YERLİ ÖZÜNÜİDARƏNİN AMERİKA TƏCRÜBƏSİ
HİKMƏT HACIZADƏ
Mənbə:
"Məşvərət", N10-11,
1997
Amerika dövlət mexanizminin səciyyəvi cəhəti idarəetmənin əhəmiyyətli
dərəcədə mərkəzsizləşdirilməsidir. Yerli hakimiyyət orqanları onların
səlahiyyətlərinə daxil olan sahələrdə bütünlüklə müstəqildir.
Səlahiyyətlərin və fəaliyyət sahələrinin bir çoxu yerli səviyyəyə ötürülüb
və federativ hökumətin və ştatların hökumətlərinin heç bir müdaxiləsi
olmadan həyata keçirilir.
ABŞ-da yerli idarəetmə
orqanlarının (YİO) vahid sistemi yoxdur. YİO-nın təşkili ştatların öz işidir
və onları öz qanunlarına uyğun olaraq formalaşdırırlar. Ştatların
hökumətləri federativ hökumətin razılığı olmadan YİO-nın hüquqi statusunu,
ərazi sərhədlərini, təşkilat formalarını və səlahiyyətlərini
müəyyənləşdirir. Yerli idarəetmənin fəvqəladə dərəcə müxtəlif təşkilat
formalarının olması və onların yerli şəraitə böyük uyarlılığı da buradan
doğur.
YİO onların
inzibati-təsərrüfat müstəqilliyini təmin edən möhkəm maliyyə bazası əsasında
fəaliyyət göstərir. Onların öz qaynaqlarından, ştatların hökumətlərindən və
federal hökumətdən aldığı maliyyə vəsaitləri vardır.
YİO-nın öz qaynaqlarından
gəliri ümumi gəlirin 2/3 hissəsi qədərdir, 1/3 hissəni isə onlar ştatların
büdcələrindən və federal büdcədən vəsait köçürmələri (başlıca olaraq
müxtəlif sosial-iqtisadi proqramların və layihələrin birə gerçəkləşdirilməsi
məqsədi ilə) hesabına alırlar.
Təhsilə dövlət xərclərinin
68%-i (o sıradan ibtidai və orta təhsilə xərclərin 99%-i), səhiyyəyə -
41%-i, şosse yollarının çəkilişi və saxlanmasına - 38%-i, ölkə polisinin
saxlanmasına - 74%-i, yanğından mühafizəyə -100%-i YİO-nın büdcələrindən
keçməklə gerçəkləşdirilir.
ABŞ-da başlıca YİO bunlardır:
qraflıqlar, bələdiyyələr, məktəb dairələri və xüsusi dairələr.
QRAFLIQLARIN İDARƏETMƏ
ORQANLARI
Qraflıqlar ştatların
bölündüyü inzibati-ərazi vahidləridir. Qraflıqların sayı, ərazisinin ölçüsü
və əhalisinin sayı ştatdan ştata xeyli fərqlənir. Qraflıqların YİO-na bu
vəzifələr həvalə edilir: seçkilərin təşkili, vergisi ödənməli əmlakın
dəyərləndirilməsi, əmlak vergisinin yığılması, ictimai asayişin bərpası,
şosse yollarının çəkilişi və istismarı, sosial təminat.
Qraflıqlar əsasən öz
qanunverici aktlarını çıxarmaq hüququna malik deyil, onlar öz ərazilərində
ştatların qanunvericiliyini həyata keçirməyə borcludur. Qraflıqların
idarəetmə orqanları əhalinin seçdiyi (səlahiyyətləri və yaradılma qaydaları)
ştatların konstitusiyaları və qanunları ilə müəyyənləşdirilən şuralardır.
Qraflıqlar şurasının (QŞ) fəaliyyətinin ən mühüm istiqaməti onların təyin
etdiyi vəzifəli şəxslərin işinə nəzarət etmək və seçilmiş vəzifəli şəxslərin
fəaliyyətini əlaqələndirməkdir. İndi ABŞ-da qraflıqların idarəsi üzrə
şuraların fəaliyyətinin təşkilinin üç əsas forması mövcuddur:
1. Qraflıqda inzibati aparata
rəhbərlik edəcək ali vəzifəli şəxsin omadığı komissiya forması.
Şuradan ayrıca olaraq qraflığın bir sıra nüfuzlu vəzifəli şəxsləri (şerif,
prokuror, xəzinədar, klerk, məktəblərin superintendantı və s.) seçilir.
Onların səlahiyyətləri ştatın qanunvericiliyi ilə təsbit olunur və QŞ-nın
onların fəaliyyətinə qarıpmaq hüququ yoxdur. Ancaq QŞ seçilən vəzifəli
şəxslərə büdcə vasitəsi ilə təsir göstərmək imkanına malikdir. Bu forma
ölkədəki 3042 qraflıqdan 2000-də tətbiq edilir.
2. "Şura-inzibatçı"
forması əsasən şəhərləşmiş, ümumi əhalisi 70 mln. nəfər olan 550
qraflıqda tətbiq edilir. QŞ qraflığın inzibati aparatını idarə etmək üçün
inzibatçı təyin edir. QŞ daha mühüm məsələlərə dair qərarlar çıxarır,
vergiləri müəyyənləşdirir və təxsisatları təsdiqləyir. İnzibatçı QŞ-ın qərar
və qətnamələrinin həyata keçirilməsini təmin edir, icraiyyə orqanlarının və
qraflığın müxtəlif xidmətlərinin başçılarını təyin edir, onların
fəaliyyətinə nəzarət edir, qraflıq büdcəsi layihəsinin hazırlanmasına
rəhbərlik edir. Bu forma idarəedici mütəxəssisi inzibati aparatın rəhbərinə
çevirməyə və qraflığın idarəsini mərkəzləşdirməyə imkan yaradır.
3. "Şura-seçilmiş rəhbər"
forması 146 qraflıqda var. QŞ qərarlarına veto qoymaq hüququna malik
olan seçilmiş rəhbər qraflıq siyasətini başlıca istiqamətlərini
formalaşdırır və QŞ-da baxılmağa təqdim edir, qraflığın büdcə layihəsini
hazırlayır, qraflıcın nümayəndəsi kimi təmsil olunur, inzibati aparatın
bölmə və xidmətlərinə başçılıq etməyə adamlar tutur, QŞ qərar və
sərəncamlarının həyata keçirilməsinə nəzarət edir. Adətən seçilmiş rəhbər
onun nəzarəti altında qraflığın inzibati aparatına başçılığı həyata keçirən
peşəkar bir idarəçi təyin edir.
QŞ seçilmiş rəhbərin təkliflərinə əsasən qərarlar çıxarır, qraflıq büdcəsini
təsdiqləyir, onun maliyyəsinə nəzarət edir, idarəetmənin
təkmilləşdirilməsinə dair təkliflər işləyib hazırlayır.
Qraflıqların büdcəsi başlıca
qaynaqlar üzrə bu cür bölünür: hökumətlərarası daxilolmalar - 37,5% (o
sıradan ştatların hökumətlərindən gələnlər - 31,8%), vergilər -36,7% (o
sıradan əmlak vergisi - 27,3%), müxtəlif ödənişlər və daxilolmalar - 25,8%.
Qraflığın topladığı başlıca
vergi əmlak vergisidir (başlıca olaraq daşınmaz əmlak - torpaq və binalar
üzrə). Bu vergi əmlakın dəyərinə görə hesablanır, özü də onların dəyəri hər
ştatda bir cürdür. Bu, həmin əmlakın həmin andakı tam bazar dəyərini əks
etdirir. Əmlakın mal-qara, kənd təsərrüfatı maşınları, toxum və gübrə,
tikinti maşınları, avadanlıq, ticarət avadanlığı, avtomobillər, təyyarələr,
katerlər və b. kimi növlərinə də vergilər mövcuddur.
BƏLƏDİYYƏLƏR
ABŞ-da əsasən şəhərləri
Amerika iqtisadiyyatının müxtalif sahələrində fəaliyyət göstərən
korporasiyalarla bir sıra ortaq xüsusiyyətlərə malik bələdiyyə
korporasiyalarının hüquqi ixtiyarı verilmiş bələdiyyələr idarə edir. Ondarın
əmlaka malik olmaq, onu almaq və satmaq, ayrıca şəxsləri və təşkilatları
məhkəmə qaydasında təqib etmək, yaxud məhkəmədə öz hərəkətlərinə görə çavab
vermək, pul vəsaitləri saxlamaq və istiqrazlar vermək, sazişlər bağlamaq və
b. hüquqları vardır. Bələdiyyələrin, korporasiya hüquqları olmayan qraflıq
idarəetmə orqanlarından başlıca fərqi bundadır.
Şəhər onun vətəndaşlarının
bir bölümünün bələdiyyə korporasiyası hüququnun verilməsi haqqında ştat
hökumətindən xahiş etməsi nəticəsində bələdiyyə idarəsi ala bilər. Bu cür
müraciət həmin şəhərin, yaxud qəsəbənin yerləşdiyi ərazidəki idarə
orqanlarındansa yerli hakimiyyətdən daha çox xidmətlər almaq cəhdindən irəli
gəlir. Bütün bələdiyyələrin 88%-nin 10 min nəfərdən az əhalisi var. 1986- cı
ildə onlarda 29 mln. nəfər, yəni bələdiyyə sakinlərinin ümumi sayının 19%-i
yaşayırdı.
Qəsəbələrin də, iri
şəhərlərin də qanunvericilik və icra vəzifələrini həyata keçirən idarəetmə
orqanları var. Bütün bələdiyyələr yanğın və polis mühafizəsini,
kanalizasiyasistemlərinin işləməsini və zibilin yığılmasını təmin edir,
səhiyyə sahəsində tədbirlər həyata keçirir. Şəhər böyük olduqca onun
hakimiyyəti vətəndaşlara daha çox xidmət imkanı yaradır. Böyük şəhərin
hakimiyyəti vətəndaşları muzeylərlə, parklarla, tamaşa zalları ilə,
üzgüçülük hovuzları ilə və b. təmin edir.
Şəhər idarəetməsinin quruluşu
ştat hakimiyyətinin xartiyası ilə müəyyənləşdirilir. Xartiyada şəhərin
başlıca vəzifəli şəxsləri sadalanır, onların səlahiyyətləri, seçilmələrinin,
yaxud təyin edilmələrinin qaydası, qarşılıqlı münasibətləri göstərilir.
Xartiyalar şəhərlərin coğrafi sərhədlərini təsbit edir, şəhər
hakimiyyətlərinin nəyi edib nəyi edə bilməməsini müəyyənləşdirir. Müxtəlif
ölçülü şəhərlər üçün eynitipli xartiyalar işlənib hazırlanıb. Şəhərlərin
həyatını yalnız xartiyalar deyil, həm də şəhərlərə bu və ya başqa tadbiri
həyata keçirməyə icazə verən, yaxud qadağan edən ştatların başqa qanunları
da müəyyən edir.
ABŞ-da şəhər hakimiyyətinə
şəhərin idarəetməsinin təşkilində nisbətən böyük azadlıqlar verilir ki, bunu
yerli muxtariyyət adlandırırlar. Şəhərin idarə edilməsinin təşkilinin ən
müxtəlif formaları vardır, ancaq onların içərisində bir neçə əsasını ayırmaq
olar:
1. "Bələdiyyə rəisi -
şura" forması çox kiçik və çox böyük şəhərlər üçün tipikdir. Şəhərlərin
50%-i bu forma üzrə idarə olunur. Bütün şuraları əhali seçir, şəhərlərin
90%-ində əhali bələdiyyə rəislərini də seçir. Bələdiyyə rəisi və şura şəhər
idarəsinin şöbə və xidmətlərinin başçılarını təyin edir və onların işini əlaqələndirirlər. Səlahiyyətlərinin
həcmindən asılı olaraq bələdiyyə rəisləri "güclülər"ə və "zəiflər"ə bölünür.
"Zəif" bələdiyyə rəisi yalnız xırda məmurları təyin
edir və nüfuzlu vəzifələrə adam qoymaq imkanı yoxdur. "Zəif"
bələdiyyə rəisinin yanında şəhər inzibati idarəsinin yüksək nümayəndələrini
təyin edən "güclü" şura olur. "Zəif" bələdiyyə rəisinin şuranın qərarına
veto qoymaq hüququ yoxdur və o, 2 illiyə seçilir.
"Güclü" bələdiyyə rəisi şəhər
idarəsinin yüksək nümayəndələrini təyin edir. Şəhərin idarəetmə orqanlarının
fəaliyyətinə rəhbərlik onun əlində cəmlənib. "Güclü" bələdiyyə rəisinin
şuranın qərarına veto qoymaq, şəhər büdcəsini tərtib etmək və onu şuraya
təqdim etmək hüququ vardır. Büdcəni tərtib etməsi ona bələdiyyə idarəsi
siyasətinin başlıca istiqamətlərini təyin etmək və şuranı bu istiqamətləri
təsdiqləməyə məcbur etmək imkanı yaradır.
İndi bələdiyyə rəislərinin
hakimiyyətinin güclənməsi və "zəif" merlərin sayının azalması üstünlük
təşkil edir.
Adətən "güclü" bələdiyyə
rəisləri 4 illiyə seçilir. Böyük şəhərlərdə "güclü" bələdiyyə rəisi öz
vəzifəsini yerinə yetirməkdə ona kömək edən peşəkar inzibatçı idarəçi tuta
bilər. Ona şəhər idarəsinin bəzi şöbə və xidmətlərinin rəislərini təyin etmək və işdən çıxarmaq səlahiyyətləri verilir və onların
fəaliyyətinə nəzarət edir.
Müxtəlif ştatlarda bələdiyyə
rəislərini işdən uzaqlaşdırmağın çeşidli formaları mövcuddur. Bu, şuraların
qərarı, seçicilərin səsverməsi, məhkəmənin hökmü, qubernatorun əmri şəklində
ola bilər. Şuraların üzvləri adətən sayca çox olmur - şəhər əhalisindən
asılı olaraq 12 nəfərdən 22 nəfərədək.
2. "Şura - inzibatçı"
forması ABŞ şəhərlərini 40%-ində (başlıca olaraq orta ölçülü şəhərlərdə)
yayılıb. Şura peşəkar inzibatçı tutur və şəhər özünündarəsinin siyasətini
müəyyənləşdirir, inzibatçı isə onu həyata keçirir. Şura inzibatçını
istənilən anda tuta və işdən çıxara bilər. İnzibatçı da öz nəvbəsində bütün
şəbə və xidmətlərin başçılarını tutur və işdən azad edir, onların
fəaliyyətinə rəhbərlik edir.
Amerika siyasətşünaslarının
fikrincə, idarəetmənin bu formasının üstünlüyü ondadır ki, şəhər idarəsinin
inzibati aparatının başında peşəkar idarəçi dayanır. Halbuki bələdiyyə rəisi
vəzifəsinə seçilmiş xadim isə heç də həmişə şəhər idarəsi sahəsində
mütəxəssis olmur.
İnzibatçılar, bir qayda
olaraq, universitetlərin xüsusi fakültələrinda uyğun hazırlıq keçirlər.
Onlara korporasiya rəhbərlərinin maaşı ilə müqayisə olunaçaq yüksək maaş
verirlər. Onlar şöbə və xidmətlərə başçılıq etmək üçun peşəkarları seçirlər,
sonuncuların özü də öz aparatları üçün peşəkarları cəlb edirlər. Nəticədə
şəhər özünüidarə orqanları peşəkarlardan ibarət olur və xeyli səmərəli
işləyir.
3. İdarəetmənin komissiya
forması bir orqanda qanunverici və icraedici hakimiyyətləri birləşdirir.
Bələdiyyə komissiyasının hər bir üzvü eyni zamanda şəhər idarəsinin şöbə
rəhbəridir. Şəhər komissiyası 5 nəfərdən ibarətdir. Bu idarə formasının
dəyəri ondadır ki, şəhər idarəsinnn siyasətini müəyyənləşdirən adamların elə
özləri də onu həyata keçirirlər. Çatışmazlığı isə ondadır ki, komissiya
üzvlərində şəhər idarəssinin şöbə rəhbərliyi üçün zəruri olan peşəkarlığı
əksər hallarda çatışmır.
1986-cı ildə, məsələn, bütün
bələdiyyələrin gəlirləri bu cür bölünmüşdü: hökumətlərarası daxilolmalar -
23,4% (o sıradan ştatların hökumətlərindən - 15,5%), vergilər -32% (o
sıradan əmlak vergisi - 15.8%), müxtəlif daxilolmalar və ödənişlər - 21,5%,
sığorta fondlarının gəlirləri - 5,6%. Bütün bələdiyyələrin xərcləri belə
olmuşdu: polisə - 9%, təhsilə - 8,1%, kanalizasiya və tullantıların
yığılmasına - 8,1%, yolların çəkilişinə və saxlanılmasına - 6,1%, səhiyyəyə
- 4,6%, sosial təminata - 4,1%, parklara və istirahət yerlərinə - 3,6%,
yaşayış binalarının tikintisinə və şəhərin inkişafına - 3,7%.
MƏKTƏB DAİRƏLƏRİ VƏ XÜSUSİ
DAİRƏLƏR
Dairələr YİO-nın ən çoxsaylı
formasıdır. Məktəb dairələri (MD) məktəblərə rəhbərlik və onların
maliyyələşdirilməsi üçün yaradılır. Xüsusi dairalər (XD) isə ən müxtəlif
vəzifələri (yanğından mühafizə, su təchizatı, yaşayış binalarının tikilişi,
nəqliyyat və b.) yerinə yetirmək üçündür. Bu dairələr adətən başqa idarəetmə
orqanlarının təklif etmədiyi xidmətlərə şərait yaratmaq üçün təşkil edilir.
Dairələr (xüsusi məktəb
dairələri) tez-tez bu və ya başqa fəaliyyət sahəsini siyasət
çərçivəsindən qoparmaq məqsədilə yaradılır. Məsələn, ABŞ-da məktəb
sistemlərinin əksəriyyəti qraflıq və şəhərlərin idarəetmə orqanlarının
yurisdiksiyasından çıxaraq ictimai məktəblərin 90%-ə qədərini əhatə edən
məktəb dairələri yaratmağa nail olub, Əhali istəmir ki, müəllimləri
seçkilərdə qalib gələn partiyanı dəstəklədiyinə görə işdən çıxarsınlar.
Məktəb dairələri və xüsusi
dairələr ştatların qanunverici yığıncaqlarının qərarına əsasən yaradılır.
Onların maliyyə muxtariyyəti var, vergi müəyyənləşdirmək xidmətlərinə görə
mükafat almaq, istiqrazlar buraxmaq hüquqları var. MD və XD həmin ərazidəki
başqa idarəetmə orqanları ilə əlaqələri olmadan, müstəqil fəaliyyət
göstərirlər, Bütün YİO-nın xərclərinin 30%-i MD-nə, o sıradan 80%-i təhsilə
gedir. XD-ə isə YİO-nın bütün xərclərinin 11 %-i düşür.
Beləliklə, ABŞ-da yerli
özünüidarə orqanlarının aşağıdakı üç başlıca səciyyəvi cəhətinə görə xeyli
səmərəli işləyən mürəkkəb sistemi mövcuddur:
1. Qanunvericilik qaydasında
bütün yerli özünüidarə orqanlarının səlahiyyətləri dəqiq müəyyənləşdirilib.
2. Öz səlahiyyətləri
çərçivəsində yerli idarəetmə orqanları bütünlüklə müstəqildir.
3. Yerli özünüidarə orqanları
onların inzibati-təsərrüfat müstəqilliyini təmin edən möhkəm maliyyə
bazasında fəaliyyət göstərir.
Yerli özünüidarənin Amerika
təcrübəsi bizim ölkəmizdə də yeni idarəetmə mexanizmlərinin yaradılması və
yerli orqanların gerçək hakimiyyətə yiyələnməsi zamanı nəzərə alına bilər. |