|
XARİCİ LOBBİZM VƏ DÖVLƏTLƏRİN MARAQLARI
Fikrət Sadıqov,
politoloq
Mənbə:
"Məşvərət", N27,
2000
XARİCİ LOBBİZM VƏ DÖVLƏTLƏRİN MARAQLARI
Fikrət Sadıqov,
politoloq
Xarici lobbizm kifayət qədər ənənəvi təzahürdür. Bütün dövlətlər xaricdə
onlara lazım olan siyasəti aparmaqda yardım edəcək qeyri-diplomatik təsir
mərkəzləri yaratmağa çalışıb və hazırda da çalışmaqdadır. Halbuki xarici
lobbizmin müəyyən nüfuzlu şəxslərin xarici dövlət tərəfindən aşkarcasına
himayə edilməsi kimi leqal forması nisbətən yaxın zamanlarda təzahür
etmişdir. Çox uzun zaman ərzində ABŞ-da “xarici lobbizm” mənası altında ən
əvvəl “müəyyən xarici siyasi maraqların dəstəklənməsi” anlaşılırdı. Xarici
agentlərin qeydiyyatı haqqındakı 1938-ci il qanunu da elə bu mahiyyətdə
verilmişdir. Bu qanun xarici agentlərin üzərinə qeydiyyatdan keçmək və
fəaliyyət barədə hesabat vermək öhdəliyini qoyur. Əldə olan imkanlardan
uğurla istifadə edən İsrail və Tayvan xarici lobbiləri 60-70-ci illərdə ən
güclü hesab olunurdu. İsrail lobbisi güclü elektorat qüvvəsi təşkil edən
Amerika yəhudilərini də öz fəaliyyətinə cəlb etməsi sayəsində elə indi də öz
keçmiş nüfuzunu itirməyib. Yunan və erməni lobbiləri də ABŞ-da çox səmərəli
təşkil olunub1.
Bununla yanaşı, qeyd etmək vacibdir ki, xarici siyasi və ümumiyyətlə, siyasi
lobbizm iqtisadi lobbizmlə, dövlət lobbizmi özəllə çox yaxındır. Əsrin
sonuncu rübündə dünya iqtisadiyyatı qloballaşıb və daxili istehsalçıların
maraqları həmin bazarda əməliyyat aparan xarici istehsalçılarınkı ilə sıx
çarpazlaşıb. Xarici lobbizm getdikcə daha fəal və geniş şəkildə daxili
lobbizmə sirayət edərək onun üzvi hissəsinə çevrilir. Daxili lobbizm də
uyğun olaraq xariciyə qovuşur və hətta bəzən onları hüdudlarını
dəqiqləşdirmək problemə çevrilir.
Xarici lobbinin Amerika iqtisadiyyatına bilavasitə daxil olması orada Asiya
kapitalını təmsil edən təzyiq qruplarının güclənməsi ilə sıx əlaqədardır.
Hazırda ABŞ-dakı xarici iqtisadi lobbizm əsas üç xassə ilə səciyyələnir:
yapon korporativ lobbisinin 70-ci illərdən qalan güclü təsiri; qüvvələrinə
görə artıq yaponlarla müqayisə olunan Çin təzyiq qruplarının mövqelərinin
möhkəmlənməsi; Amerika cəmiyyətinin güclü himayədarlıq reaksiyası.
Qeyd edək ki, müasir ABŞ lobbizmi üçün artıq göstərilmiş təmayüldən, özəl
xarici lobbinin daxili siyasi mübarizə dairəsinə sirayət etməsinə
başlamasından əlavə daha iki inkişaf təmayülü səciyyəvidir. Birincisi, yeni
tipli dolayı lobbizmin dövlət hakimiyyət orqanlarına təsir rolunun artan
əhəmiyyəti. Bu isə təkcə əksər əhalinin rəyini ifadə edən kütləvi
kampaniyaların təşkilindən yox və həm də lobbizm üsullarının, ictimaiyyətlə
əlaqələr texnologiyalarının, reklamın kombinasiyası yolu ilə ictimai rəyin
yaradılmasından ibarətdir. İkincisi, lobbist fəaliyyətinin federal
səviyyədən ştatların hökumətləri səviyyəsinə müəyyən qədər yerdəyişməsi.
Bu təmayüllər öz aralarında qarşılıqlı əlaqədardır və siyasi təcrübənin
forma və üsulları üzrə qarışıq variasiyalarda həyata keçirilir. Yerli
səviyyədə dolayı lobbizm ənənəvi lobbizmlə yanaşı müxtəlif quramalarda,
birbaşa və dolayı xarici lobbizm elə həmin səviyyədə, dolayı xarici lobbizm
isə federal səviyyədə işlədilir.
ABŞ-da XX əsrin sonunda işdə ən yeni texnologiyalardan istifadə etməklə,
birbaşa və dolayı lobbizm üsullarını kombinasiya etməklə, güclü maliyyə
bazaları ilə iki ən qüvvətli xarici lobbi: yapon və çin lobbisi
digərlərindən seçilir.
Yapon lobbisi. ABŞ-da yapon biznesinin təsirinin
tədricən güclənməsi artıq 50-ci illərin sonundan baş verməkdədir. Artıq
70-ci illərdə xüsusi ədəbiyyat Kapitolidəki yapon lobbisinə ayrıca diqqət
yetirirdi. Səciyyəvidir ki, hələ o zaman yaponlar ABŞ-da yapon kapitalının
müsbət rolu barədə amerikalıları inandırmaq üçün ictimaiyyətlə əlaqələr üzrə
şirkətlərdən istifadə etmişdilər. Lobbist şirkətlərinin vəzifəsi yeni qanun
layihələrinin yeridilməsi yox, status quo-nun dəstəklənməsi olduğu üçün o
zamanlar lobbist döyüşləri çox asan udulurdu. İki dövlət arasındakı ticarət
dövriyyəsi həm ABŞ və həm də Yaponiya üçün çox böyük olduğundan, təbii ki,
Yaponiya və onun korporasiyalarının lobbi aparatı artıq çox güclü idi.
1975-ci il göstəricilərinə görə, Yaponiyanın qeydiyyatdan keçmiş xarici
agentlərinin sayı 56 nəfər təşkil edirdi, bu da digər hər hansı ölkənin
lobbistlərinin sayından olduqca çox idi (ikinci yerdə 35 nəfərlə Meksika
gedirdi).
Bu vəziyyət ümumən 80-ci illərin sonunadək, Amerikanın politoloq və
siyasətçiləri ictimaiyyətin diqqətini o anındaca cəlb etmiş problemi ucadan
“səsləndirənə” qədər davam etdi.
Bu gün yapon lobbisi Vaşinqtonda xaricilər sırasında ən irisidir. O, say
tərkibinə görə ona ən yaxın olan xarici rəqiblərindən iki dəfə çoxdur.
Yüzdən artıq lobbist yapon şirkətlərinin, yaxud hökumətinin nümayəndələri
kimi hələ 1938-ci il qanunu üzrə qeydiyyata alınıb.
Yapon lobbisi tərkib quruluşuna görə amerikalıların adətən “Yaponiya
korporasiyası” adlandırdıqları sistemdən ibarətdir. Bu ifadə altında yapon
dövlət orqanları və özəl təşkilatlarının vahid cəbhə şəklində fəaliyyəti
nəzərdə tutulur. Yapon hökuməti tərəfindən öz istehsalçılarının belə fəal
dəstəklənməsi Amerika şirkətləri üçün uzun müddət keçilməz problem kimi
qalmışdı.
Sistemin birinci pilləsini hər zaman böyük lobbist fəaliyyəti göstərmiş və
hazırda da göstərən səfirlik təşkil edir. Səfirliyi geniş məsləhətləndirən
Yaponiya Xarici Ticarət və Sənaye Nazirliyinin (XTSN) məmurları da elə bu
pillədə fəaliyyət göstəriblər və göstərirlər. İkinci pillənin zirvəsində iki
baş təşkilat durur: özünün ABŞ-dakı nümayəndələri vasitəsilə fəaliyyət
göstərən Yaponiyanın bütün sənaye şirkətlərinin birliyi olan KEIDANREN;
1955-ci ildə yaradılmış və o vaxtdan da Yaponiyanın və Yaponiya ilə bağlı
Amerika korporasiyalarının maraqlarını fəal surətdə qoruyan Amerika-Yaponiya
Ticarət Şurası (AYTŞ). Mindən çox yapon və amerikan korporasiyası AYTŞ-nin
üzvlüyündədir. ABŞ-ın əsas şəhərlərində yerləşən sənaye sahələri üzrə
çoxsaylı yapon assosiasiyaları və yapon ticarət mərkəzləri bu pilləyə aid
olan digər təşkilatlardır.
Yapon korporasiyalarının ABŞ-dakı nümayəndəliklərinin lobbizm və
ictimaiyyətlə əlaqələr idarələrinin özləri və eləcə də yapon
korporasiyaları, səfirlik, AYTŞ və 1995-ci ilə qədər xarici agentlər, yeni
qanun üzrə isə lobbistlər kimi qeydiyyatdan keçmiş digər təşkilatlar
tərəfindən muzdla tutulmuş lobbist firmaları üçüncü pilləni təşkil edir.
Nəhayət, AYTŞ üzvləri olan Amerika şirkətlərinin lobbiçi aparatları, eləcə
də Amerika korporasiyaları vasitəsilə yapon maraqları ilə dolayı bağlı olan
təzyiq qrupları, marağı olan qruplar dördüncü pilləni təşkil edir.
Yapon lobbisi son illərdə konkret olaraq hansı qanun layihələrini və
maraqları müdafiə edib? Lobbiçiliyin yaxın zamanlardakı beş əsas
məqsədini ayırıb göstərək: ABŞ iqtisadiyyatının müəyyən bölmələrinin
yapon transmilli korporasiyalarının (TMK) satın almasına yol verməyən xüsusi
qərardan Konqresin çəkindirilməsi; yapon korporasiyalarının iqtisadi
siyasətini qeyri-qanuni dempinq kimi qələmə verən qərarların amerikan
tənzimləyici agentlikləri tərəfindən qarşısının alınması; ABŞ ərazisində
yapon zavodlarının tikilməsinə icazənin verilməsi (bu halda, yerli səviyyədə
birbaşa və dolayı lobbiçilikdə yaponlar xüsusilə israrlıdır); beynəlxalq
bazarda yapon korporasiyasının müstəqil, amerikan tərəfdaşları ilə
razılaşdırılmamış davranışının müdafiəsi; yapon mallarına gömrük
rüsumlarının de-fakto azaldılması.
Yapon lobbisinin fəaliyyət üsulları olduqca rəngarəngdir. Yaponlar çoxsaylı
tədris proqramlarının, informasiya mərkəzlərinin yaradılması, gözəçarpan
ictimai tədbirlərin maliyyələşdirilməsi, təbliğat kampaniyaları
konsepsiyalarının işlənib hazırlanması kimi dolayı təsir vasitələrindən fəal
istifadə edirlər.
Yapon lobbizmi yerli səviyyədə, bir qayda olaraq, yapon korporasiyası
tərəfindən zavodun tikilməsi, yaxud yerli vergilər məsələlərinə toxunur.
Məktəblərin və proqramların, mədəniyyət mərkəzlərinin yaradılması və
maliyyələşdirilməsi yapon korporasiyalarının ştatlardakı hər bir iqtisadi
təşəbbüsünün ayrılmaz hissəsidir. Ştatlarda bilavasitə lobbisi mövcud olan
təşkilatların siyahısında bütün xarici korporasiyalar arasında yaponlar
aparıcı yer tutur; yalnız meksikalı təzyiq qruplarının xüsusilə əhəmiyyətli
olduğu Meksika ilə sərhəddə yerləşən bir neçə ştat istisnadır, lakin orada
da yapon lobbisi mövcuddur.
Bununla yanaşı, qeyd edilməlidir ki, amerikalı lobbistlərin rəyinə görə,
hazırda Kapitolidə və ştatların legislaturlarında yapon təsirinin aşağı
düşməsi müşahidə olunur. Belə ki, prezident Karterin Konqresdəki keçmiş
lobbiçisi, indi isə öz şəxsi firmasının rəhbəri olan A.Ueksler hesab edir
ki, indi Vaşinqtonda yapon lobbisinin güclü təsiri nağıldır. Eyni zamanda, o
qeyd edir ki, yaponlar özlərinin “hər şey gəlir naminə” strategiyaları ilə
vaşinqtonlu siyasətçilərdə ikrah hissi yaratmışlar. Lakin hətta bu rəy də
yapon korporativ lobbizminin xaricilər arasında ən nüfuzlulardan biri olması
faktını təkzib etmir.
Çin lobbisi. Hələ bu yaxın zamanlaradək “Çin
lobbisi” ifadəsi altında tamam başqa lobbi - tayvan lobbisi nəzərdə
tutulurdu. Onu Çan Kayşi məsləkdaşlarının və kommunist Çinindən olan
mühacirlərin adı ilə bağlayırdılar. Fəqət SSRİ ilə ÇXR arasındakı
münasibətlərin ağırlaşması səbəbindən ÇXR Birləşmiş Ştatlarla yaxın
münasibətlər qurmağa məcbur olmuşdu. Buna görə də ÇXR-in 60-70-ci illərdə
ABŞ-ın Tayvan və SSRİ ilə münasibətlərinin yaxşılaşmasının əleyhinə
yönəldilmiş müəyyən siyasi lobbizmi mövcuddu, lakin onun miqyası olduqca
kiçikdi.
ÇXR-də islahatların başlanması və onun beynəlxalq iqtisadi səhnəyə çıxması
ilə əlaqədar durum kəskin surətdə dəyişmişdi. Əgər 1986-cı ildə ABŞ ilə Çin
arasındakı ticarət həm nisbi, həm də mütləq ifadədə çox kiçik həcmdə idisə,
sonradan o, əhəmiyyətli dərəcədə genişlənmişdi. Təbii ki, belə vəziyyətdə
lobbizm meydanında da durum dəyişmişdi - o daha çox iqtisadi cizgilər almağa
başlamışdı.
İndi Vaşinqtonda məhz Çin lobbisinin ən nüfuzlu kimi irəli çıxması barədə
danışmaq olar. ABŞ ilə ÇXR arasındakı iqtisadi və siyasi münasibətlərin
xüsusiyyətləri Çin lobbisinin fəaliyyətində həlledici rol oynayır. Bir
tərəfdən, ÇXR-dəki vəziyyət Amerika korporasiyalarına öz istehsalatlarını
Çinə köçürmək və onun ucuz işçi qüvvəsindən istifadə etmək imkanını verir.
Bu mənada Çində amerikan lobbisi çox güclü inkişaf etmişdir. Digər tərəfdən,
Amerikanın işgüzar dairələri tərəfindən biznesin Çinə yeridilməsi Amerika
hökuməti qarşısındakı Çin siyasi və iqtisadi maraqlarının müdafiəsinə
onların cəlb olunmaları ilə əlaqədardır.
Tərkibinə görə Çin lobbisinin yapon lobbisinə bənzər klassik quruluş sxemi
vardır: səfirlik - ticarət şurası və ictimai təşkilatlar - lobbiçi firmalar.
Amma əgər XTSN yapon lobbisi üçün ümumsiyasi tənzimləyici rolunu oynayırsa
Çin lobbisi üçün bunu ABŞ Konqresi ilə münasibətlər üzrə mərkəzi işçi qrup
yerinə yetirir.
Səfirliyin lobbiçi komandasının gücləndirilməsi meylləri aşkar sezilir.
1995-ci ildə onun əməkdaşlarının sayı ikidən beşə, 1997-ci ildə isə artıq
12-yə çatdırılmış, Oksfordun məzunu Şao Venyanq ona rəhbər təyin edilmişdi.
Bundan əlavə, komandanın təşkili işində səfir fəal iştirak edir.
Çin sənayeçiləri assosiasiyaları və şirkətlərin özləri də xeyli müddətdir
ki, amerikan lobbiçi firmalarının xidmətindən istifadə edir.
Vaşinqtondakı Çin lobbiçilərinin diqqət mərkəzində hansı problemlər durur?
Birincisi, iqtisadi cəhətdən ən əlverişli
ölkə statusunu Çin üçün saxlamaq və Cekson-Venik düzəlişinin tətbiqi
cəhdlərini neytrallaşdırmaq2.
İkincisi, Çinin Beynəlxalq Ticarət
Təşkilatına qəbul edilməsinə nail olmaq. Bu işdə ona bir neçə nəhəng Amerika
korporasiyası yardım edir. ÇXR BTT-nin təşkil olunduğu 1994-cü ildən buna
can atır, amma indiyə qədər heç nəyə nail olmayıb - hələlik ABŞ hökuməti
ÇXR-in qəbulunun qarşısını alır, çünki onun siyasəti Tariflər və Ticarət
üzrə Ali Razılaşmanın (TTAR) tələblərinə cavab vermir. Buna baxmayaraq, bu
istiqamətdə çox fəal lobbiçilik işi aparılır.
Üçüncüsü, ABŞ-da istehsal olunmuş kompüter
proqramları, musiqi kompakt-diskləri, videokasetlər və s.-in Çində kütləvi
şəkildə qeyri-qanuni, “oğurluq” surətlərinin çıxarılması üzrə Amerika-Çin
ziddiyyətlərini yumşaltmaq. Bu “oğurluq” surətlərin əhəmiyyətli hissəsi
Amerika bazarlarında (Çin bazarlarından danışmağa dəyməz) peyda olur, bu isə
ABŞ-ın müvafiq istehsalçılarına və bütün iqtisadiyyatına böyük iqtisadi
ziyan vurur. Doğrudur, Çin hakim orqanları hətta gizli sex sahiblərinin
edamlarının kütləvi nümayişinə də əl atır, amma bir çoxları belə hesab edir
ki, bu tədbirlər “oğurluq” istehsal ilə məşğul olan nüfuzlu partiya
klanlarının bu işlə bağlı rəqiblərinin aradan götürülməsidir.
Sözsüz ki, ÇXR üçün iqtisadi cəhətdən ən əlverişli (İƏƏ) ölkə statusunun
saxlanılması məsələsi olduqca önəmlidir. Çünki, onun ləğvi qiymətlərin köklü
dəyişməsinə və iqtisadi razılaşmaların iri miqyasda yenidən baxılmasına
gətirib çıxaracaqdır. İş ondadır ki, İƏƏ statusunun itirilməsi Çin mallarına
olan gömrük rüsumlarının həmin andaca 0-10%-dən 50-70%-ə artmasına gətirib
çıxaracaq, bu isə onların Amerika bazarına çıxışını avtomatik bağlayacaq. Bu
xüsusilə Çin ixracatının uşaq oyuncaqları və trikotaj kimi mühüm bəndlərinə
aiddir. Bunların rüsumlarının 0%-dən 70%-ə artması onun üçün çox ağır
zərbədir.
Gördüyümüz kimi, Birləşmiş Ştatlardakı iki ən nüfuzlu xarici lobbi təşkilati
bənzər quruluş tipinə malikdir. Bu tipi asiyalı, yaxud patriarxal
adlandırmaq olar. Bu tip lobbizm özəl milli sahibkarlığın müdafiəsində
dövlətin yüksək dərəcəli himayəsi və əksinə, ABŞ-a münasibətdə dövlət
siyasətinin həyata keçirilməsinə lobbi tərəfindən yardımın edilməsi ilə
səciyyələnir. Çin lobbisi, şübhəsiz ki, yapon təzyiq qruplarının təcrübəsini
və onların fəaliyyətinin Amerika ictimaiyyətinin və siyasi dairələrinin bir
hissəsinin kəskin reaksiyasına səbəb olmuş şəraiti nəzərə alıb. Əvvəl
deyildiyi kimi, bu Asiya lobbilərinin əsasən iqtisadi istiqamətdəki
fəallıqları onların hər birinə eyni dərəcədə məxsusdur, halbuki lobbiçilik
təcrübəsində iqtisadiyyatdan və xüsusilə də makroiqtisadiyyatdan artıq
siyasi heç nə yoxdur. Həm Yaponiya və həm də Çin ABŞ-ın ən iri ticarət
tərəfdaşlarıdır və indiyə qədər də onunla ticarətdə əhəmiyyətli müsbət
saldonu saxlayırlar.
Yapon və Çin lobbiləri fəaliyyət üsullarına görə bir qədər fərqlənir. Çin
lobbisi yerli səviyyədə əslində fəaliyyət göstərmir, çünki buna ehtiyac
yoxdur. Çin Yaponiyadan fərqli olaraq ABŞ ərazisində istehsal açmır, əksinə,
işçi yerlərinin ixracından hər vasitə ilə çəkinir. Uyğun olaraq, yerli
vergilər də ÇXR-i o qədər həyəcanlandırmır. Hər iki lobbi natamam
lobbizmdən, ictimaiyyətlə əlaqələrdən, ələlxüsus onların müasir
texnologiyalarından fəal istifadə edir.
Bununla yanaşı, demək olar ki, bu iki Asiya lobbisi arasındakı fərqlər çox
mühümdür. Ən əvvəl, bu fərq onların ölkələrindəki siyasi sistemlərin
müxtəlifliyi ilə şərtlənən başlanğıc durumlarının xüsusiyyətindədir. Yapon
lobbiçiliyinin həqiqətdə özəl olduğu və dövlət maraqlarının ayrıldığı halda,
Çin lobbisi üçün onlar vəhdət təşkil edir və birincilər ikincilərin bir
hissəsini təşkil edir. Amerikanlara təqdim olunan lobbiçilik arqumentləri
digər mühüm fərqdir. Əgər yapon korporasiyaları Amerika iqtisadiyyatına
qoyduqları investisiyaları ABŞ üçün səadət adlandırırsa Çin isə, əksinə, öz
iqtisadiyyatına investisiyaların qoyulması imkanı ilə Amerika
korporasiyalarını şirnikləndirir.
Onu da qeyd etmək lazımdır ki, 90-cı illərin ikinci yarısında ABŞ-ın xarici
lobbizm meydanında potensialca güclü yeni oyunçu peyda olub. Söhbət vahid
Qərbi Avropa lobbisindən gedir. Avropa İttifaqında birləşdirici meyllər
möhkəmləndikcə, Qərbi və Mərkəzi Avropada bütövlükdə inteqrasiya prosesləri
get-gedə artdıqca onun da qüvvəsi artmalıdır. Eyni zamanda Avropa İttifaqı
ilə iş üzrə ixtisaslaşan Amerika lobbiçiləri korpusunun təşəkkülü prosesi
gedir.
Hamıya aydındır ki, xarici lobbizm ölkənin iqtisadi və siyasi maraqlarının
təmsilçiliyinin inkişaf edən və tamamilə mədəni formasıdır.
Azərbaycan üçün də lobbizmin fəaliyyəti çox mühüm və aktualdır. Ekspertlərin
qiymətləndirməsinə görə, hal-hazırda mühacirətdə yaşayan (öz vətənlərinin
hüdudlarından kənarda) azərbaycanlıların ümumi sayı təqribən 10 milyon nəfər
təşkil edir. Beləliklə, Azərbaycan diasporu bu gün çox böyük qüvvəni təmsil
edir. Bunun əsas kütləsini Cənubi azərbaycanlılar və Türkiyə
azərbaycanlıları təşkil edir. Onlar müxtəlif ictimai institutlarda və
assosiasiyalarda, milli icmalarda təşkilatlansa, şübhəsiz ki, bizim ölkənin
siyasi və iqtisadi maraqlarının lobbiçiliyində mühüm rol oynaya bilərlər.
Lakin azərbaycan diasporu, onun birləşməsi, fəaliyyəti və gələcək
perspektivləri ilə bağlı məsələlər daha dərin təhlil və ayrıca yanaşma tələb
edir. |