar menecerlər
idarə edən bu təşkilatlar qlobal bazarın iqtisadi, siyasi və sosial
strukturunun təkmilləşməsi prosesində zəruri elementə çevrilib. Onların
kollektiv səyi nəticəsində adi insanlar onların özünə və yaşadıqları dünya
bölgəsinə nəyin əl verib-vermədiyi haqqında qərar çıxarmaq sahəsində
fövqəladə imkanlar və sərbəstlik əldə ediblər.
Qlobal
təmayül
XXI əsr
yaxınlaşdıqca dünya ölkələri yeganə mərkəzdən nəzarət olunan iqtisadiyyatdan
bazarın üstün mövqe tutduğu sistemlərə keçid prosesini davam etdirir. Keçid
mərhələsindəki ölkələr üçün bu təmayül əsas ictimai infrastrukturların
yaradılması və ya modifikasiyası zərurətinə gətirib çıxarmışdır. Biznes
assosiasiyaları və ticarət palataları kimi kommersiya təşkilatları tez bir
zamanda metomorfozaya uğrayır, dövlət qurumlarından könüllü, özəl
təşkilatlara çevrilir. Belə qruplara Rusiya Federasiyası Ticarət Palatası,
Nigeriyanın Ticarət, Sənaye, Mədənçıxarma və Kənd Təsərrüfatı Palataları
Assosiasiyası, Tatarıstan Ticarət-Sənaye Palatası misal ola bilər.
Demokratiya və bazar iqtisadiyyatının maraqlarını müdafiə etmək üçün bir
sıra başqa təşkilatlar da yaradılır. Boliviya Biznesmenləri Konfederasiyası,
Peru Özəl Biznes Təşkilatları Milli Federasiyası, Salvador Özəl Sahibkarlıq
Milli Assosiasiyası və Polşa Özəl Sahibkarlar Federasiyası belə
təşkilatlardandır.
Dünyanın
əksər bölgələrində assosiasiyaların yeni hadisə olmadığına baxmayaraq,
onların fəaliyyəti və iş üsulları mövcud iqtisadi özülündən asılı olaraq
tarixən bir-birindən fərqlənib. İqtisadiyyatı mərkəzi planlaşdırma və dövlət
nəzarəti ilə səciyyələnən ölkələrin assosiasiyaları, bir qayda olaraq,
ictimai funksiyalar yerinə yetirməklə kifayətlənir, öz ölkələrinin özəl
bölmələrində iş yerlərinin artırılması proqramlarında iştirak etmir.
İqtisadiyyatı bazar münasibətləri üzərində qurulmuş ölkələrdə isə, əksinə,
bu assosiasiyalar nəinki investisiyaların və özəl sahibkarlıqla əlaqədar
qərarların formalaşmasında, hətta ictimai siyasətin özəl biznesin
maraqlarına toxunan məsələlərinin həllində də həmişə mühüm rol oynayıb.
Cəmiyyətə
verilən fayda
Bazara
istiqamətlənmiş iqtisadiyyat şəraitində assosiasiyaların belə səyləri
cəmiyyətə böyük fayda gətirir. Ziddiyyətli görünsə də, cəmiyyətə verilən bu
fayda öz üzvlərinin hesabına fəaliyyət göstərən və onların kollektiv
maraqlarını müdafiə edən könüllü təşkilatların əməyinin nəticəsidir.
Məsələn, ticarət palatası onun xidmət göstərdiyi coğrafi bölgədə özəl bir
şirkətə istehsal fəaliyyətini nizamlamağa yardım edirsə o, eyni zamanda
həmin ərazidə işsizlər üçün yeni iş yerləri yaradır, yerli və ümummilli
dövlət büdcəsinə vergi axınının artmasına köməklik göstərir. Öz sahəsində
fəaliyyət standartlarının təkmilləşməsinə yönəldilmiş qanunların qəbul
edilməsi uğrunda təbliğat aparan peşəkar assosiasiya da istehlakçılara
xidmət keyfiyyətinin yaxşılaşmasına kömək etmiş olur. Hökumət orqanına
vergilərin azaldılması təklifi ilə müraciət edən biznes assosiasiyası, çox
ehtimal ki, elə iqtisadi qüvvələri işə salır ki, bu qüvvələr həmin ölkənin
şirkətlərinə qlobal bazarda daha böyük paylara sahib olmağa imkan yaradır.
Dövriyyə yüksək olarsa, bir qayda olaraq, iş yerlərinin sayı da artır.
Azad və ya
qarışıq qurumlu iqtisadiyyat şəraitində biznes assosiasiyaları, peşəkar
birliklər və qruplar ümumi problemlərin həlli üzərində birgə işləyir.
Onların birgə səyləri həm özəl, həm də ictimai bölmələrdə ümumi məqsədlərin
həyata keçirilməsinə gətirib çıxarır. Tez-tez öz hökumətləri ilə qarşıdaş
kimi çıxış edən özəl assosiasiyalar proqramlar işləyib hazırlayır, iqtisadi
bazanın genişlənməsinə yönəldilmiş ictimai siyasətə dəstək verir. Əgər
biznes assosiasiyaları və peşəkar birliklər olmasaydı digər sosial
təşkilatlar iqtisadi inkişaf, ictimai informasiya, peşəkar etika,
geoiqtisadi tədqiqatlar, sahə statistikası, ictimai xidmət və
istehlakçıların informasiya təminatı məsələlərində əlavə çətinliklərlə
rastlaşmalı olardı.
Gəlir
haqqında bir neçə söz
Bir çox
adamlar assosiasiyalardan danışanda gəlir haqqında yanlış düşünürlər. Daha
tez-tez “qeyri-kommersiya təşkilatları” adlandırılan assosiasiyalar əsas
etibarilə assosiasiyaya yatırılmış investisiya müqabilində öz üzvlərinə
dividendlər və ya pul mükafatları bölüşdürmək hüququna malik deyil. Lakin
məsələnin belə qoyuluşu heç də o demək deyil ki, assosiyasiya öz fəaliyyəti
nəticəsində gəlir əldə etməyə cəhd göstərməməlidir. Həyat qabiliyyətli hər
bir təşkilatın mədaxili onun xərclərindən çox olmalıdır. Sadəcə olaraq,
“gəlir” termini altında bütün xərclər ödənildikdən, borclar qaytarıldıqdan,
maliyyə öhdəlikləri yerinə yetirildikdən sonra qalan pul vəsaiti nəzərdə
tutulur. Biznes aləmində bu pul vəsaiti (gəlir) sahibkara onun qoyduğu
investisiyaya görə mükafat kimi təqdim oluna bilər. Assosiasiyalar aləmində
isə həmin pul vəsaiti təşkilatın fəaliyyətinin genişləndirilməsinə sərf
edilir. Gəlir assosiasiya üzvlərinə (sahiblərinə) ötürülə bilməz.
Assosiasiyanın həyat qabiliyyətli bir təşkilat olması üçün o, gəlir
gətirməlidir. Çıxarın gəlirdən çox olması iflasın ilk və ən əsas şərtidir.
Assosiasiyalarda onların işləyib hazırladıqları proqram və layihələrin gəlir
gətirəcəyinə inam və təminat olmalıdır. Əgər təşkilat öz üzvlərinə xidmət
göstərilməsi, onların məhsul və proqramlarla təmin olunması istiqamətində
fəaliyyəti davam etdirmək fikrindədirsə gəlir əldə edilməsi bu təşkilat
rəhbərlərinin mənəvi borcu olmalıdır.
Terminologiya
Hazırkı
məqalədə şərh edilən “assosiasiyalar”, “cəmiyyətlər” və “ticarət palataları”
dedikdə könüllülük prinsipi əsasında birləşib kommersiya, hökumət və
iqtisadi qurumların təkmilləşdirilməsi uğrunda birgə fəaliyyət göstərən
biznes sahəsindəki liderlərin, peşəkar və ictimai liderlərin birliyi başa
düşülür. Tez-tez sənaye palatalarını, ticarət-sənaye assosiasiyalarını və ya
sahibkar assosiasiyalarını və peşəkar cəmiyyətləri bir-birindən
fərqləndirirlər. Palata üzvlüyünə müxtəlif tipli bir çox biznes təşkilatları
qəbul edilir və adətən, konkret coğrafi bölgələrə xidmət göstərilir.
Bəzi
ölkələrdə “ticarət palatası” məfhumu coğrafi bir anlayışa deyil, konkret
sənaye qrupuna şamil edilir. Məsələn, Misirdə tərkibinə Toxuculuq Ticarət
Palatası və Ağac Emalı Sənayesi Ticarət Palatasının daxil olduqları on üç
sənaye qrupu fəaliyyət göstərir. Başqa ölkələrdə isə belə “qeyri-coğrafi”
palataları əksər hallarda, “ticarət-sənaye assosiasiyaları” adlandırırlar.
Palatalardan fərqli olaraq sahibkar assosiasiyaları, ticarət-sənaye və
peşəkarlar assosiasiyaları konkret sənaye sahələrini və peşələri təmsil edən
üzvlərinin mahiyyətcə bir-birinə yaxınlığı ilə fərqlənir. Bir çox ölkədə
bugünün özündə belə tibb cəmiyyətləri, istehsalçı federasiyaları və kiçik
biznes təşkilatları mövcuddur. Son iki yüz ildə öz maraqlarını müdafiə
məqsədi ilə biznesmenlərin və eyni peşə adamlarının birləşməsi nəticəsində
yüzlərcə belə qrup yaradılıb.
Verdiyimiz
tərifləri bir qədər dərinləşdirmək üçün qeyd edək ki, dünyada ticarət
palatalarının üç konkret modeli işlənərək hazırlanıb. Onlardan ən çox
yayılmışı 2 qurumdur. Birincisi Kontinental (Avropa) modeli, ikincisi isə
Anqlo-sakson (Böyük Britaniya və ABŞ) modelidir.
Kontinental model palataların hüquqi özülünün milli qanunvericilik
orqanlarında yaradıldığı Fransa və Almaniyada işlənib hazırlanmışdır. Burada
qanunvericilik milli hökumətlərə bir sıra inzibati funksiyaların palatalara
ötürülməsi hüququnu şamil edir. Öz üzərinə bu ictimai vəzifələrin
götürülməsi qarşılığında bütün şəxsi bizneslərə bu palataların üzvü və
onların icbari maliyyə investorları olması tapşırılır. Nəzərdə tutulur ki,
qanunvericiliyin yuxarıda qeyd edilmiş hüquqları palatalara şamil
etdiyindən, hökumətlər biznes sahəsində qərar qəbul etməmişdən öncə
palatalarla məsləhətləşməli olur. Bu da palata üzvlərinə müəyyən imtiyazlar
verir. Belə kontinental model çərçivəsində konkret coğrafi bölgədəki
palataların ümumi sayı xeyli məhdudlaşır.
Anqlo-sakson modeli kontinental modeldən fərqlidir. Bu modelə görə,
palatalara heç bir hökumət funksiyaları ötürülmür. Ümumilikdə və bütövlükdə
palatalar istədikləri kimi fəaliyyət göstərir, palatalarda üzvlük və
investisiyalar isə tam könüllülük prinsipi əsasında həyata keçirilir. Üzvlük
haqlarını palata rəhbərləri müəyyən edir, üzvlük haqqı ödəməyənlərə qarşı
isə heç bir hüquqi tədbir görülmür. Bu təşkilatlar öz qarşılarına hökumət
tərəfindən diktə edilməyən və nəzarətdə saxlanılmayan məqsədlər qoymaq
iqtidarındadır.
Bu iki məşhur modeldən hansı daha yaxşı işləyir? Bu suala bir cümlə ilə
cavab vermək olar - o, vəziyyətdən asılıdır. Fəaliyyət proqramının əsas
hissəsini cəmiyyət maraqlarının müdafiəsi təşkil edən qurum haqlı olaraq
hesab edə bilər ki, maliyyələşdirmə mənbəyi dövlətin özü olduğundan,
kontinental model onun imkanlarını həddindən artıq məhdudlaşdırır.
Əgər proqramı maliyyələşdirən hökumətdirsə elə həmin hökuməti tənqid etmək
heç də xoşagələn hal ola bilməz. Beləliklə, bu durumda Anqlo-sakson modeli
daha uyğun sayıla bilər. Lakin assosiasiyanın fəaliyyət proqramının əsas
məğzi iqtisadi inkişafla bağlıdırsa bu halda hökumətin yardımı həddindən
artıq faydalı ola bilər, yəni adı çəkilən durumda Kontinental modelin
tətbiqi daha çox xeyir gətirə bilər.
Yuxarıda təsvir edilmiş 2 qurum 1990-cı illərdə fəaliyyət göstərmiş əksər
palatalar tərəfindən baza qurumları kimi istifadə edilib. Lakin son vaxtlar
üçüncü model - ilk iki modelin sintezi meydana çıxmaqdadır. Kontinental və
Anqlo-sakson modellərinin “qarışığ”ı olan bu model öz sələflərinin ən yaxşı
xüsusiyyətlərini özündə cəmləşdirməyə çalışır. Məsələn, Rusiya palatalarda
üzvlüyün icbarilik prinsipindən könüllülük prinsipinə keçid zamanı sovet
dövründə ticarət palatalarına verilmiş bəzi hökumət funksiyalarını yerinə
yetirməkdə davam etməyə çalışır. Texas Ştatı Universitetinin siyasi elmlər
üzrə bir professoru demişdir: “İnsanlar ahəngdar işləyərlərsə istənilən
təşkilati qurum da ahəngdar işləyə bilər”. Professorun bu ifadəsi ilə
razılaşmaq olar, lakin bir-biri ilə rəqabət aparan təşkilati fraksiyalar
arasında səlahiyyətləri bölən konkret sərhədlər silinərsə təşkilatlararası
“döyüş”lərdən yaxa qurtarmaq mümkün olmayacaqdır.
Qarışıq sistemlərin palatalar hərəkatına əvvəlki qurumların ən yaxşı
cəhətlərini gətirə biləcəyini, yaxud əksinə, qarışıq sistemlərin öz
sələflərinin çatışmazlıqlarını birləşdirəcəyini yalnız gələcək
göstərəcəkdir.
CIPE materialları əsasında
(Ardı var) |