|
YERLİ İDARƏETMƏ VƏ ÖZÜNÜİDARƏ HAQQINDA
HACI HACILI
Mənbə:
"Məşvərət", N13,
1998
İdarəetmə
dövlətin mövcudluq elementlərindən biridir. Dövlət quruluşuna, cəmiyyətin
qapalılıq, yaxud açıqlıq səviyyəsinə görə idarəetmənin forması, strukturu və
xarakteri müxtəlif cür olur.
Müasir sosiologiya elmində idarəetmədən danışılarkən daha çox sosial
idarəetmə anlayışı başa düşülür. Bu yanaşma dövlətin mühüm idarəetmə
institutlarının mövcudluğu faktı ilə bağlıdır. Dövlət institutları hələ
insan cəmiyyətinin yenicə formalaşdığı dövrlərdən yaranmağa başlamış və uzun
bir təkamül yolu keçmişdir.
Əgər məsələyə sosial-psixoloji aspektdən
yanaşılarsa idarəetməni ictimai münasibətlər sisteminin reqlamentləşdirici
aparatı kimi də qəbul etmək olar. İdarəetmə aparatı həm cəmiyyətdaxili
münasibətlərin tənzimlənməsi, həm də ictimaiyyətin rəyi əsasında qəbul
edilmiş qərarların həyata keçirilməsi üçün mühüm vasitələrdən biridir.
İdarəetmə orqanlarının formalaşdırılmasının özünün prinsipləri vardır. Hər
bir idarəetmə strukturu özünün funksiyaları, səlahiyyətləri və vəzifələrinə
malikdir.
Müasir idarəetmə aparatını formal olaraq üç
pilləyə ayırmaq olar:
-
dövlət idarəetmə orqanları;
-
regional idarəetmə orqanları;
-
yerli özünüidarəetmə orqanları.
Demokratik dəyərlər deklorasiya deyil, həyat
norması kimi qəbul edilən ölkələrdə idarəetmənin şaquli və üfüqi şaxələri
arasında münasibətlər daha çox hakimiyyət qollarının maksimal sərbəstliyi və
bir-birlərini tamamlama prinsipləri üzərində qurulur. Hakimiyyətin
strukturları vətəndaşların azad və sərbəst seçimi əsasında qərar tutur.
Seçki yolu ilə formalaşdırılmış idarəetmə orqanlarının əsas üstünlüyü
ondadır ki, onların seçki yolu ilə dəyişdirilməsi imkanları genişdir,
qərarların qəbulu zamanı kollegiallıq əsas götürülür, qərarların qəbulu və
icrasına xalqın bilavasitə nəzarət etməsi üçün şərait vardır.
Bəs yerli idarəetmə və özünüidarəetmə dedikdə
nə başa düşülür? Onların hansı səlahiyyətləri və vəzifələri vardır?
Yerli idarəetmə və özünüidarəetmə dedikdə
insanların azad səsvermə yolu ilə təşkil etdikləri xüsusi idarəetmə
strukturları nəzərdə tutulur. Onların təşkili tam azad olsa da, bir sıra
məsələlərdə səlahiyyətləri özündən yuxarıda duran orqanlarla bölüşdürülür.
Yerli idarəetmə və özünüidarəetmənin
xüsusiyyətləri bir sıra beynəlxalq sənədlərdə əks olunmuşdur. Avropa Şurası
tərəfindən 15 oktyabr 1985-ci il tarixdə qəbul olunmuş “Avropa Yerli
Özünüidarəetmə Xartiyası”nın 3-cü maddəsinin 1-ci bəndində yerli
özünüidarəetmə haqqında deyilir:
“Yerli özünüidarəetmə dedikdə, yerli
birliklərdə qanun çərçivəsində öz məsuliyyətlərilə əhalinin rifahı naminə
ictimai işlərin xeyli hissəsinə nəzarət etmək və onları idarə etmək
hüquqları və qabiliyyətləri başa düşülür”.
Həmin maddənin 2-ci bəndində qeyd edilir ki,
göstərilən hüquq azad, gizli, bərabər, birbaşa və ümumi seçkilər nəticəsində
seçilmiş üzvlərdən ibarət və sərəncamında qarşısında məsuliyyət daşıyan icra
orqanları ola bilən Şura, yaxud Məclis tərəfindən həyata keçirilir.
Beləliklə, yerli idarəetmə və özünüidarəetmə
orqanlarının seçki yolu ilə formalaşdırılması Avropa Şurasına daxil olan
ölkələrdə əsas prinsiplərdən biridir. Avropa Şurasının qəbul etdiyi bu
prinsiplər dünyanın digər demokratik ölkələrində də mühüm əhəmiyyət kəsb
edir.
Yerli idarəetmə və özünüidarəetmə orqanları
forma və məzmununa görə daha çox icma əsaslarına söykənir. Onun yaradılması
və inkişafı qədim tarixi köklərə malikdir.
Hələ qədim zamanlardan insanlar öz
təhlükəsizliklərini, iqtisadi və sosial azadlıqlarını təmin etmək üçün ailə
çərçivəsindən kənara çıxan bir üstquruma ehtiyac duymuşlar. Onlar
yaşadıqları məhdud ərazi vahidləri daxilində icma rəhbərləri seçmiş, öz
hüquqlarının bir hissəsini (daha çox şəxsi təhlükəsizlik məsələlərində) icma
rəhbərliyinə həvalə etmişlər.
Sonrakı mərhələlərdə məsələyə icma baxışından
yanaşılması xeyli inkişaf etmişdi. Qədim yunan və Roma demokratiyası
dövründə idarəetmə orqanlarının seçki əsasında formalaşması bir qayda
şəklini almışdı.
Orta əsrlərdə bu prinsip aradan götürülsə də,
ABŞ dövlətinin təşəkkül tapması ərəfəsində yenidən əhəmiyyətli rol oynamağa
başladı.
Amerika demokratiyasını öyrənən Fransalı
senator Aleksis de Tokvil hələ ötən əsrin ortalarında yazırdı ki, Amerika
dövlətində idarəetmənin əsasını icma ruhu təşkil edir. Ona görə ki, icmada
yaşayan hər bir şəxs ora kifayət qədər möhkəm bağlanır. Amerikada dünyanın
digər ölkələrindən fərqli olaraq hakimiyyətin formalaşması aşağıdan
başlayaraq həyata keçirilir.
Açıq olmayan, avtoritar - totalitar rejimli
ölkələrdə hətta idarəetməyə dair müəyyən təlimlər sistemi və formal hüquqi
əsaslar mövcud olsa belə idarəetmənin pillələri əsasən təyinatla
formalaşdırılır. Belə ölkələrdə idarəetməyə dair çoxlu sayda xüsusi tədris –
təlim mərkəzləri yaradıla , seçkilərin keçirilməsinə dair ilk baxışdan
cəlbedici qanunlar qəbul edilə bilər. Lakin, orada idarəetmə orqanlarının
seçki yolu ilə formalaşdırılması yaxşı halda imitasiya edilir. Keçmiş
SSRİ-də ali seçkili orqanlara, rayon, qəsəbə, kənd sovetlərinə seçkilər buna
ən yaxşı misaldır.
Dünyada yerli idarəetmə və özünüidarəetmənin
demokratik yolla formalaşdırılmasının bir çox misalları vardır. İlkin olaraq
Amerika Birləşmiş Ştatlarının təcrübəsinə istinad edək. Yuxarıda
göstərdiyimiz kimi yarandığı tarixdən ABŞ-da yerli idarəetmə orqanları icma
prinsipləri ilə formalaşdırılır. Həmin orqanlar vətəndaşların azad, bərabər
və birbaşa iştirakı ilə keçirilən seçkilər nəticəsində hüquqi güc və müvafiq
səlahiyyətlər əldə edirlər.
Amerikada yerli idarəetmə orqanları qraflıq və
şəhərlər səviyyəsində təşkil olunur. Burada yerli hakimiyyət əsasən
bütövlükdə əhali tərəfindən seçilən idarəetmə orqanının əlində cəmləşib. Bu
orqan mərkəzi orqana aid səlahiyyətlərdən başqa bütün digər səlahiyyətlərə
malikdir. Məsələn, o, xüsusi qərarla yerli icra orqanları yaradır və oraya
adamlar təyin edir. ABŞ yerli idarəetməsinin maraqlı xüsusiyyətlərindən biri
odur ki, bir sıra ölkələrdən fərqli olaraq mühüm hüquq mühafizə vəzifələri,
məsələn, polis rəhbərləri olan şeriflər, qraflıq məhkəmələri
sədrləri-attoneylər bilavasitə əhali tərəfindən seçilir. Amerikanın əksər
ştatlarında Şura icra işlərinin həyata keçirilməsi üçün mütəxəssisləri
müqavilə ilə işə qəbul edir. Şəhərlərdə ümumi icra işlərini həyata keçirmək
üçün şura ilə yanaşı Mer də seçilir. Mer bir çox ştatlarda şura tərəfindən,
bəzilərində isə yerli əhalinin səsverməsi yolu ilə seçilir.
ABŞ-da bir çox problemlərlə (ekologiya,
sanitariya, təhsil və s.) xüsusi dairələr məşğul olur. Bəzi şəhərlərdə bu
dairələr “metro” adlandırılır. Metrolar şəhər meriyası tərəfindən təşkil
edilir və olduqca geniş səlahiyyətlərə malikdirlər.
Bizim üçün maraqlı nümunələrdən biri də
Fransanın yerli idarəetmə və özünüidarəetmə təcrübəsi ola bilər. Bu ölkədə
yerli idarəetmə əsasən şəhərlər, qəsəbələr səviyyəsində həyata keçirilir
(qeyd edək ki, Qərbi Avropa ölkələrində bizdə olduğu kimi kənd anlayışı
yoxdur). Şəhər və qəsəbələrdə əhali icma şuralarını seçir, şura isə öz
növbəsində icra orqanlarını seçir, yaxud təyin edir. Şəhər və qəsəbələrdə
icma şurası meri seçir. Bir sıra hallarda mer birbaşa seçki yolu ilə əhali
tərəfindən seçilir. Fransada yerli seçkili orqanların sayı bir qayda olaraq
8-12 nəfərdən ibarət olur.
Həm ABŞ-da, həm də Fransada yerli
özünüidarəetmə orqanlarının səlahiyyət müddəti iki ildir. Demokratik
ölkələrin bir çoxunda bələdiyyə və digər yerli idarəetmə orqanlarının
səlahiyyət müddəti 2-6 ilə bərabərdir.
Bəs Azərbaycanda vəziyyət nə yerdədir?
Azərbaycan öz müstəqilliyini bərpa etmiş ölkə olsa da burada hələ də yerli
idarəetmə və özünüidarəetmə orqanları formalaşdırılmayıb. Mövcud idarəetmə
sistemi keçmiş SSRİ-də olduğu kimi qalır. Bu gün qərar və sərəncamlara
yuxarıdan aşağıya müzakirəsiz və sözsüz əməl edilməsi idarəetmənin başlıca
meyarı sayılır. Son bir neçə ildə idarəetmə sahəsindəki islahatlar hələ
yerli idarəetmə və özünüidarəetmə səviyyəsinə gəlib çatmayıb.
Sovet hakimyyəti illərində Azərbaycanın
idarəetmə sistemi aşağıdakı sxem üzrə fəaliyyət köstərib: mərkəz muxtar
respublika muxtar vilayət rayon qəsəbə kənd. Belə bir sxem ilk
növbədə mövcud inzibati-ərazi bölgüsü ilə əlaqədar olmuşdur. Burada
təbii-coğrafi və tarixi amillər də mühüm rol oynayıb.
İdarəetmə səviyyələrinin mövcud vəziyyəti də
müəyyən istisna ilə göstərilən sxemə uyğundur:
Ümumrespublika Naxçıvan Muxtar Respublikası
respublika tabeli şəhərlər şəhərlər qəsəbələr kəndlər.
Birinci iki pillə istisna olunmaqla digər
səviyyələr yerli idarəetmə və özünüidarəetmə funksiyalarının daşıyıcıları
hesab edilirlər. Üçüncü pillənin konstitusion statusu bu gün də
mübahisəlidir. Belə ki, bu şəhərlərin çoxunda bir neçə rayon vahidi
mövcuddur. Məsələn, qəbul etdiyi əsasnaməyə görə Bakı Şəhər İcra
Hakimiyyətinin səlahiyyətlərinə vətəndaşlıq aktlarının qəbulu, kommunikasiya
şəbəkələrinə xidmət, şəhərin təmizliyinə nəzarət, şəhər təhsil müəssisələri
və əhaliyə xidmətin təşkili daxildir. Sual doğuran budur ki, Bakı şəhərində
yerləşin rayonlar da oxşar səlahiyyətlərə malikdirmi və əgər belədirsə hansı
dərəcədə? Faktiki olaraq adları çəkilən orqanlar üstqurum olduğundan sualın
cavabı hələlik açıq qalır. Oxşar vəziyyət respublika tabeçiliyində olmayan
(bu anlayışın özü də mübahisəlidir) şəhərlərdə də mövcuddur.
Digər iki pillənin strukturu aşağıdakı kimidir:
Rayon icra hakimiyyəti -> şəhər icra
nümayəndəliyi -> kənd icra nümayəndəliyi -> qəsəbə icra nümayəndəliyi.
Sadalanan pillələrin fəaliyyəti hələ 1991-ci
ildə Azərbaycan Respublikası Prezident Aparatı tərəfindən hazırlanmış və
Prezidentin fərmanı ilə təsdiq edilmiş “Ərazi hakimiyyət və idarəetmə
orqanları haqqında” Əsasnamə ilə tənzimlənir. Bu Əsasnaməyə görə yerli
idarəetmə orqanları özündən yuxarıdakı orqanın təyinatı əsasında
formalaşdırılır.
Azərbaycanda yerli idarəetmə və özünüidarəetmə
orqanlarının formalaşdırılması 12 noyabr 1995-ci il tarixdə ümumxalq
referendumu tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasının
Konstitusiyası”nda öz əksini tapıb. Konstitusiya yerli idarəetmənin təşkili,
səlahiyyətləri, müstəqilliklərinin təminatına dair xüsusi bölməyə malikdir.
Bu, dördüncü bölmədir. Həmin bölmənin 142-ci maddəsində göstərilir ki,
Azərbaycanda yerli idarəetməni seçkilər yolu ilə yaradılmış bələdiyyələr
həyata keçirir.
Konstitusiyanın 143-cü maddəsinə görə,
bələdiyyələr fəaliyyətlərini bələdiyyənin sədri tərəfindən çağırılmış
iclaslar və komissiyalar vasitəsilə həyata keçirir. Bələdiyyələr öz
fəaliyyətlərində tam müstəqildir və öz iclaslarında baxılan məsələlərə dair
sadə səs çoxluğu ilə qərarlar qəbul edə bilər (maddə 145, 146).
Konstitusiyaya görə (maddə 144) bələdiyyələr
yerli vergilərin və ödənişlərin müəyyən edilməsi, yerli büdcənin
formalaşdırılması, icrası və hesabatı, bələdiyyə mülkiyyətinə sahiblik, onun
üzərində sərəncam, sosial müdafiə, sosial inkişaf proqramlarının qəbulu və
icrası, yerli inkişaf və yerli ekoloji proqramların qəbulu və icrası
səlahiyyətlərinə malikdir. Bu məsələlər bir qayda olaraq prosedura uyğun
şəkildə bələdiyyələrin iclasında qəbul edilir.
Konstitusiyanın 144-cü maddəsinin 2-ci bəndinə
uyğun olaraq bələdiyyələrə əlavə səlahiyyətlər də verilə bilər və bu
səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri maliyə
vəsaiti də ayrılmalıdır.
Bələdiyyələrə seçkilərin qaydaları və
bələdiyyələrin statusu qanunla müəyyən edilir (142-ci maddə, 3-cü bənd).
Konstitusiyanın tələblərinə uyğun olaraq bu gün Azərbaycan Respublikasının
Milli Məclisində “Yerli özünüidarə məsələləri üzrə daimi komissiya”
yaradılıb. Komissiyanın tərkibi 10 nəfərdən ibarətdir. Komissiyanın
fəaliyyətində tanınmış hüquq mütəxəssisləri yaxından iştirak edirlər. Lakin,
komissiyanın fəaliyyəti hələlik öz nəticəsini verməyib. Belə ki,
Konstitusiyanın qəbulundan üç il keçməsinə baxmayaraq, bu günə qədər Milli
Məclis tərəfindən yerli idarəetmə və özünüidarəetmə orqanlarına seçkilərin
həyata keçirilməsi üçün müvafiq qanun qəbul edilməyib. Halbuki, “Bələdiyyə
seçkiləri haqqında” Qanunun iki layihəsi iki ildir ki, Milli Məclisə təqdim
olunub.
Bu gün ölkədə yerli özünüidarəetmə orqanlarının
formalaşması üçün hüquqi bazanın yaradılması ən mühüm şərtlərdəndir. Əgər
hər bir vətəndaş idarəetmənin formalaşmasına bilavasitə cəlb olunarsa, bu,
ölkədə demokratiyanın inkişafı yolunda çox mühüm addım olardı. |