|
BƏLƏDİYYƏ SEÇKİLƏRİ:
EYNİ ADLI İKİ LAYİHƏ BARƏDƏ
ABİL BAYRAMOV
Mənbə:
"Məşvərət", N13,
1998
Bələdiyyə orqanlarının demokratik seçki qanunu əsasında formalaşdırılması
yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək
hüququnun gerçəkləşdirilməsi üçün müvafiq inzibati ərazi vahidində yaşayan
əhaliyə geniş imkanlar yaradır. Hazırda bələdiyyə orqanlarına seçkilərin
qayda və prinsiplərini nizama salan iki qanun layihəsi parlamentə təqdim
edilib.
Hər iki layihə “Bələdiyyə
orqanlarına seçkilər haqqında” Azərbaycan Respublikası Qanunu adlanır.
Layihələrdən biri Milli Məclisin müvafiq komissiyasının təqdim etdiyi və
Mərkəzi Seçki Komissiyası ilə razılaşdırılmış variantı özündə əks etdirir.
Digər layihə isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının deputat fraksiyası
tərəfindən təqdim edilib.
Layihələrin bir çox müddəaları üst-üstə düşsə
də, prinsipial fərqlər də mövcuddur. Hər iki layihəyə görə, bələdiyyə
orqanlarının səlahiyyət müddəti 5 ildir. Seçkilərin ümumi prinsipləri hər
iki layihədə demək olar ki, eynidir. Layihələrdə seçkilərin proporsional və
majoritar sistem üzrə ümumi, bərabər, birbaşa seçki hüququ əsasında sərbəst,
şəxsi və gizli səsvermə yolu ilə keçirilməsi nəzərdə tutulur. Bu və bu kimi
oxşar müddəaları qeyd etməklə yanaşı, layihələrdəki bir sıra fərqlərə nəzər
salaq.
Layihələrdə seçicilər üçün müəyyən olunmuş yaş
senzi fərqlidir. Deputat fraksiyasının təqdim etdiyi layihədə həm aktiv, həm
də passiv seçki hüququ 18 yaşı tamam olan və yaşı 18-dən çox olan
vətəndaşlara aid edilir.
MSK ilə razılaşdırılmış variantda isə aktiv
seçki hüququ 18 yaşı tamam olan və yaşı 18-dən yuxarı olan, passiv seçki
hüququ isə 20 yaşı tamam olan və yaşı 20-dən çox olan vətəndaşlar üçün
tanınır. Fikrimizcə, MSK ilə razılaşdırılmış layihədə nəzərdə tutulan yaş
senzi daha məqbuldur. Çünki bələdiyyə orqanları idarəetmənin kifayət qədər
əhəmiyyətli hissəsidir və bu orqanlarda fəaliyyət müəyyən təcrübə və
məsuliyyət tələb edir.
Layihələrdə bələdiyyə orqanlarının say tərkibi
də fərqli müəyyənləşdirilir. Məsələn, MSK ilə razılaşdırılmış variantda
500000-dən çox seçicini əhatə edən bələdiyyədə 51 şura üzvü, deputat
fraksiyasının layihəsində isə 91 Məclis üzvü (deputat fraksiyasının
layihəsində bələdiyyə orqanı Bələdiyyə Məclisi, MSK ilə razılaşdırılmış
variantda isə Bələdiyyə Şurası adlanır) seçilməsi nəzərdə tutulur.
Seçicilərin sayından asılı olaraq bu nisbət hər iki layihədə fərqli dəyişir.
Göründüyü kimi deputat fraksiyasının layihəsində daha geniş, digər layihədə
isə nisbətən məhdud təmsilçilik norması öz əksini tapıb. Gələcəkdə qanunun
qəbulu zamanı orta həddin müəyyənləşdirilməsi imkanları da nəzərdən keçirilə
bilər.
MSK ilə razılaşdırılmış variantda bələdiyyə
orqanlarına seçkilərin Azərbaycan Respublikasının Prezidenti tərəfindən,
deputat fraksiyasının layihəsində isə Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən təyin edilməsi nəzərdə tutulur. Bu səlahiyyətin Milli
Məclisə verilməsinin əqsədəuyğunluğu yəqin ki, şübhə doğurmur.
MSK ilə razılaşdırılmış layihənin 5-ci
maddəsində göstərilir ki, Bələdiyyə Şurası üzvlərinin 70 faizi birmandatlı,
30 faizi isə çoxmandatlı seçki dairələri üzrə siyasi partiyaların
(blokların) göstərdikləri Bələdiyyə Şurası üzvlüyünə namizədlərin
siyahılarına seçicilərin verdikləri səslərin nisbəti əsasında seçilir.
Deputat fraksiyasının təqdim etdiyi layihəyə görə isə bələdiyyə orqanları
üzvlərinin nəzərdə tutulmuş birmandatlı seçki dairələrinin sayına bərabər
hissəsi majoritar seçki sistemi əsasında, qalan üzvləri isə proporsional
seçki sistemi əsasında seçilir. Məsələn, 91 üzv müəyyənləşdirilmiş bələdiyyə
orqanı üzrə 46 seçki dairəsinin təşkili nəzərdə tutulduğundan, müvafiq
olaraq 46 üzv majoritar, 45 üzv isə proporsional seçki sistemi əsasında
seçilməlidir. Fikrimizcə, siyasi partiyaların ictimai həyatda mühüm rol
oynamağa başladığı hazırkı dövrdə deputat fraksiyasının təqdim etdiyi
layihənin bu müddəası daha məqbul hesab edilməlidir.
Bələdiyyə orqanlarına seçkiləri təşkil edən və
keçirən orqanların sistemi hər iki layihədə eynidir. Lakin onların
yaradılması müddəti və qaydası fərqlənir.
Məsələn, deputat fraksiyasının layihəsinə görə
seçki məntəqəsi azı 30, çoxu 1500 seçicinin yaşadığı ərazini əhatə edir.
İkinci layihədə isə seçki məntəqəsinin azı 20, çoxu 1500 seçicinin yaşadığı
ərazini əhatə etməsi nəzərdə tutulur.
Seçkilərin keçirilməsini təmin edən digər
orqanların da təşkili qaydası layihələrdə fərqli nəzərdə tutulub. Bələdiyyə
orqanlarına üzvlüyə namizədlərin göstərilməsi qaydalarında da əhəmiyyətli
fərqlər mövcuddur. MSK ilə razılaşdırılmış layihədə öz əksini tapan qaydaya
görə öz namizədliyini irəli sürən vətəndaşa və hər iki sistem üzrə namizəd
göstərən siyasi partiyaya (bloka) müvafiq seçki dairəsinin əhatə etdiyi
ərazidəki seçicilərin azı 3 faizi tərəfdar çıxmalıdır. Deputat fraksiyasının
layihəsində isə 2 faiz seçicinin razılıq imzası tələb olunur. Yerlərdə
siyasi fəallığın aşağı olduğunu nəzərə alsaq, onda 2 faiz seçicidən razılıq
imzasının alınması daha real görünür.
Layihələrdə öz əksini tapmış seçki girovunun
ödənilməsi ilə bağlı müddəalar fərqlənir. MSK ilə razılaşdırılmış layihədə
seçki girovunun məbləği 25 min manat təşkil edir. Bu layihəyə görə seçki
girovu qaytarılmır və dövlət büdcəsinə keçirilir. Digər layihəyə görə isə
birmandatlı seçki dairəsi üzrə bu məbləğ minimum əmək haqqının beş misli,
çoxmandatlı seçki dairələri üzrə minimum əmək haqqının on misli qədərdir.
Seçkilərdə iştirak edən vətəndaş bələdiyyə orqanına üzv seçildikdə və siyasi
partiya (blok) müvafiq ərazi üzrə bələdiyyə orqanına mandat qazandıqda seçki
girovu geri qaytarılır. Qanunda seçki girovunun konkret məbləğinin öz əksini
tapması infliyasiyanın yüksək həddə çatdığı dövrdə qanuna dəyişiklik
zərurətini doğura bilər. Bu baxımdan deputat fraksiyasının layihəsindəki
müddəa daha əlverişlidir.
MSK ilə razılaşdırılmış layihədə yalnız seçki
dairəsində namizədliyi səsə qoyulmuş vətəndaşın seçki hüququna malik 5
nəfərədək vətəndaşı vəkil kimi qeydə alınmaq üçün dairə seçki komissiyasına
təqdim etmə hüququ öz əksini tapıb. Siyahısı səsə qoyulan siyasi
partiya(blok) üçün isəbu hədd konkretləşdirilməyib. Deputat fraksiyasının
təqdim etdiyi layihədə isə siyahısı səsə qoyulan siyasi partiyanın(blokun)
45 nəfərədək seçki hüququna malik vətəndaşı vəkil kimi qeydə alınmaq üçün
təqdim etmək hüququ təsbit edilib.
Seçkilərdə iştirak edən vətəndaş və siyasi
partiya (blok) MSK ilə razılaşdırılmış layihəyə görə seçkilərə ən geci 3 gün
qalanadək, deputat fraksiyasının layihəsinə görə isə ən geci 7 gün qalanadək
seçki bildiriş sənədlərini geri götürə bilər. MSK ilə razılaşdırılmış
layihədəki bu müddəa həmin layihənin digər müddəaları ilə ziddiyyət təşkil
edir.
Qanun layihəsinin 50-ci maddəsində deyilir ki,
seçkilərə 5 gün qalmış ərazi seçki komissiyası seçki bülletenlərini dairə
seçki komissiyalarına çatdırmalıdırlar. Həmin maddənin 2-ci hissəsində isə
qeyd olunur ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və
Azərbaycan Respublikasının Dövlət bayrağı ilə üzən gəmilərdə seçkilərə ən
geci 10 gün qalmış seçicilərə səs vermək imkanı yaradılmalıdır. Belə olan
halda seçkilərə ən geci 3 gün qalanadək seçki bildiriş sənədlərini geri
götürməyin əhəmiyyəti sıfra bərabərdir.
MSK ilə razılaşdırılmış layihədə seçkilərin
gedişində müşahidəçilərin iştirakı məsələsi mücərrəd müəyyən olunmuşdur.
Belə ki, uyğun maddədə müşahidəçilərin sayı ilə bağlı heç bir göstəriş öz
əksini tapmamışdır. Bu isə gələcəkdə mübahisələrin yaranması üçün əsas ola
bilər. Deputat əraksiyasının layihəsində birbaşa göstərilir ki, seçkilərdə
iştirak edən hər bir namizəd və hər bir siyasi partiya (blok) namizədliyinin
və ya namizədlər siyahısının səsə qoyulduğu seçki dairəsinin seçki
məntəqələrinin sayına bərabər sayda müşahidəçi təyin edə bilər.
MSK ilə razılaşdırılmış layihədən fərqli olaraq
deputat fraksiyasının layihəsində kütləvi informasiya vasitələrindən
istifadənin şərtləri və qaydası öz əksini tapmışdır. Belə müddəaların
Qanunda öz əksini tapması gələcəkdə bərabər rəqabət imkanlarının yaradılması
baxımından təqdirəlayiqdir.
Layihələr arasındakı digər fərqləri sadalamadan
qeyd etmək olar ki, hər iki layihənin müsbət və çatışmayan cəhətləri var.
Qanunun müzakirəsi zamanı daha təkmil variantın ortaya çıxacağına ümid etmək
olar. Əlbəttə, qanunverici qanunları qəbul edən zaman siyasi mülahizələri
deyil, qanun layihəsinin ictimai inkişafın obyektiv qanunauyğunluqlarını
əksetdirmə dərəcəsini əsas götürsə, buna daha asanlıqla nail olmaq
mümkündür. |